Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 04:01

«Azadlıq» radiosunun müxbiri Türkmənistan həbsxanasında vəfat edib


Oqulsapar Muradova avqustun 25-də yeddi il müddətinə azadlıqdan məhrum edilmişdi
Oqulsapar Muradova avqustun 25-də yeddi il müddətinə azadlıqdan məhrum edilmişdi
«Azadlıq» radiosunun türkmən xidmətinin müxbiri Oqulsapar Muradova saxlandığı həbsxanada vəfat edib. Onun əllidən çox yaşı var idi. Rəsmilər bu ölümün təbii olduğunu deyirlər, amma hüquq müdafiəçiləri və qohumları onun qətlə yetirildiyini istisna etmirlər. Xanım Muradova yeddi illik həbs cəzası almışdı. Beynəlxalq hüquq müdafiə təşkilatları ona qarşı irəli sürülən ittihamları uydurma hesab edirdilər.

Türkmənistan Helsinki Fondu Oqulsapar Muradovanın ölümünü «siyasi qətl» adlandırıb. Fond nümayəndəsi jurnalistin övladına istinadla bildirir ki, onun boynunda ləkələr və başında böyük yara varıymış.


Xanım Muradovanın nə vaxt və hansı şəraitdə vəfat etdiyi aydın deyil. Onun hansı həbsxanada saxlandığı da bilinmirdi.



Qohumları «Azadlıq» radiosunun türkmən xidmətinə deyiblər ki, rəsmilər bunun təbii ölüm olduğuna inandırmağa çalışıblar. Rəsmilər həmçinin bildiriblər ki, xanım Muradovanın həbsi və saxlanmasında iştirak etməyiblər, onu Milli Təhlükəsizlik Nazirliyi həbs etmişdi.



Türkmənistan Helsinki Fondunun sədri Tacıgül Beqmetova jurnalistin səhhətində heç bir problemin olmadığını, amma həbsdən sonra dərman istədiyini deyib: «O vaxt bu bizi təəccübləndirdi. Necə ola bilər ki, sağlam adamın səhhətində birdən-birə problemlər yaransın. Rəsmilərin onun səhhətindəki problemlərə görə öldüyünü demələri isə yalandır».


Xanım Beqmetova deyir ki, Muradovanın övladları onun meyitinin müstəqil müayinəsini tələb edəndə, meyitxananın işçiləri onlara hədə-qorxu gəliblər. Amerika səfirliyinin əməkdaşlarına isə meyidə baxmağa icazə verməyiblər.


Oqulsapar Muradova bir neçə hüquq müdafiəçisi ilə bir yerdə iyunun ortalarında saxlanılmışdı. Avqustun 25-də o, hərbi sursat saxlamaqda ittiham olunaraq yeddi il müddətinə azadlıqdan məhrum edilmişdi.


AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG