Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:58

Yeni teatr mövsümü başlayır


İncəsənət Muzeyi, Dövlət Filarmoniyası, Respublika Sarayında sentyabrın 15-dən sonra açılışlar keçiriləcək
İncəsənət Muzeyi, Dövlət Filarmoniyası, Respublika Sarayında sentyabrın 15-dən sonra açılışlar keçiriləcək

Bir neçə gündən sonra teatrlar, muzeylər, sərgi salonları qapılarını tamaşaçıların üzünə açacaq. Bununla da yeni mövsümə start veriləcək. Artıq açılışa başlayanlar da var. 75 yaşını keçirən Dövlət Kukla Teatrı yeni mövsümə «Cırtdan» tamaşasıyla başlayıb. Teatr yeni tamaşaları da səhnələşdirir. Aktyorlar «Sizin saat» adlı tamaşa üzərində işləyirlər. Teatrın baş rejissoru Ələkbər Hüseynov deyir ki, bu tamaşada kuklalar müğənniləri yamsılayacaqlar. Tamaşanın premyerası sentyabrın 24-də olacaq. Kukla Teatrının hazırlayacağı yeni tamaşalar sırasında «Kral», «Məlikməmməd», «Bremen musiqiçiləri» tamaşaları da olacaq. Ələkbər Hüseynov deyir ki, artıq bir neçə ildir repertuardan çıxarılmış «Tıq-tıq xanım» da yenidən səhnəyə qayıdacaq.


Akademik Dövlət Opera və Balet Teatrında da məşqlər gedir. Truppa Üzeyir Hacıbəyovun «O olmasın, bu olsun» tamaşasını hazırlayır. Opera və Balet Teatrında ilk dəfə səhnəyə qoyulacaq tamaşanın premyerası oktyabrın 7-də olacaq. Teatrın Mətbuat Xidmətinin rəhbəri Şükufə Ağamirzəyeva: «O olmasın, bu olsun» tamaşası başqa teatrlarda oynanılsa da, bizdə ilk dəfə səhnələşdiriləcək. Ona görə çalışırıq tamaşanı yüksək səviyyədə hazırlayaq». Məşədi İbad rolunda Azər Zeynalov oynayacaq. Gülüstan Əliyeva, Şahlar Quliyev, Natəvan İsmayılov digər rolları ifa edəcəklər. Opera və Balet Teatrı yeni mövsümü isə sentyabrın 19-da Üzeyir Hacıbəyovun «Arşın mal alan» tamaşasıyla açacaq.


Akademik Milli Dram Teatrı isə mövsümü sentyabrın 21-də «Hökmdar və qızı» tamaşasıyla açacaq. Teatrdan verilən məlumata görə, tamaşadan əvvəl teatr binasının qarşısında aktyorların əhaliylə görüşü olacaq.


Gənc Tamaşaçılar Teatrı qapılarını sentyabrın 24-də açacaq. Həmin gün teatrın səhnəsində «Mənim ağ göyərçinim» tamaşası oynanacaq. Şəhriyar adına Mədəniyyət Mərkəzində yerləşən Bakı Kamera Teatrı isə sentyabrın 16-da Hüseyn Cavidin «Şeyx Sənan» musiqili faciəsinin premyerasını keçirəcək. Rəşid Behbudov adına Mahnı Teatrında sentyabrın 16-da konsert olacaq.


Sərgi salonları da yeni mövsümə hazırdır. «Qala» Rəsm Qalereyasının direktoru Eldəniz Babayevin verdiyi məlumata görə, salon bütün yayı açıq olsa da, mövsümə xüsusi hazırlıq görüb: «Mövsümü Mirteyyub Xəlilovun fərdi sərgisiylə açacağıq. Xəzərə aid rəsmlər olacaq. Qala qalereyasının ad günü də olacaq. Hər halda bunu da növbəti sərgiylə qeyd edəcəyik».


İncəsənət Muzeyi, Dövlət Filarmoniyası, Respublika Sarayında sentyabrın 15-dən sonra açılışlar keçiriləcək. Yeni fəaliyyətə başlayan mədəniyyət ocaqları sırasında isə Bakı Yaradıcılıq Klubunun da adı var. Uzun müddət fəaliyyətsiz qalmış, hazırda isə təmir işləri davam edən Yaşıl Teatrın açılışı isə gələn ilin mayında olacaq.


XS
SM
MD
LG