Keçid linkləri

2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 16:11

İranda may mitinqləri zamanı həbs olunanların məhkəməsi davam edir


Tələbələrin etiraz aksiyasi, Təbriz, 22 may 2006

Tələbələrin etiraz aksiyasi, Təbriz, 22 may 2006

Sentyabrın 13-də Təbrizdə iyulun 20-dən həbsdə saxlanan Mehdi Babainin [Oxtay] məhkəməsi keçirilib. O, qeyri-qanuni təşkilatlarda iştirak etməkdə və İran İslam Respublikası əleyhinə fəaliyyətdə təqsirli bilinərək apellyasiya şikayəti vermək hüququ olmadan 6 ay həbs cəzasına məhkum edilib.

Sentyabrın 11-də isə Urmiyə Universitetinin tələbəsi Hüseyn Nuriyə hökm oxunub. Universitetdə aksiya keçirdiyi üçün may ayında həbs olunan 6 tələbədən biri olan Nuri 8 ayı həbsxanada keçməklə 2 il azadlıqdan məhrum edilib.


Bu arada İranın müxtəlif şəhərlərində may mitinqləri zamanı həbs olunanların məhkəmələri davam etməkdədir.


Vəkil Saleh Kamraninin Tehranda məhkəməsi davam edir və onun hökmünün sentyabrın 18-də veriləcəyi gözlənilir. O, üsuli-idarəyə qarşı çıxmaqda ittiham olunur. Cənab Kamraninin həyat yoldaşı Mina Əsgərinin verdiyi məlumata görə, Saleh Kamraniyə 3 aydan 1 ilə kimi həbs cəzası kəsilə bilər.


Sentyabrın 11-də Şərqi Azərbaycan vilayətinin Kəleybər şəhərində Səid Məhəmmədiyə hökm oxunub. Siyasi ittihamlarla həbs olunan Məhəmmədiyə 1 il həbs və İranın cənubunda yerləşən Xormuc düşərgəsində 2 illik sürgün cəzası verilib. Kəleybərli Səid Bidoxt isə məhkəmə hökmünə əsasən, 8 ay həbsdə olacaq.


Ərdəbildə eyni ittihamlarla həbs olunan 10-a qədər fəal haqqında sentyabrın 12-də hökm çıxarılıb. 3 aydan 6 aya kimi həbs cəzasına bəzi hallarda cərimələr və 40 şallaq zərbəsi əlavə olunub. May mitinqləri zamanı təhlükəsizlik məmurlarına hücum edərək onların kamerasını sındıran 16 yaşlı Həsən Balazadə isə apellyasiya şikayəti vermək hüququ olmadan 3 ay həbs və 50 şallaq cəzası alıb.


Sentyabrın 14-də isə Sulduz [Nəqədə] şəhərində yeni dərs ili ərəfəsində ana dilində təhsil tələbi ilə etiraz aksiyaları keçirmək barədə elan yaydıqları üçün iki nəfər tutulub. Onlardan biri – taksi sürücüsü İsgəndər Mirzai maşınında vərəqələr tapıldığına görə həbs olunub. Sulduzlu Vəhid adlı dükan sahibini isə dükanında həbs ediblər. Onun da həbsinə səbəb dil azadlığı, ana dilindən istifadə hüququnun məhdudlaşdırılmasına etiraz xarakterli təşviqat materialları yayması olub.


Azərbaycanlı Siyasi Məhbusların Müdafiə Komitəsinin verdiyi məlumata görə, may qiyamlarından sonra Sulduzda mülki geyimli təhlükəsizlik məmurlarının sayı artırılıb və onlar şəhərdə müşahidə aparırlar.


XS
SM
MD
LG