Keçid linkləri

logo-print
2016, 04 Dekabr, bazar, Bakı vaxtı 18:36

Britaniyanın müsəlman naziri Qəzzaya görə istefa verdi


Sayeeda Hussain Warsi

Sayeeda Hussain Warsi

-

Britaniya Xarici İşlər Nazirliyinin tabeçiliyində olan din və icmalar naziri baronessa Warsi hökumətin Qəzza böhranında tutduğu passiv mövqeyə etiraz olaraq istefa verib.

Mənşəcə pakistanlı olan Sayeeda Hussain Warsi baş nazirə ünvanlandığı istefa məktubunda Qəzzada bir aydır ki, davam edən böhranla əlaqədar rəsmi Londonun mövqeyini «mənəviyyatca qüsurlu» adlandırıb.

Baş nazir Cameron-un Yaxın Şərq siyasətini istehzalı şəkildə «tərifləyən» ledi Warsi deyib ki, Britaniyanın beynəlxalq mövqelərinə ciddi zərbə dəyib.

Təhlilçilər bildirirlər ki, baronessanın istefası hökumət üzərinə hakim mühafizəkarların təzyiqlərini artıracaq və onlar David Cameron-u İsrailin Qəzzadakı hərəkətlərini daha kəskin tənqid etməyə çağıracaqlar.

2010-cu ilin parlament seçkilərində əhəmiyyətli rol oynamış ledi Warsi ilk müsəlman nazir kimi mühafizəkarların iftixar rəmzi və təbliğat silahı idi.

BRİTANİYA AVROPA ŞURASINDAN ÇIXARILA BİLƏR

Baronessa istefa məktubunda həmçinin Cameron-un hökumət kabinetində son nazir yerdəyişmələrini - xarici işlər naziri William Hague-in, habelə Beynəlxalq İnsan Haqları Konvensiyasının Britaniyadakı yurisdiksiyasının məhdudlaşdırılması planlarına qarşı çıxış edən iki başqa nazirin vəzifələrindən uzaqlaşdırılmasını kəskin tənqid edib.

Şərhçilər bildirirlər ki, hökumət beynəlxalq konvensiyanı məhdudlaşdırmaq planlarını həyata keçirərsə, ölkə Avropa Şurasındakı üzvlüyünü itirə bilər.

«UŞAQLARIN QƏTLİNƏ HAQQ QAZANDIRMAQ OLMAZ»

Keçmiş nazir son günlər sosial mediada İsrailin Qəzzadakı fəaliyyətini kəskin tənqid edən postlar yazırdı.

11 gün əvvəl xanım Warsi «twitter» hesabında yazırdı: «Uşaqların öldürülməsinə haqq qazandırılması dərhal dayandırılmalıdır. Siyasətimiz nə olursa-olsun, buna haqq qazandırmaq olmaz».

Bu istefadan az əvvəl David Cameron Fələstin uşaqlarının sığındığı məktəb binasının İsrail tərəfindən atəşə tutulmasını və orada 10 uşağın həlak olmasını pisləyən BMT-ni dəstəkləməkdən çəkinmişdi.

BMT-nin baş katibi Ban-Ki-moon İsrail hərbiyəsinin bu hücumunu «mənəvi qanunsuzluq və cinayət aktı» adlandırmışdı. Bu barədə fikri soruşularkən Britaniya baş naziri yalnız «dəhşətli itkilər» ifadəsi ilə kifayətlənmişdi.

İSRAİLƏ SİLAH SATIŞI TƏNQİD OLUNUR

Britaniyada həmçinin hökumətin İsrailə silah satan şirkətlərə 2010-cu ildən bəri 42 milyon funt sterlinq dəyərində lisenziyalar verməsi ciddi narazılığa səbəb olub.

İsrailə verilən hərbi avadanlığa – atıcı silahlar, pilotsuz təyyarələr və zirehli maşınlar daxildir.

Britaniya mətbuatı yazır ki, bu tipli silah və avadanlıqdan İsrailin Qəzzadakı son hücumlarında geniş istifadə olunub.

Buna baxmayaraq, Britaniyanın beynəlxalq inkişaf naziri Justine Greening «Sky News» telekanalına müsahibəsində deyib ki, «İsrail özünü müdafiə etmək haqqına malikdir».

Müxalifətin «kölgə hökuməti»ndə xarici işlər naziri vəzifəsini tutan Douglas Alexander baronessanın istefasını alqışladığını bildirib və deyib ki, Britaniyada «sağlam düşüncəyə malik olanların hamısı bu istefanın səbəblərini başa düşür».

LÜZUMSUZ İSTEFA?

Hökumətdə ikinci şəxs sayılan maliyyə naziri George Osborne bu istefadan məyus olduğunu və istefanın özünün lüzumsuz olduğunu bildirib.

Britaniya hökuməti ledi Warsi-nin istefasından məyus olduğunu bildirsə də, əmindir ki, «Qəzzadakı vəziyyət dözülməzdir və tərəflər atəşkəs barədə dərhal və qeyd-şərtsiz razılığa gəlməlidir».

İsrailin Qəzzada «Həmas»a qarşı apardığı «Qoruyucu Cinah Əməliyyatı» (Operation Protective Edge) nəticəsində ölən fələstinlilərin sayı 1800-ə çatıb və onların əksəriyyəti mülki şəxslərdir. İsrail tərəfindən həyatını itirmiş 66 nəfərin əksəriyyəti hərbçilərdir.

MÜSƏLMANLARIN MİLADI

Din və icmalar naziri Baronessa Warsi ölkədə həm xristian, həm də müsəlman icmaları arasında nüfuza malik idi.

O, ötən ilin sonlarında Britaniya müsəlmanlarını Xristianlığın təkcə ən böyük bayramı yox, həm də simvolu olan Milad bayramını xristianlar kimi qeyd etməyə çağırmaqla geniş debatlara səbəb olmuşdu.

Günün bütün mövzuları

XS
SM
MD
LG