Keçid linkləri

logo-print
2016, 03 Dekabr, şənbə, Bakı vaxtı 21:48

«Xalq Cəbhəsi»: «Hökumətin uğursuz ipoteka siyasəti»


«Gündəlik Azərbaycan» qəzetindəki «Daşkəsəndə kəndlərin çoxu boşalıb» başlıqlı məqalədə bildirilir ki, bu yaxınlarda ölkə başçısının Qərb bölgəsinə edəcəyi səfərlə əlaqədar olaraq Daşkəsən rayonunda sürətlə abadlıq işləri gedir. Gəncədən rayonadək asfalt çəkilib, artıq mərkəzdə abadlıq işləri aparılır və binalar rənglənib. Demək olar ki, rayonun inzibati binalarının əksəriyyətində təmir işləri aparılır. Təmir olunan binalardan bir neçəsinə isə yeni üzlük çəkilir. Bir sözlə, Daşkəsəndə bir canlanma və yeniləşmə hiss olunmaqdadır. Rayonda gedən yeniləşmə prosesi və aparılan abadlıq işlərini sakinlər müsbət qarşılasalar da, sosial durumları olduqca ağırdır. Son vaxtlar xırda-para iş yerlərinin təşkil olunması maddi durumun məngənəsində boğulanların «yarasına» məlhəm olmur. Rayonun özünün torpaq sahəsi olmadığına görə, sakinlərə pay torpaqları verilməyib. Bu da işsiz əhalinin vəziyyətinin daha da ağırlaşmasına səbəb olub.


«Xalq Cəbhəsi» qəzetindəki «Hökumətin uğursuz ipoteka siyasəti» başlıqlı məqalədə müəllif yazır ki, hökumət ipoteka kreditlərinin bəzi şərtlərinə dəyişikliklər etməyə hazırlaşır. İpoteka Fondu ipoteka şərtlərinə əlavə və dəyişikliklərlə bağlı təkliflərini hökumətə təqdim edib. Belə ki, kreditin müddəti 15 ildən 25 ilə qədər artırıla, ilkin ödəniş isə 30%-dən 15%-ə endirilə bilər. Bundan başqa, krediti almaq üçün tələb olunan sənədlərin də sayının azaldılması təklif olunur. Bununla belə, kreditin faizi 12% həddində saxlanılacaq. Hökumət qurumları son təklifləri əhaliyə böyük güzəşt kimi təqdim edirlər. Amma əslində bu, qətiyyən belə deyil. Sadəcə olaraq ilkin ödəniş və kreditin qaytarılma vaxtı ilə bağlı güzşətə gedilir. Gənc ailələrin hazırda ipoteka krediti almasını əngəlləyən başlıca maneələr - kredit faizinin yüksək olması, ayda 550-600 dollardan yuxarı əməkhaqqı alınmasına dair arayış və çoxsaylı yorucu sənədləşmələr isə əvvəlki kimi qalır. Bu isə ondan xəbər verir ki, hökumət gənc ailələrə daha güzəştli şərtlərlə kredit vermək, onların mənzil almasına şərait yaratmaq fikrində deyil. Elə bunu indiyədək həyata keçirilən ipoteka siyasəti də sübut edir. Təsadüfü deyil ki, indiyədək cəmi 86 ailə ipoteka krediti götürüb.


«Bakı-Xəbər» qəzetinin əməkdaşı Hacı Məmmədovun rəhbərlik etdiyi dəstənin üzvü olmuş Aslanbek Çintamirovun 3 gün öncə məhkəmədə verdiyi açıqlamanı şərh edib. Həmin açıqlamasında Çintamirov Hacı Məmmədovun ehtiyat dəstəsinin olduğunu və həmin dəstənin heç bir üzvünün indiki təqsirləndirilənlər arasında olmadığını bildirib. Sonrakı məhkəmə prosesində Hacı Məmmədov ehtiyatda dəstəsinin olduğunu etiraf edərək, bu barədə yenə də vaxtı çatanda açıqlama verəcəyini vurğulayıb. Müəllifə görə, bu, artıq növbəti ssenaridən xəbər verir. Belə ki, Hacı Məmmədovun qəribə də olsa, ehtiyat dəstəsinin olmasını bəyan etməsi sonrakı proseslərdə Elmar Hüseynovu, məhz həmin dəstənin üzvlərinin öldürdüyünü deməyə hazırlaşmasından xəbər verir.Mütəxəssislər jurnalistin qətlində rəsmən şübhəli bilinən Tahir Xubanov, Teymuraz Əliyev və digər 3 nəfərin adının, məhz həmin ehtiyat dəstədən çıxacağını proqnozlaşdırırlar.


«Mərkəz» qəzetindəki «Yeni rüşvət dalğası» başlıqlı məqalədə bildirilir ki, ölkənin bəzi məktəblərində nə qədər qəribə də olsa, sabah şagirdlər dərsə müəllimsiz başlayacaq. Hər il ölkənin demək olar ki, bütün ali məktəbləri yüzlərlə müəllim hazırlasa da, onların əksəriyyəti kənddə yaşayan uşaqlara savad verməkdən imtina edir. Rayonlardan fərqli olaraq, Bakı məktəblərində isə müəllimlərin sayı az qala şagirdlərin sayını üstələyir. Nəticədə də dərs saatı üstündə müəllimlər arasında böyük narazılıq yaranır. Bu vəziyyətdən istifadə edən dərs-hissə müdirləri isə əməlli-başlı qazanc götürürlər. Deyilənlərə görə, dərs-hissə müdirləri hər müəllimə 5-6 saat artıq dərs verməyin müqabilində 100 dollara kimi rüşvət istəyirlər. İmkanı olan bu pulu verib, bir neçə stavka dərs alır, pulu olmayanlar isə həftədə 8-10 saatla kifayətlənməli olurlar. Halbuki nazirin xüsusi əmrinə görə, 1 müəllimə 12 saatdan az dərs verilə bilməz.


XS
SM
MD
LG