Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 22:12

Ekoloji təmiz məhsul becərməyin çətinlikləri


Gübrələrsiz məhsul becərmək fermerlərə baha başa gəlir

Gübrələrsiz məhsul becərmək fermerlərə baha başa gəlir

Artıq getdikcə təmiz ekoloji məhsul tapmaq müşkülə çevrilir. Bol məhsul üçün bol da kimyəvi preparatlara üstünlük verilir. Bəs gübrələrsiz məhsul becərmək fermerə neçəyə başa gəlir?


Goranboylu fermer Zahid Əsgərov bir neçə ildir ki, kimyəvi gübrələrdən istifadə etmədən məhsul becərir. Torpağa yalnız təbii gübrə verir. Bunun üçün də mal-qara saxlayır ki, təbii gübrə üçün dağa-daşa düşməsin. Cənab Əsgərov deyir ki, kiçik əkin sahəsini dədə-baba üsuluyla becərmək asandı, ancaq iri sahələrə təbii gübrə tapmaq çətindir. Fermeri təbii üsullarla torpaq becərməyə vadar edən səbəb isə ekoloji cəhətdən təmiz məhsul əldə etmək həvəsidir. «Biləndə ki, tərkibində zəhərli şeylər yoxdur, camaat həvəslə alır».


Fermer gileylənir ki, ucuz olduğu üçün kimyəvi dərmanlarla becərilən, keyfiyyətsiz məhsulu almağa üstünlük verənlər də çoxdur. Başqa fermerlər də Azərbaycanda ekoloji təmiz məhsul becərməyin çətin olduğunu deyirlər.


Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri Amin Babayevin sözlərinə görəsə, kimyəvi üsulla becərmə təkcə məhsulun keyfiyyətini aşağı salmır, həm də havaya, torpağa, insan sağlamlığına zərər vurur: «Dünyada ekoloji təmiz məhsul hərəkatı başlayır. Biz də bu hərəkata qoşulmalıyıq. Torpağımızı, havamızı qorumalıyıq».


Cənab Babayev deyir ki, onlar bir neçə ildir ki, Azərbaycanda fermerləri ekoloji təmiz məhsul becərməyə həvəsləndirirlər. Mütəxəssisin fikrincə, Azərbaycan fermerləri dünya bazarına çıxmaq üçün kimyəvi dərmanlara, gübrələrə «yox» deməlidirlər: «Azərbaycan fermeri dünya bazarına yalnız keyfiyyətli məhsulla çıxa bilər. Hökumət də son iki ildə bizi dəstəkləyir».


Amma kimyəvi yoldan imtina məhsuldarlığa öz təsirini göstərir. Məhsuldarlığın aşağı düşməsi isə məhsulun qiymətini qaldırır. Belə məhsula isə alıcı daha çox Azərbaycandakı əcnəbilər, ya da imkanlı ailələr arasında tapılır: «Camaat ucuz qiymətə can atır. Ona görə biz də məcbur oluruq ki, ucuz sataq. Ancaq bilənlər, başa düşənlər baha qiymətə də olsa alırlar».


Gəncə Aqrobiznes Assosiasiyası şəhər sakinləri arasında ekoloji təmiz məhsula maraq oyatmaq üçün sentyabrın 19-da yarmarka keçirdi. Təklif edilən tərəvəz məhsulları, meyvə yarmarkaya gələnlərin diqqətini çəkirdi. Fermerlər isə hər məhsuldan bir pay götürüb bağlama düzəldir və istəyənlərə paylayırdılar.


Kənd Təsərrüfatı Nazirliyinin mütəxəssisi Rizvan Mustafayev isə deyir ki, fermerlər aqro-texniki tədbirlərə vaxtlı-vaxtında əməl etsələr, təmiz məhsul əldə edə bilərlər. Gəncə Aqrobiznes Assosiasiyasının rəhbəri Amin Babayev bildirir ki, Azərbaycanın kənd təsərrüfatı malları üçün standartlar yoxdur. Bunu tənzimləyəcək qanun Milli Məclisdə hazırlanır. Cənab Babayev hesab edir ki, bu qanunun qəbulundan sonra fermerlərin kimyəvi gübrəsiz məhsul becərməyə maraqları artacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG