Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:40

Azərbaycan jurnalist təşkilatı müxbirin ölümünə görə Aşqabadı qınayır


Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutu (RATİ) Aşqabadı «Azadlıq» radiosunun Türkmənistan xidmətinin müxbiri Oğulsapar Muradovanın müəmmalı ölümünə görə qınayır. Təşkilatın sentyabrın 15-də yaydığı bəyanatda jurnalistin vəfatı «siyasi qətl» kimi qiymətləndirilir və qətlin arxasında Saparmurad Niyazov rejiminin durduğunu bildirilir.


Türkmənistan hökumətini günahkarı cəzalandırmağa çağıran RATİ bu qənaətdədir ki, Orta Asiyada və Cənubi Qafqazda hakimiyyətdə olan avtoritar rejimlər söz azadlığına və insan haqlarına böyük təhlükə yaradır. «Orta Asiyada Türkmənistan və Özbəkistanda, Cənubi Qafqazda isə Azərbaycanda söz azadlığı təhlükəli durumdadır».


Bəyanat müəllifləri xatırladırlar ki, altı il öncə Azərbaycanda da «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu «hərbi sursat» saxlamaq ittihamı ilə həbs olunmuşdu. Hal-hazırda isə «narkotiklərin saxlanmasına» görə «Azadlıq» qəzetinin əməkdaşı Sakit Zahidov həbsdədir. Son iki ildə Azərbaycanda bir jurnalist qətlə yetirilib, üç qəzetçi naməlum şəxslər tərəfindən oğurlanaraq fiziki zorakılığa məruz qalıb, iki jurnalist isə məmurlarla bağlı dərc etdiyi yazılara görə həbs olunub.


Günün bütün mövzuları

XS
SM
MD
LG