Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 18:21

Həm təhsil al, həm də həyata hazırlaş


Orta Doğu Texnik Universitetində məzunu Elşad Abdullayev, 12 sentyabr 2006
Orta Doğu Texnik Universitetində məzunu Elşad Abdullayev, 12 sentyabr 2006

«14-24» dünya universitetlərinin reytinq cədvəlində ilk onluğa daxil olan Türkiyədəki Orta Doğu Texnik Universitetindən və ora qəbul olmağın yollarından bəhs edir.


1956-cı ildən fəaliyyət göstərən Orta Doğu Texnik Universitetində hazırda 46 ixtisasın cəmləndiyi 5 fakültə var. Bu ali məktəbdə mühəndislik, memarlıq, iqtisadiyyat və idarəetmə, pedaqogika və digər texniki və humanitar ixtisaslara yiyələnmək mümkündür. Universitetin 9 tədris korpusu, 500 minə yaxın vəsaiti olan kitabxanası, 24 saat işləyən kompyuter mərkəzləri və fənn laboratoriyaları, karyera mərkəzi, arxeoloji və texniki muzeyləri, radiosu və digər mədəniyyət mərkəzləri fəaliyyət göstərir. Orta Doğu Texnik Universitetində bakalavr pilləsi üzrə 5 il təhsil almış Elşad Abdullayev deyir ki, bu ali məktəb tələbəyə təkcə təhsil vermir, həm də onu həyata hazırlayır: «Burda fərqli təhsillə yanaşı, tələbələr üçün geniş imkanlar yaradılıb. Universitet müasir informasiya texnologiyaları ilə zəngindir. Burda təhsil alan tələbənin mütləq mükəmməl kompyuter biliyi olmalıdır».


Orta Doğu Texnik Universitetində tədris ingilis dilində olduğundan bu ali məktəbə qəbul olmaq istəyənlər mütləq ingilis dili imtahanı verməlidirlər. Amma ingilis dilini yetərincə bilməyən tələbələrə də imkan yaradılır ki, universitetin ingilis dili kurslarına yazılsınlar. Universitetə qəbul olduqdan sonra isə burada 15-ə yaxın xarici dil öyrənmək şansı var: «Ayrıca dil fakültəsi olmamasına baxmayaraq, universitetdə 15-ə yaxın dil tədris olunur. Tələbə əlavə fənn kimi yapon, rus, alman, ispan və başqa dilləri öyrənə bilər. Eşitdiyimə görə, bu yaxınlarda Skandinaviya və Yaxın Şərq ölkələrinin dilləri də tədris olunacaq».


Tədris ödənişlidir. Burada təhsil almaq istəyən azərbaycanlı tələbə hər semestr üçün ixtisasından fərqli olaraq 120-150 Amerika dolları pul ödəməlidirlər. Bu ali məktəbdə fərdi yolla təhsil almaq istəyən azərbaycanlı tələbələr Bakıda Türkiyə səfirliyinin nəzarəti altında imtahan verirlər. Test üsulu ilə olan imtahanda tələbənin əsasən məntiqi və riyazi biliyi yoxlanır, bundan başqa fizika, kimya, biologiya, coğrafiya və tarixə dair də suallar verilir. Magistr pilləsi üzrə imtahan isə artıq universitetin özündə götürülür və suallar sırf ixtisasla bağlı olur.


Tələbələr Orta Doğu Texnik Universitetində həm də dövlət xətti ilə, yəni xərc çəkmədən də oxuya bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il Türkiyənin bir neçə universitetinə, o cümlədən Orta Doğu Texnik Universitetinə tələbə qəbulu keçirir. Həm bakalavr, həm də magistr pilləsi üzrə test üsulu ilə keçirilən imtahandan müvəffəqiyyətlə keçən tələbələrin bütün təhsil xərclərini Türkiyə Respublikası ödəyir.



«14-24»ÜN BUDƏFƏKİ SAYINI ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG