Keçid linkləri

2024, 04 May, şənbə, Bakı vaxtı 03:48

Qızılgüllər məkanının sakinləri


Zaqatala şəhəri, 30 mart 2006
Zaqatala şəhəri, 30 mart 2006
Zaqatala rayonun Gürcüstanla həmsərhəd olan Əliabad kəndində həm Azərbaycan, həm də gürcü dilində danışırlar. Yerli əhali milli azlıq olan ingiloylardı. Elə kəndin girəcəyində Əliabad pavilyonunun ətrafına toplaşan xeyli adamla rastlaşdım. Burda camaat həftə bazarına toplaşırmış. Həftə bazarı burada yalnız həftənin bazar günü işləyən və kənd təsərrüfatı malları satılan açıq bazara deyirlər.

Əliabadın ucuz həftə bazarı


Əliabad bazarına təkcə yerli sakinlər və qonşu kəndlərdən deyil, hətta, Azərbaycanın uzaq bölgələrindən də adamlar gəlir. Uzaqdan gələnlər əsasən öz məhsullarını satmaq istəyənlərdir. Sabirabad rayonunun Əsgərbəyli kənd sakini Ceyhun Şirinov deyir ki, bu bazara ikinci dəfədir gəlir və alveri pis deyil.


Saçlı isə kartof satmaq üçün Tovuzdan bura gəlib. Deyir ki, oralarda kartof satmaq sərfəli deyil: «Orda hamı kartof əkəndi. Mən kartof əkənə kartof sata bilərəmmi? Ona görə bura gəlmişik». Kəndin icra nümayəndəsinin müavini Ramiz Şabanov deyir ki, bu bazarın ən yaxşı xüsusiyyəti odur ki, burda alverçi olmur. Məhsulu elə onu əkib-becərən satdığından ucuzluqdu: «Bu kənddə alverçi deyən şey yoxdur. Qaxlı gəlir özü oturub satır, Tovuzlu gəlir özü satır. Elə bir kənd təsərrüfatı malı yoxdur ki, burda tapmayasan».


«At kəndçiyə 09 dan da artıqdır»


Bazarda heyvanlar satılan yerdə at satanlar da var. Özü də atlar bu bazarda mal-qaradan pis satılmır. Yerli sakinlər deyirlər ki, Əliabadda, eləcədə qonşu kəndlərdə kəndlinin həyatını atsız təsəvvür etmək olmur. Qımır kəndindən olan Xəncan dayı deyir ki, atı istifadə etmədiyi üçün satır. İstifadə olunmayan atı isə boş yerə saxlamağın mənası yoxdur. Xəncan dayı hətta atı Bakıda və başqa yerlərdə son vaxtlar dəbə minmiş Rusiya istehsallı 09 markalı minik maşınından da üstün tutur:


«At kəndçiyə 09 dan da artıqdır»



«Yanacaq məsələsi bizi sıxır. Texnika da var ancaq, bahadır. Bir hektar sahəni əkib becərmək baha başa gəlir. Ondansa bazardan alsam ucuz olar»
Onu da deyək ki, nalbənd də elə bazarın içində çalışır. 67 yaşlı Çingiz kişi bu sənətlə uşaqlıqdan məşğul olur. Deyir atası, babası bu sənətin sahibi olublar. Həftə günləri öz dəmirçixanasında çalışan Çingiz kişi bazar günləri də bazarda at nallayır. Nalbənd deyir ki, atı 3 yaşından başlayaraq nallayırlar və hər nal 3-4 ay qalır. Atın hər ayağını 90 qəpiyə nallayan nalbənd bu işdən qazancının elə də çox olmadığını deyir: «Hardadı qazanc. Çoxu sağ olsun, hörmət eliyirlər». Ancaq, buna baxmayaraq Çingiz kişi deyir ki, bu sənəti öz qardaşı oğluna öyrədəcək.

Çayxana söhbətləri


Bazardan çıxıb kəndə yollandıq. Yolboyu gördüyümüz çayxanalarda xeyli kişi toplaşıb hərə öz dərd-sərindən danışırdı. Dedilər indi işi-gücü olan sahələrdə çalışır, olmayan da belə, gününü bu çayxanalarda keçirir. Söhbətləşdiyim Tahir dayı da 2 hektarlıq əkin sahəsində heç nə əkib becərə bilmədiyindən şikayətləndi: «Yanacaq məsələsi bizi sıxır. Texnika da var ancaq, bahadır. Bir hektar sahəni əkib becərmək baha başa gəlir. Ondansa bazardan alsam ucuz olar».


Kənddə camaat iki dildə danışılır. Gürcü və Azərbaycan dillərində. Yerli əhali deyir ki, gürcü dilində danışdıqlarına görə başqaları onların islam dinini qəbul etmiş gürcülər olduqlarını düşünürlər. Amma, onlar özləri başqa fikirdədirlər. İxtisasca tarixçi olan kənd icra nümayəndəsinin müavini Ramiz Şabanov deyir ki, Əliabad kəndinin sakinləri gürcü dinində danışan, islam dininə mənsub ingiloylardır.


Onun fikrincə, ingiloylar 26 qədim alban tayfasından biri olan gellərdir, “gel” sözü də “ingiloy” sözünün ikinci hecasında “gil” kimi öz əksini tapıb. Sonralar ərazi qonşu Gürcüstanın təsirinə düşdüyündən öz dilini itirib. Ramiz Şabanov düşünür ki, beləliklə də bu ərazidə şərikli mədəniyyət formalaşıb.


Əliabad eyni zamanda dindar bir yer kimi tanınır. Zaqatalanın XVII əsrə məxsus ən qədim məscidi də bu kənddə yerləşir. Kənddə eşitdim ki, burda son 10 ildə xristianlığın baptist qolunu qəbul etmiş xristianlar da yaşayırlar.


Bir ailənin çaxıra ehtiyacı 800 litirdir


Kəndin adının hardan götürüldüyü ilə maraqlandıq. Dedilər bu adı iki cür izah edirlər. Xalq arasında deyirlər ki, Nadir şahın Əli adlı sərkərdəsi bu yerlərə hücum edəndə bu ərazidə məğlub olub, qoşunu batıb. Ona görə buralara Əli batdı deyiblər. Sonralar isə bu söz formalaşaraq Əliabad şəklinə düşüb.


İngiloyların bir qədər gürcülərə oxşadığını qeyd etməyim yerli sakinlərin xoşuna gəlmədi. Dedilər dağlı xalqların çoxu sarışın və mavi gözlüdür, amma müxtəlif millətlərdir.


İngiloyların daha bir çətinliyi də dil problemidir. Belə ki, ailədə daha çox gürcü dilində danışılması Azərbaycan dilini bir qədər sıxışdırır. Buna görə də ali məktəblərə imtahan verən ingiloy abituriyentlər yazılı dili mükəmməl başa düşmədikləri üçün imtahandan kəsilirlər.



Azərbaycanın şimal bölgələri Şimali Qafqaz xalqları kimi tanınan və çox sayda kiçik milli azlıqlarla sanki rəngli gözəl bir xalça kimi bəzənib. Avarlar, saxurlar, ingiloylar, tatlar.Hərəsinin öz dilləri
Əlibəyli kəndini həyətlərindən hansına girsəniz üzüm tənəkləri görərə bilərsiniz. Bir də çaxır çəkmək üçün yerə basdırılmış küplərdən istifadə edirlər. Həmin küplərdə üzüm qıcqırıb çaxıra çevrilir. Burda çaxırı satmaq üçün yox, ailənin ehtiyacı nə qədər çəkirlər. Bir ailənin ehtiyacı isə təxminən 700-800 litrdir.

Əlibəylidə teatr


Əlibəylidə teatr da fəaliyyət göstərir. Teatrın rəhbəri Ofelya Andriaşvili deyir ki, bu teatr 1981-ci ildə mədəniyyət evində bir dərnək kimi yaradılıb, sonra xalq teatrı kimi fəaliyyət göstərib və nəhayət 2 il əvvəl Azərbaycan hökumətinin qərarı ilə dövlət teatrı statusu alıb. Teatrın 36 nəfər ştatda olan işçisi var. «Teatr bizim millət üçün təkcə əyləncə deyil bu böyük bir şeydir. Bu bizim dilimizi saxlamaqdı, teatr həm bizim dilimiz, həm ənənəmizdi. Kəntdə teatra çox böyük maraq var».


Teatrda çalışan aktyorla həvəskardırlar və heç birinin incəsənət sahəsində təhsilləri yoxdur. Amma rejissor deyir ki, bu işə mane olmur: «Həvəskarlarla işləmək çox maraqlıdır».


Axvaxlar


Azərbaycanın şimal bölgələri Şimali Qafqaz xalqları kimi tanınan və çox sayda kiçik milli azlıqlarla sanki rəngli gözəl bir xalça kimi bəzənib. Avarlar, saxurlar, ingiloylar, tatlar. Hərəsinin öz dilləri. Etiraf edim ki, çoxunun adını elə yalnız Zaqatalaya səfərimdə eşitdim. Axvaxlar kimi.


Axvaxlar dillərinin orfoepiyasına görə dünyanın ən nadir millətlərindən hesab olunur.


Rayonda bildirdilər ki, axvaxlar adlanan etnik qrup əsasən Axaxdərə kəndində yaşayırlar. Amma, kəndə gedib çıxmaq o qədər də asan deyil. Meşənin içindəki kəndin yolları da bərbad vəziyyətdədir.


Amma təbiət bu kəndin yollarını dağıtdığı kimi ona bənzərsiz gözəllik də verib. Kənd ağsaqqalı Abdul kişi də hesab edir ki, kəndi dünyanın ən gözəl guşəsidir. Yolları gediş gəlişə yarasa, bura istirahətə gələnlər də çoxalar. Kənd sakinləri də turistlərin hesabına dolanışıqlarını bir az yaxşılaşdırarlar. Amma hələlik yol olmadığından Axaxdərəyə nəinki turistlər gələ bilmir, hələ yerli sakinlər də yüklərini öz çiyinlərində daşıyırlar: «Mən un gətirirəm. O qədər yolu belimdə un gətirirəm. O gün qızım deyir damarlarım çıxıb».


Kəndin əhalisi əsasən təsərrüfatla məşğuldur. Amma cavanların əksəriyyəti işləmək üçün ya Dağıstana, ya da Rusiyanın daha içərilərinə gediblər. Burda Dağıstanın Axvav rayonunda qohumları olan çoxlu ailə var. Yerli ağsaqqallar deyirlər ki, onlar vaxtilə həmin rayondan 15-20 nəfərlik qruplarla bu kəndə gəliblər. İndi burda 68 ailə yaşayır.


Avarların yaşadıqları kəndlərə yaxın olduqlarından Axaxdərədə axvax dili ilə yanaşı avar dilində də danışırlar. Hətta əvvəlki pasportlarında onların milliyyəti axvax deyil avar yazılırmış.


Saxorlar



Bu yerlərin bir xüsusiyyəti də odur ki, burda bütün rayonu təmin edə biləcək böyük çiyələk bağları var. Yaz mövsümündə əhali çiyələk yetişdirib satmaqla az da olsa gəlir götürür
Zaqataladakı Yuxarı Tala kəndi oba adlanan bir neçə hissədən ibarətdir. Kəndin yuxarısında dağların qoynunda yerləşən Qırğıllı obada əsasən avarlar məskunlaşıb.

Yuxarı Talada qonağı olduğum Səbinə bizi bildirir ki, indi kənddə əli iş tutan adam tapmaq çətindir. Çünki məhsul yığımı dövrüdür. Fındıq bağları kənddən xeyli aralıda yerləşdiyindən sakinlər ora miniklə gedir və hətta bir neçə gün bağda qalırlar. Lakin bu obanı digərlərindən fərqləndirən daha bir cəhətdə odur ki, burda avarlarla yanaşı saxor ailələri də var.


Saxorlar öz dillərinə, bəzi adətlərinə, hətta deyilənə görə öz xarakterlərinə görə avarlardan fərqlənirlər. Lakin bu fərqlilik özünü qabarıq şəkildə göstərmir.


Milliyyətcə saxor olan Məhəmməd kişi deyir ki, onun ailəsi 70-80 il əvvəl Dağıstanın saxorlar yaşayan Meşleş kəndindən gəlib. O zamanlar orda yaşamaq çətin imiş və bəzi ailələr iş dalınca Azərbaycana gəliblər. Elə o vaxtdan burda qalıblar.


İndi bu obada 20 dən çox saxor ailəsi var. Onlar yerli avarlarla demək olar ki, tam qarışıblar. Biçə xala saxordu. Yoldaşı isə avar olub. Bu gün o öz nəvələri ilə Azərbaycan və avar dillərində danışır: «Nəvələrim Azərbaycan və avar dillərində danışırlar. Ən balaca nəvəm saxorca bir kəlmə deyir».


Biçə xala deyir ki, ailədə uşaqlarla azərbaycanca danışmağa üstünlük verirlər. Ona görə ki, uşaqlar məktəbə gedəndə dil bilmədən onlara oxumaq çətin olur.


Bu yerlərin bir xüsusiyyəti də odur ki, burda bütün rayonu təmin edə biləcək böyük çiyələk bağları var. Yaz mövsümündə əhali çiyələk yetişdirib satmaqla az da olsa gəlir götürür.


Beləliklə, bu insanlar yazda çiyələk yetişdirməklə, payızda fındıq məhsulunu satmaqla müxtəlif millətlərin, dillərin bir birinə qarışdığı, təbiətinin gözəlliyini isə təsəvvür etməklə bitməyən bir məkanda yaşayırlar. Onlar üçün kiminsə köklü və ya başqa yerdən gəlməsi fərq etmir. Qızılgüllər diyarı olan Zaqatala onların hamısının vətəninə çevrilib və bu vətəndə kədər də hamının kədəridir, sevinc də.


XS
SM
MD
LG