Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:38

İranda sentyabrın 23-ü nə gözlənilir?


Sentyabrın 23-də azərbaycanlılarının bir sıra Avropa şəhərlərində də aksiyalar keçirəcəyi gözlənilir
Sentyabrın 23-də azərbaycanlılarının bir sıra Avropa şəhərlərində də aksiyalar keçirəcəyi gözlənilir


Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin nümayəndəsi Əlirza Cavanbəxtin «Azadlıq» radiosuna müsahibəsi


Mehr ayının biri-sentyabrın 23-ü İranda təhsil ilinin ilk günüdür. «Cənubi Azərbaycan Tələbələr İttifaqı», «Güney Azərbaycan Milli Oyanış Hərəkatı» və «İran Azərbaycanının Federal Demokrat Hərəkatının» İcraiyyə Heyəti ana dilinin məktəblərdə tədrisi tələbi ilə təhsil ilinin ilk gününü boykot edərək, itaətsizlik aksiyaları barədə çağırışlar ediblər.


Eyni zamanda Britaniya, İsveç, Almaniya və bir neçə başqa ölkələrdə fəaliyyət göstərən bəzi Azərbaycan təşkilatları da İranda ana dilinin tədris edilməməsinə qarşı etirazlarını bildirmək məqsədilə sentyabrın 23-də müxtəlif şəhərlərdə mitinq keçirəcəklərini bildiriblər. Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin nümayəndəsi Əlirza Cavanbəxt «Azadlıq» radiosuna müsahibə verib.


-Sentyabrın 23-də İran Azərbaycanın şəhərlərində aksiya keçirilməsi gözlənilir. Hazırkı durumu necə şərh edərsiniz?


-Aksiyaların keçirilməsi ilə bağlı hələ bir ay bundan öncədən çağırış vərəqələri paylanıb. Son bir həftə ərzində isə İranın hüquq-mühafizə qüvvələri hazırlıq vəziyyətinə gətirilib. Məsələn, Zəncan şəhərinin əksər meydanlarının bağlandığı bildirilir. Son 15 gün ərzində isə azərbaycanlı fəalların həbsə alınması kütləvi xarakter alıb. Sulduz (Nəqədə) şəhərində fəallar bildiriş paylayarkən tutulublar.


-Konkret olaraq kimlərin həbs edildiyi məlumdurmu?


-Tutulan adamlar içərisində Çingiz Bəxtavərin adını qeyd etmək olar. O, birinci dəfə karikaturaya etiraz aksiyalarına görə də tutulmuşdu. Azadlığa çıxandan sonra yenidən həbsə alınıb. Qulamırza Əmani də həbs olunub. O, Bundan əvvəl də 4 ildən çox zindanda saxlanılıb.


-Azərbaycanlı fəalların həbsi məhz boykot çağırışı ilə əlaqədardır?


-Verilən məlumatlara görə, həbs edilənlərin bəzilərinin üzərindən çağırış vərəqələri tapılıb. Bəzi tanınmış fəallar isə radio və ya internet çıxışlarında boykot məsələsinə münasibət bildirdiklərinə görə, həbs ediliblər. O cümlədən Çingiz Bəxtavər, Qulamırza Əmani bu qəbildədirlər. Urmiyada türk dili və ədəbiyyatından dərs deyən Əsədulla Səlimi həbs edilib. O, eyni zamanda «Elm Yolu» Elmi Mədəni Araşdırmalar Mərkəzində çalışır. Ümumiyyətlə, İranda türk dili müəllimləri təqib olunurlar. Əsədulla Səlimi Urmiyadan Təbrizə getdiyi zaman avtobusda tutulub. Verilən rəsmi açıqlamalara görə, onun da əlində bildirişlər və bəyannamələr var imiş.


-Necə fikirləşirsiniz, sentyabrın 23-nə planlaşdırılan boykot çağırışlarına əməl olunacaqmı?


-İranın hərbi polis qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirilib. Azərbaycan şəhərləri islam inqilabından sonra belə bir vəziyyət görməmişdi. Əsasən Urmiya, Zəncan və Ərdəbil şəhərlərində İranı silahlı qüvvələrinin daha çox cəmləşdiyi bildirilir. Bunlara baxmayaraq, əminəm ki, etirazlar aksiyaları keçiriləcək.


Buna da bax:

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG