Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 14:32

Xəyal, yoxsa gerçəklik?


2008-ci ildə Azərbaycanda 40 olimpiya kompleksinin istifadəyə verilməsi planlaşdırılır
2008-ci ildə Azərbaycanda 40 olimpiya kompleksinin istifadəyə verilməsi planlaşdırılır
Bir neçə gündən sonra Gənclər və İdman naziri Azad Rəhimov Çinə gedəcək və bu ölkədə keçiriləcək 2008-ci il yay olimpiya oyunlarına hazırlığın vəziyyətiylə tanış olacaq. Nazirlikdən verilən məlumata görə, cənab Rəhimovun səfərinin əsas məqsədi həm də Çindəki olimpiya təcrübəsini öyrənməkdir. Çünki Azərbaycan 2016-cı il yay olimpiya oyunlarının Bakıda keçirilməsi təklifi ilə çıxış edib.

Bu təklif cəmiyyətdə birmənalı qarşılanmayıb. Gənclər və İdman Nazirliyi Mətbuat Xidmətinin rəhbəri Raqif Abbasov deyir ki, Azərbaycanda yay olimpiya oyunlarının keçirilməsinə şərait var. Onun fikrincə, son vaxtlar ölkədə idman qurğularının tikintisi genişlənib, iqtisadiyyat isə inkişaf edir: «Azərbaycanda 11 olimpiya kompleksi fəaliyyət göstərir, dördünün təməli qoyulub və tikilməkdədir. 2008-ci ildə 40 olimpiya kompleksinin istifadəyə verilməsi planlaşdırılır. Ölkədə Avropa, dünya çempionatları keçirilir. Mehmanxanalar, yeni hava limanları tikilir, yollar salınır, heç bir ölkəylə viza problemi yoxdur. Bütün bunlar Bakıya ev sahibliyi etmək imkanı verir».


İdman şərhçisi Coşqun Eldaroğlu isə bildirir ki, bu təklifin həyata keçirilməsi real görünmür. Onun fikrincə, həm idman sahəsindəki problemlər, həm mövcud infrastruktur bu istəyi reallaşdıra bilməz: «Siyasi müstəvidə də stabillik yoxdur. Qarabağ problemi, iqtisadi- sosial durum, Azərbaycan vətəndaşının buna hazır olmaması...Mən bilən bu, ancaq bir ideyadır».


İqtisadçı ekspert Azər Mehtiyev isə bildirir ki, Qarabağ münaqişəsinin həll olunmamasından daha çox, ölkənin iqtisadi potensialı yay olimpiya oyunlarına ev sahibliyi etməkdən ürəklə danışmağa imkan vermir: «Bu gün Azərbaycanın nə infrastrukturu, nə də idman qurğularının vəziyyəti belə böyük yarışın keçirilməsinə təminat vermir».


2008-ci ildə Çində keçiriləcək yay olimpiya oyunlarında 2012-ci ildə növbəti olimpiadanın harada olacağı elan ediləcək. Bu müddət ərzində 2016-cı ilə qədər ölkələrin namizədliyi qəbul ediləcək.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG