Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 05:09

Roma Papası üzr istəyibmi?


İraqlılar Roma Papası XVI Benediktin portretini yandırırlar, Bəsrə, 18 sentyabr 2006

İraqlılar Roma Papası XVI Benediktin portretini yandırırlar, Bəsrə, 18 sentyabr 2006

Roma Papasının çıxışına və onun sonradan öz çıxışına verdiyi izaha Azərbaycandakı münasibəti ifadə etmək üçün Bakıda Sahil Bağındakı bir söhbətlə başlamaq istərdim. Bu dialoq rəyini öyrənmək istədiyim Pedaqoji Universitetin baş müəllimi Fərman Məmmədovla «Azad Azərbaycan» qəzetinin əməkdaşı Sabit Məmmədov arasında gedir.

- Mən onun dediklərini təsadüf kimi qiymətləndirirəm. Adamları qarşı-qarşıya qoymaq olmaz.


- Müəllim, hər şey ola bilər. Papanın çıxışı təsadüf də ola bilər, düşünülmüş plan da… Amma əsas odur ki, dünya müsəlmanları təxribatlara qarşı çıxmalıdır, bir-birinə dəstək verməlidirlər.


- İslam dünyası ilə xristian dünyasını qarşı-qarşıya qoymağa cəhd göstərmək olmaz. Kim buna cəhd göstərirsə tarix onun cəzasını verəcək.


- Roma Papası həmişə xeyirxahlığı ilə tanınıb. Bu adam öz səhvini etiraf edirsə, üzr istəməyi bacarırsa bu təsadüfdür.


- İstəyir Papa olsun, istər başqası, çalışmaq lazımdır səhv etməyəsən. Bu adam balaca adam deyil. Onun söz deməsi səhv yox, düşünülmüş addımdır…»


Bakıda gedən mübahisələr də bir yerə varmır. Hər halda, mənim söhbət etdiyim əksəriyyət Roma Papasının səhv etdiyini açıq mətnlə etiraf etməsini müsəlman dünyasından üzr istəməsini gözləyir. Başda, sentyabrın 17-də bəyanatla çıxış edən Qafqaz Müsəlmanları Ruhani İdarəsi olmaqla. Bu İdarə hesab edir ki, Roma Katolik Kilsəsinin başçısı XVI Benedikt müsəlmanların heysiyyatına toxunub, o səsləndirdiyi fikrə birmənalı aydınlıq gətirib üzr istəməlidir. İdarənin Mətbuat Xidmətinin rəhbəri Akif Ağayev düşünür ki, Roma Papasının son çıxışında üzrxahlıq etməyib, sadəcə, fikirlərinin düzgün başa düşülmədiyini bildirib: «İslamın dünyasının istədiyisə o üzr istəməlidir».


İdarənin qənaətincə, elə təsəvvür yaranır ki, səsləndirilmiş fikirlər son zamanlar Qərb dünyasında İslama qarşı məqsədyönlü, qərəzli çıxışlar zəncirinin bir həlqəsidir.


Dini Etiqad və Vicdan Azadlıqları Mərkəzinin rəhbəri İlqar İbrahimoğlu da baş verənləri təsadüf kimi qiymətləndirməyin çətin olduğunu düşünür. Onun sözlərinə görə, əksinə, bu, islamofobiyanın göstəricisidir. Ona görə də, Roma Papası üzr istəməzsə, Bakıda da etiraz aksiyaları başlana bilər. Düzdür, cənab İbrahimoğlu bu ilin əvvəlində Danimarka qəzetlərinin Məhəmməd peyğəmbərin karikaturasını dərc etməsindən sonra yaşanan qalmaqalların təkrarlanmasını istəmir. Onun fikrincə, belə addım qarşı tərəfin dəyirmanına su tökmək olardı. O üzdən də müsəlmanlar daha sivil şəkildə etirazlarını davam etdirməlidirlər: «Roma Papası elə qəbahətli iş görüb ki, üzr istəməlidir. Sələfi İohann Pavelin qoyduğu ənənəni davam etdirməlidir. Bu məsuliyyətsiz çıxışdır. Təbii ki, üzr istəməlidir...»


İlqar İbrahimoğluna görə, Roma Papasının yubanması bir çox şübhələrə yol açır. Çünki karikaturanın dərcini söz azadlığı kimi, ABŞ prezidenti Corc Buşun islama əleyhinə çıxışlarını ölkəsi terrordan ziyan çəkmiş siyasətçinin mövqeyi kimi başa düşmək olurdusa, din xadiminin çıxışına bəraət qazandırmaq mümkün deyil. Hərçənd, İlqar İbrahimoğlu bu məsələnin dini qarşıdurma müstəvisinə keçirilməsinin tərəfdarı deyil.


İslam Partiyasının sədri Hacıağa Nuriyə görə, son zamanlar Avropada müsəlmanlığı qəbul edənlərin sayı artdıqca bəzi qüvvələr buna qısqanclıqla yanaşırlar. Buna görə də islamı nüfuzdan salmaq üçün bu cür addımlar atılır. Hərçənd partiya sədri hesab edir ki, indi dinlərin qarşıdurmasına yox, dinlərarası dialoqa ehtiyac var: «Qaranlıq məqam varsa XVI Benedikt islam dünyasının böyük alimləri ilə bunu aydınlaşdıra bilər. Bu cür baxışlar insanlarda mehribanlıq yox, kin-küdurət yaradır. Bu da Allahı narahat edir».


Amma Bakıda Roma Papasının son çıxışını üzrxahlıq kimi qiymətləndirənlər də var. Dinşünas alim Altay Göyüşova görə, papanın üzrxahlığından sonra bu məsələni bitmiş saymaq olar. O, etiraf edib ki, seçdiyi misal yerinə düşməyib. Bu gün müsəlmanlar ürək genişliyi nümayiş etdirməli və səhvini etiraf edən insanın milyonlar qarşısında çıxışını üzrxahlıq kimi başa düşməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG