«Bakı-Xəbər» qəzetindəki «Hacı Məmmədovla Fərhad Əliyevin üzləşməsi nə ilə nəticələnəcək?» başlıqlı məqalədə bildirilir ki, bir neçə gün əvvəl Hacı Məmmədovun dəstəsinin məhkəmə istintaqında sentyabrın 25-dək fasilə elan edilib. Rəsmi məlumatlara görə, məhkəmədə fasilə Hacı Məmmədovun sabiq İqtisadi İnkişaf naziri Fərhad Əliyevlə üzləşdirilməsi, habelə onun ehtiyat dəstəsinin olub-olmadığının araşdırılması ilə bağlıdır. Məlumatlara görə, artıq üzləşmə və ehtiyat dəstənin işinin araşdırılmasına başlanıb. Hələlik prosesin hər iki istiqamətdə nəticələri barədə rəsmi məlumat verilmədiyi üçün üzləşmənin və ehtiyat dəstənin taleyi barədə saysız ehtimal və təhlillər var. Müəllifə görə, üzləşmənin nəticəsi olaraq, Hacı Məmmədov öz əvvəlki ifadəsində dəqiq olmadığını, yəni Elmar Hüseynovun qətlinin Fərhad Əliyevdən gəlmədiyini deyə bilər. İkinci ehtimal isə odur ki, Hacı Məmmədov jurnalistin qətli sifarişinin mərhum Əlihüseyn Şalıyev vasitəsilə çatdırıldığını söyləyə bilər.
«Şərq» qəzetindəki «NATO generalları niyə gəlir?» başlıqlı məqalədə müəllif yazır ki, Azərbaycanın NATO ilə əlaqələrinin genişləndirilməsini nəzərdə tutan Fərdi Əməliyyat Planının təsdiqlənməsindən sonra Avroatlantik Alyansın nümayəndələrinin Bakıya səfərləri artıb. NATO generallarının təmsil olunduğu nümayəndə heyətlərindən birinin səfəri başa çatmamış ölkəyə başqa bir qrup nümayəndə heyəti gəlir. Bəzi ekspertlər NATO generallarının Azərbaycan səfərlərinin intensivləşməsini rəsmi Bakının Fərdi Tərəfdaşlıq Planı çərçivəsində üzərinə götürdüyü öhdəliklərə tam şəkildə əməl etməməsi ilə izah etsələr də, İran ətrafındakı vəziyyət, həmçinin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı versiyalar da irəli sürülür. Bir qrup ekspert NATO generallarının Bakıya tez-tez gəlməsini İrana qarşı hazırlanan əməliyyatlarla bağlasalar da, Dağlıq Qarabağ probleminin nizamlanması BMT-nin nəzarətinə keçdiyi təqdirdə münaqişə regionuna NATO sülhməramlılarının gətirilməsi ilə bağlı məqamların müzakirə olunduğu da istisna olunmur.
«Gündəlik Azərbaycan» qəzetindəki «Ölkədə çörək qıtlığı yarana bilər» başlıqlı məqalədə bildirilir ki, Sənaye və Energetika naziri Natiq Əliyevin gələn ildən etibarən enerjidaşıyıcılarının qiymətinin qalxacağı ilə bağlı verdiyi açıqlama artıq öz təsirini göstərib. Əslində, bu ilin əvvəlində dizel yanacağının qiymətinin qalxması bir çox sahələrdə vəziyyəti gərginləşdirmişdi. Növbəti ildə də qiymət artımı gözlənilir. Amma yenə də məvaciblərin qaldırılması ilə bağlı fikirləşən yoxdur. Bəziləri isə hətta güman edirlər ki, əmək haqlarının artırılması gələn ilin büdcəsinə deyil, 2008-ci ilin büdcəsinə salınacaq. Ekspertlərin fikrincə, vəziyyətin bu cür inkişafı sonda sosial partlayışla nəticələnə bilər. Çünki enerjidaşıyıcılarının qiymət artımı və digər sahələrdə qiymətlərin əvvəlki səviyyədə qalması ölkədə ərzaq, başlıcası çörək qıtlığına səbəb ola bilər. Artıq müəyyən çörəkbişirmə sexlərinin rəhbərləri müəssisələrini bağlayacaqları barədə bəyanatlar verirlər. Səbəb kimi də kommunal xərclərin, eləcə də unun qiymətinin qalxdığı bir vaxtda çörəyin əvvəlki qiymətə satılmasının sərfəsiz olduğu göstərilir.
«Xalq Cəbhəsi» qəzetindəki «QHT və bələdiyyələrin inkişafına ciddi diqqət yetirilməlidir» başlıqlı məqalədə cəmiyyətdə geniş müzakirələrə səbəb olan QHT və Bələdiyyələrlə İş üzrə Milli Agentliyin yaradılması məsələsi müzakirə olunub. Bələdiyyə və QHT-lər yeni yarandığı üçün dövlətlə münasibətlərində problemlərin olduğunu vurğulayan Konstitusiya Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev həmin qurumların maliyyə imkanlarının xeyli dərəcədə məhdud olduğunu önə çəkib. O, belə bir strukturun yaradılmasının QHT və bələdiyyələrin fəaliyyətinə müdaxilə xarakteri daşımayacağını qeyd edib. Cənab Nuriyevin fikrincə, burada yalnız QHT və bələdiyyələrin fəaliyyətinin daha da inkişafına dövlət yardımından söhbət gedə bilər.