Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 07:47

İlham Əliyev Almaniyaya gedir


Sentyabrın 22-də Azərbaycan prezidenti İlham Əliyev Almaniyaya işgüzar səfərə gedir. Ölkə başçısı Beynəlxalq Bertelsman Forumunda iştirak edəcək. Həmin tədbirdə «Genişlənmiş Avropa»nın siyasi-iqtisadi perspektivləri müzakirə olunacaq. Tədbir çərçivəsində Azərbaycan prezidentinin Almaniyanın federal kansleri Angela Merkellə görüşəcəyi gözlənilir.


Almaniyanın Azərbaycandakı səfirliyindən «Azadlıq» radiosuna verilən məlumata görə, bu forumun məqsədi Avropanın ali siyasi, iqtisadi, mədəni və mətbuat dairələri arasında Avropanın gələcəyinə dair dialoqun keçirilməsidir.


Avropa Birliyi «Genişlənmiş Avropa-Qonşuluq Siyasəti» Proqramı çərçivəsində üç Cənubi Qafqaz respublikası üçün Fəaliyyət Planı hazırlayıb ki, bu planın yaxın vaxtlarda imzalanacağı gözlənir. Oktyabrın əvvəllərində Avropa Komissiyasının nümayəndə heyəti Cənubi Qafqaza səfər edəcək və həmin sənədlərin də bu səfər çərçivəsində imzalanacağı gözlənir.


Fəaliyyət Planı tərəflər üzərinə konkret öhdəliklər qoyur və Avropa Birliyinin Azərbaycana hansı sahələrdə yardım edə biləcəyini nəzərdə tutur. Ancaq, bu sənədin detalları hələlik açıqlanmır.


Azərbaycan Avrointeqrasiya Milli İctimai Komitəsinin fəaliyyətdə olan sədri İlqar Məmmədov deyir ki, əslində bu cür vacib sənədlər heç vaxt qapalı şəkildə hazırlanmamalıdır, vətəndaş cəmiyyəti qrupları ilə məsləhətləşmələr aparılmalıdır: «Yəqin ki, imzalanandan sonra bu sənəd dərc olunacaq və ictimaiyyət ondan xəbər tutacaq. Ancaq məsələn NATO ilə Fərdi Əməkdaşlıq Planı imzalansa da, bu sənəd açıqlanmadı».


Beynəlxalq Bertelsman Forumu hər iki ildən bir Karl Bertelsman Fondu tərəfindən təşkil edilir. Tədbirdə onlarla ölkənin hökumət nümayəndələri iştirak edir.


XS
SM
MD
LG