Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 12:54

«Yeni Müsavat»: «Metronun «20 Yanvar» stansiyası çökə bilər»


«Yeni Müsavat» qəzetindəki «Metronun «20 Yanvar» stansiyası çökə bilər» başlıqlı məqalədə bildirilir ki, son günlər Bakının «20 Yanvar» dairəsi yaxınlığında inşasına başlanılan körpü ilə bağlı böyük bir problem mövcuddur. Bu problem ondan ibarətdir ki, körpü metronun «20 Yanvar» stansiyasının düz üstündə inşa edilir. Sönbət ondan gedir ki, körpünün quraşdırılması üçün metronun tunel və keçid hissəsinin üzərində hərəsinin çəkisi 30-40 tondan artıq olan 30-dan çox beton dirəklər inşa edilib. Üstəlik, körpünün özünün ağırlığı da var. Heç şübhəsiz bu çox qısa zamanda adıçəkilən metrostansiyada çökmələrin başlamasına səbəb olacaq. Hətta artıq keçid hissədə müəyyən çatların əmələ gəldiyi müşahidə olunur. Müəllifin yazdığına görə, metropoliten işçiləri də bununla bağlı narahatlıqlarını bildiriblər. Amma onların rəylərinə əhəmiyyət verilməyib. Söylənilib ki, çökmə müşahidə olunarsa, stansiyada bərkitmə işləri aparılacaq.


«Əgər Qarabağ münaqişəsini həll etməyə çalışırıqsa və bu problemi bizim nəticələrimiz üçün saxlamaq istəmiriksə, deməli, özümüz bu düyünü açmalıyıq. İnanıram ki, belə səfərlər, görüşlər Azərbaycan üçün yeganə çıxış yoludur. Biz bir şeyi dərk etməliyik ki, bu problem yalnız sülh yolu ilə həllini tapa bilər, müharibə variantı istisnadır». Bu yaxınlarda Ermənistana səfər edən və buna görə də kəskin ittihamlara məruz qalan Helsinki Vətəndaş Assambleyasının həmsədri, qurumun Azərbaycan Milli Komitəsinin rəhbəri Arzu Abdullayeva «525-ci qəzet»in əməkdaşı ilə söhbətində belə deyib. Xanım Abdullayevaya görə, Qarabağ məsələsi ya rəsmi yolla – diplomatik vasitələrlə, ya da qeyri-rəsmi – «xalq diplomatiyası» yolu ilə həllini tapa bilər. Arzu Abdullayevanın fikrincə, «xalq diplomatiyası» müharibə şəraitində yaşayan ölkə üçün normal bir şeydir.


«Ayna» qəzeti xəbər verir ki, ABŞ-ın Avropa komandanlığının komandan müavini, general Uilyam Uord bu gün Bakıya gəlir. ABŞ-ın Bakıdakı səfirliyinin İctimaiyyətlə Əlaqələr Bölməsinin başçısı Conatan Henikin sözlərinə görə, bu, general Uordun Azərbaycana ilk tanışlıq səfəri olacaq. Səfərin proqramına Müdafiə naziri Səfər Əbiyevlə, Xarici İşlər naziri Elmar Məmmədyarovla və gözlənildiyi kimi, prezident İlham Əliyevlə görüşlər daxildir. Müzakirələr zamanı hərbi əməkdaşlığın hazırki vəziyyəti və inkişafı məsələləri təhlil olunacaq.


«Mərkəz» qəzetindəki «Uşaqlar məktəbə zibil maşınında gedir» başlıqlı məqalənin müəllifi «Balaxanı 2-ci mədən» deyilən ərazidə görüb-eşitdiklərindən yazır. Müəllifin qeydlərinə görə, burada neft və məişət tullantılarına bürünən ərazini keçib, yaşayış massivinə girmək üçün ayağını ürəklə basmağa bir qarış quru yer tapmaq müşkül məsələdir. 15 mindən artıq insan yaşayan ərazinin ən dəhşətli problemi isə məktəb və bağçanın olmamasıdır. Sakinlərin söylədiklərinə görə, uşaqları təhsil almaq üçün Balaxanı kənd məktəbinə, 53 nömrəli köçkün məktəbinə və Əhmədlidə yerləşən məktəblərə göndərmək məcburiyyətində qalıblar. Bu məktəblərdən əraziyə ən yaxın olanı isə 6-7 kilometr aralıda yerləşir. Çətinliklərdən bezən sakinlər onu da bildiriblər ki, məktəb sahəsini onlara pulsuz versələr, pul yığıb binanı özləri tikdirərlər. Hətta onlar bu təkliflə Suraxanı Rayon İcra Hakimiyyətinə də müraciət ediblər. Ancaq «baxarıq» deyilsə də, heç kim bu işlə maraqlanmayıb.


XS
SM
MD
LG