Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 18:57

Ermənistan müdafiə nazirinin keçmiş müavini: «İndi kimin nə etdiyi barədə danışmaq istəməzdim, ancaq...»


Serzh Sarkisian Qarabağda - 2013
Serzh Sarkisian Qarabağda - 2013

-

Ermənistan müdafiə nazirinin keçmiş müavini Andranik Kocharian Soçidə Sarkisian-Əliyev görüşünün təşkilini Rusiyanın Cənubi Qafqazda öz mövqelərini möhkəmləndirmək cəhdi sayır. O, AzadlıqRadiosunun erməni xidmətinə – «Radio Azatutyun»a müsahibəsində bu fikri dilə gətirib və daha sonra deyib:

«Faktları tutuşdursaq, belə bir nəticəyə gələ bilərik ki, cəbhə xəttindəki gərginliyin bu görüşün təşkiliylə birbaşa əlaqəsi var. Mən indi kimin nə etdiyi barədə danışmaq istəməzdim, ancaq görüşün təşkilində sərhəddəki gərginlikdən istifadə edilib».

Müdafiə nazirinin keçmiş müavini qarşıdakı Soçi görüşündən danışarkən, belə bir sual verir: «Niyə iki prezidentin görüşüylə bağlı başqa təşəbbüslər sərhəddə durum gərginləşənədək gerçəkləşməyib? Axı neçə vaxtdır onların Parisdə görüşəcəyindən söhbət gedirdi və bu təşəbbüs Fransa prezidentindən gəlirdi». Andranik Kocharian bu sualın cavabını da verir:

«Çünki uzun illər boyunca biz sülhün açarını tapmaq istəyirdik. İndi bu açarı tapmaq imkanı sanki Rusiyaya keçir. Bəs Rusiya bu imkandan necə yararlanacaq? Düşünürəm ki, Rusiya Ermənistanla Azərbaycanın deyil, ilk növbədə öz geosiyasi maraqlarından çıxış edəcək».

«Radio Azatutyun»un «Bu görüşü təşkil edən rəsmi Moskva hansı məsələnin həllini tapır» sualına cavabında Andranik Kocharian deyib ki, Rusiya Qafqazdakı təsirini gücləndirməyə can atır və Sarkisian-Əliyev görüşünün gedişində sərhəd boyunca sülhməramlı qüvvələrin yerləşdirilməsi məsələsi gündəmə gələ bilər:

«Rusiya ardıcıl şəkildə bu yolla gedəcək. Amma məsələnin canı odur ki, Ermənistan və Azərbaycan, nəhayət, gözəl günlərin birində özünə gələr və bəlkə də inanarlar ki, fövqəldövlətlərin maraqları hakim olduqca biz aramsız olaraq hərbi əməliyyat və təxribatlar burulğanına düşəcəyik. Nəticədə, cavanlarımızı itirir və hər belə insidentdən sonra istər Ermənistanda, istərsə Azərbaycanda hansısa ailənin ocağı sönür. Bunun ağır sonuclarının yüzillər sonra aradan qaldıra bilməyəcəyik».

XS
SM
MD
LG