Keçid linkləri

2024, 16 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 16:52

Rusiyada azərbaycanlılara hücumlar: ksenofobiya, yoxsa?


Nazim Qaraxanov deyir ki, kriminal hallar daha çox milli zəmində deyil, iqtisadi sahələrin bölüşdürülməsilə bağlıdır
Nazim Qaraxanov deyir ki, kriminal hallar daha çox milli zəmində deyil, iqtisadi sahələrin bölüşdürülməsilə bağlıdır
Son vaxtlar Rusiyanın müxtəlif şəhərlərində azərbaycanlılar döyülür, qətlə yetirilir. Bu, milli zəmində olan hadisələrdir, yoxsa baş verənlər hansısa iqtisadi amillərlə bağlıdır?

Azərbaycanda bu məsələ müxtəlif cür qiymətləndirilir. Bəziləri bildirir ki, bu, elə azərbaycanlıların biri-birilə davasıdır, digərləri də hesab edirlər ki, bu hadisələr ultramillətçilərin işidir. Yurddaş Partiyasının sədri Mais Səfərliyə görə, prezident İlham Əliyevin Moskvaya səfərlərindən sonra bu hadisələr bir müddət səngimişdi, amma son dövrlər azərbaycanlılara qarşı hücumlar, onlara məxsus ticarət obyektlərinin yandırılması və sair hallar ciddi narahatlıq doğurur. Cənab Səfərli deyir ki, hazırda partiyanın nümayəndəsi hadisələrlə bağlı Moskvadadır və hüquq-mühafizə orqanlarından baş verənlərin səbəblərini öyrənməyə çalışır.


Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə isə hesab edir ki, azərbaycanlıların biznes mübahisəsi və ya kriminal qruplaşmaların nüfuz mübarizəsi nəticəsində zərər çəkməsi barədə deyilənlər daha çox Rusiyadakı ultramillətçilərin uydurmasıdır. Onun qənaətinə görə, qeyri rusların ölkənin biznes şəbəkəsinə daxil olması, normal şəkildə pul qazanıb Rusiyanın ictimai-siyasi həyatına qoşulması ölkə daxilində qəbul edilmir. Elə bu səbəbdən də qeyri-ruslara qarşı hücumlar tez-tez olur.


Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsi isə Rusiyada indiyə qədər baş verən hadisələrin təhlilini aparır. Komitənin Rusiya ilə İş Şöbəsinin müdiri Nazim Qaraxanov deyir ki, aparılan təhlillər göstərir ki, bu kimi kriminal hallar daha çox bazarlarda və digər ticarət obyektlərində olduğundan baş verənlər milli zəmində deyil, iqtisadi sahələrin bölüşdürülməsilə bağlıdır.


Bu barədə hansısa bəyanat və Rusiya hökumətinə müraciət olunub-olunmasına gəlincə, cənab Qaraxanov hesab edir ki, bu, daha çox Xarici İşlər Nazirliyi və Azərbaycanın Rusiayadakı səfirliyinə aid bir məsələdir.


Nazim Qaraxanovun bildirdiyinə görə, komitə gələn ilin martında Rusiya hüquq-mühafizə oqranlarının iştirakı ilə Moskvada azərbaycanlıların problemlərinə həsr olunmuş geniş müzakirələr aparmağa hazırlaşır. O, deyir ki, azərbaycanlıların Rusiyada döyülməsi, öldürülməsilə bağlı indiyə qədər apardıqları təhlilləri də həmin tədbirdə müzakirəyə çıxarmaq istəyirlər.


Ümid Partiyasının sədri, milət vəkili İqbal Ağazadə isə bu məsələdə Azərbaycan hökumətinin tutduğu mövqedən narazıdır. Onun fikrincə, əslində, baş verənlər hüquqi müstəvidə araşdırılası bir məsələdir, amma nədənsə, Azərbaycan bu məsələdə bir qədər Rusiyadan çəkingən mövqe nümayiş etdirir, Moskva ilə münasibətlərin gərginləşəcəyindən ehtiyatlanır. Cənab Ağazadə bildirir ki, onlar bu məsələni parlamentdə indiyə qədər də səsləndiriblər, bundan sonra da səsləndirə bilərlər, bundan başqa, Azərbaycandakı rus icmasının nümayədələrilə həmin yerlərə səfərlər də etmək çətin deyil, amma bütün hallarda problem dövlət səviyyəsində müzakirə olunmasa, görülən bu kimi tədbirlər ciddi nəticə verməyəcək.


XS
SM
MD
LG