Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 06:22

Axtarışda olanlara təslim olmaq məsləhət görülür


«İlkin dövrdə Oktyabr hadisələri ilə əlaqədar 135 «Müsavat»çı həbs olunmuş və 18 nəfər axtarışda idi»
«İlkin dövrdə Oktyabr hadisələri ilə əlaqədar 135 «Müsavat»çı həbs olunmuş və 18 nəfər axtarışda idi»

İstintaq başa çatmadan Mehdi Mehdiyevi nəyin gözlədiyini demək çətindir. Çünki o üç maddə ilə ittiham olunur və bu maddələr sübuta yetirilərsə onu üç ildən yeddi ilədək həbs gözləyə bilər. Ancaq, bu da var ki, «Müsavat»çı könüllü şəkildə təslim olub deyə məhkəmə onun cəzasını yüngülləşdirə də bilər. Respublika Prokurorluğunun Mətbuat Xidmətinin rəhbəri Vüqar Əliyevin sözlərinə görə, Mehdi Mehdiyev 2003-cü il prezident seçkiləri zamanı kütləvi iğtişaşlarda iştirakda, hakimiyyət nümayəndəsinə müqavimət göstərməkdə və qərəzli xuliqanlıqda, yəni «Lider» televiziyasının keçmiş əməkdaşı Sahil Kərimlini döyməkdə ittiham olunur.


«Cəzanın verilməsini məhkəmə müəyyən edir. Bu zaman bütün hallar nəzərə alınır».


Mehdi Mehdiyevin qardaşı Oqtay Mehdiyev isə qardaşının günahkar olmadığı qənaətindədir. O, hesab edir ki, istintaq obyektiv aparılarsa qardaşı tezliklə sərbəst buraxılmalıdır. Çünki Mehdi Mehdiyev 16 oktyabrda nə «Azadlıq» meydanında, nə də Xalçaçılıq Muzeyinin qarşısında olub. Ona görə kütləvi iğtişaşda iştiraka görə cəzalandırıla bilməz. Jurnalisti döyməyinə gəlincə:


«Kadrda da görünür ki, jurnalisti Mehdi döyməyib, əksinə Sahil Kərimlini döyənlərin əlindən alıb. Digər maddələrlə tutulanlar isə azadlıqdadır. Bu maddəylə həbsdə olan yoxdur…»


Bu məsələni diqqətdə saxlayan hüquq müdafiəçiləri də Mehdi Mehdiyevin jurnalisti döymədiyini bildirir və həmin hadisələrin əks olunduğu videolentdə bunun açıq göründüyünü deyirlər. Bu üzdən də hüquq müdafiəçiləri Sahil Kərimlini şikayətini geri götürməyə dəvət edirlər. «Lider» televiziyasının sabiq əməkdaşı, hazırda Dövlət Televiziyasının «Xəbərlər» Proqramında çalışan Sahil Kərimli isə istintaqın sonunu gözləməyin tərəfdarıdır: «Onun günahkar olub-olmadığını istintaq sübuta yetirsin, o zaman baxarıq». Bununla belə, jurnalist Müsavat partiyasının üzvü tərəfindən fiziki zorakılığa məruz qalması ilə bağlı polisə müraciət etmədiyini də deyir. Buna görə də hüquq müdafiəçilərinin şikayəti geri götürməsi ilə bağlı xahişini yerinə yetirə bilməyəcək. O ki qaldı, Mehdi Mehdiyevin hazırda Yunanıstanda mühacirətdə olan, digər «Müsavat»çı Mehdi Xəlilovla səhv salınması haqda deyilənlərə, Sahil Kərimli baş verənləri unutduğunu deyir.


Hüquq müdafiəçisi Çingiz Qənizadə bu məsələni siyasi məhbuslarla bağlı hakimiyyətlə hüquq müdafiəçilərinin birgə İşçi Qrupunun müzakirəsinə çıxaracaqlarını deyir. Onun sözlərinə görə, artıq oktyabr hadisələrinə görə həbs olunanlar əfv olunduğundan Mehdi Mehdiyevin bu məsələyə görə, cəza alması absurd olardı.


Ümumiyyətlə, bu gün axtarışda olanların sayı haqda danışmaq çətindir. İstər hüquq müdafiəçiləri, istərsə də hüquq-mühafizə orqanları bu haqda onlarda rəqəm olmadığını deyirlər. Amma 90-cı illərdən axtarışda onlarla adamın olması şübhəsizdir. Onların arasında Rəsul Quliyev, Ayaz Mütəllibov, Mahir Cavadov kimi siyasətçilər də var, məsələn, əvvəllər polis rəisi olmuş Novruz Həsənov kimi sıravilər də. 2003-cü ilin oktyabr hadisələri zamanı yaradılmış Saxtalaşdırılmış Seçkilərə və Repressiyalara Qarşı Mübarizə Komitəsinin sədri Səftər Nəhmətli deyir ki, ilkin dövrdə 135 «Müsavat»çı həbs olunmuş və 18 nəfər axtarışda idi. Amma bir müddət sonra onlardan həbs olunanı və ya ölkəni tərk edəni də olub. Cinayət işinin ləğv olunub-olunmamasını isə bilmirlər. Buna görə də dəflərlə hüquq-mühafizə orqanlarının rəhbərlərini dəyirmi masa keçirməyə, bu məsələyə birdəfəlik aydınlıq gətirməyə dəvət ediblər.


Amma keçmiş Xüsusi Təyinatlı Polis Dəstəsi (XTPD) üzvlərinin Hüquqlarını Müdafiə Komitəsinin rəhbəri Famil Süleymanov konkret rəqəm deyir. O, 1995-ci ilin mart hadisələrindən sonra axtarışda olan 5 sabiq XTPD-çinin hazırda xaricdə yaşadığını deyir. Cənab Süleymanova görə, həmin XTPD-çilər mühacirətdən və qorxudan beziblər və ona görə də təslim olmaq istəyirlər. Ancaq bir «əmma» var. Famil Süleymanovun sözlərinə görə, təcrübə göstərir ki, indiyədək könüllü təslim olanların cəzası qanunda göstərildiyi kimi yüngülləşməyib. Əksinə onlar əlavə maddələrlə ittiham olunublar. O misal da gətirir. Mart hadisələrindən sonra bir neçə il Moskvada yaşayan Nəriman İsmayılov bir müddət öncə könüllü təslim olduqdan sonra ona on ildən artıq cəza verilib.


Famil Süleymanov buna görə də təslim olmaq istəyənlərin çəkindiyini deyir: «Onlardan biri Vüqar Quliyevdir. O 228-ci maddə ilə ittiham olunur. Həbs olunsa əlavə maddə veriləcək».


Respublika Prokurorluğunun rəsmisi Vüqar Əliyev bu deyilənləri qəbul etmir. Əksinə o axtarışda olanları təslim olmağa dəvət edir və bunun məhkəmədə yüngülləşdirici hal kimi mütləq nəzərə alınacağını deyir.


Səftər Nəhmətli deyir ki, XTPD-çilərdən fərqli olaraq «Müsavat»çıların təslim olmasına səbəb yalnız əlavə ittihamların irəli sürülməsi deyil, həm də həmin dövrdə həbs olunanlara işgəncələr verilməsi olub. Bununla hüquq müdafiəçisi Çingiz Qənizadə də razılaşır. Amma bununla belə, axtarışda olanları könüllü təslim olmağa çağırır. Onun qənaətincə, artıq aradan illər ötüb, demokratik təsisatlar nisbətən dirçəlib. Hüquq müdafiəçiləri və beynəlxalq qurumlar da bu işə nəzarət edə bilərlər. Cənab Qənizadəyə görə, axtarışda olmaqdan, qorxu altında yaşamaqdansa təslim olmaq lazımdır. Amma bir şərtlə, hüquq mühafizə orqanları onların təhlükəsizliyinə və işlərinin obyektiv araşdırılacağına təminat verməlidirlər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG