Keçid linkləri

2024, 20 May, Bazar ertəsi, Bakı vaxtı 20:51

Şərq və Qərb yenə Azərbaycanda görüşdü


«Şərq-Qərb» Film Festivalı 8-ci dəfədir ki, keçirilir
«Şərq-Qərb» Film Festivalı 8-ci dəfədir ki, keçirilir

«Azadlıq» radiosunda «İz» mədəniyyət proqramın bu dəfə «Şərq-Qərb» kino festivalından söz açır. Mövzu bələdçisi bu beynəlxalq kino şənliyinin direktoru Abbas Əliyevdir.


AZADLIQ: Festivalın adı sanki Azərbaycanın coğrafi durumundan götürülüb. Digər yandan qarşıda duran alternativləri də göstərir. Bənzər yanaşmaya münasibətiniz?


ABBAS ƏLİYEV: Avrasiya məkanında yerləşiriksə, «Şərq-Qərb» dialoqunu gerçəkləşdirməyə ən uyğun məkanıq. Avropa qılıqlı və Şərq ürəkli olmağımız barədə çox deyilibsə, burada bəlli həqiqətin də payını danmaq olmaz.


AZADLIQ: Bu kino şənliyi 8-ci dəfə keçirilir. Hansı uğurlara sevindiniz və hansı yanlışları aradan qaldırmağa macal tapmadınız?


ABBAS ƏLİYEV: Azərbaycan kinematoqrafçılarını özünə qapanmaqdan qoruya bildik. Vaxtilə dövlətdən maliyyələşdirilən «vahid ümumsovet kinosu»na əsaslı, ya əsassız xiffəti zəiflətdik. Prodüser kinosunun mexanizmini az-çox anlada bildik. Dünya kino sənətçiləri ilə ölkə sənətçilərinin fikir mübadiləsinə imkan yaratdıq. Seyrçilər keyfiyyətli və peşəkar ekran örnəklərini görə bildilər. Bütün bunlar əlbəttə ki, sevindirici hallardır. Başlıca yanlışımızsa-«Şərq-Qərb»i yarışma festivalına çevirə bilməməyimizdir. Elə olardısa, iştirakçıların sayı artar, dünyadakı ən yaxşı filmlərin göstərilməsinə nail olardıq.


AZADLIQ: Festival ünlü türk kinorejissoru Nuri Bilgə Ceylanın «İqlimlər» filmiylə bağlınır. Onunla necə bağlantı qurdunuz və filmin Bakıda göstərilməsinə necə nail oldunuz?


ABBAS ƏLİYEV: «İqlimlər» Nuri Bilgəyə böyük şöhrət gətirib. Dünyada 500-dən çox festival keçirilir. Bunun 250-dən çoxundan o, dəvət alıb. Hazırda yeni film çəkdiyindən Bakıya gələ bilmədi. Ancaq qardaş ölkə olduğumuzdan, filmi bizim festivalda göstərməyimizə yardım etdi. Nə qədər qəribə səslənsə də, filmin surəti Hindistandan gətirib.


AZADLIQ: Abbas bəy, festifalda Azərbaycan kinosevərləri hansı dəyərli qonaqlarla və ekran əsərləri ilə tanışlığa fürsət tapdılar?


ABBAS ƏLİYEV: Çox geniş siyahıdır. Fransadan ssenarist Georgi Branyev, Marsel Teatr festivalının direktoru Rişar Marten, Litvadan kinorejissor Audryus Yuzenas, Latviyadan «Riqa» kinosalonunun direktoru Vents Norsts, Macarıstandan kinoşünas İvan Forqas, Türkmənistandan Xocaqulu Narlıyev, aktrisa Maya Aymedova və onlarca başqa xarici qonaq şənliyə təşrif buyurub. Litvanın «Getto», İranın «Ofsayd», Macarıstanın «Qohumlar», Tacikistanın «Dilək təqvimi», Rusiyanın 4 filmi, o cümlədən məşhur «Alatoran» filmi, Özbəkistanın «Vətən» filmi, Qırğızıstanın «Cənnət quşları» filmi, Qazaxıstanın «Anayol» filmi, türkiyənin «İqlimlər» və Azərbaycanın «Əlvida cənub şəhəri» filmləri ölkə kinosevərlərinə göstərildi.


AZADLIQ: Bakı festivalı ənənəyə çevrilib. Ünlü sənətçilər gəlirlər, görüşürlər, gedirlər...Azərbaycan kinematoqrafçıları bundan nə qazanırlar?


ABBAS ƏLİYEV: Sənət planlarını paylaşır, yeni layihələrini dəqiqləşdirir, birgə layihələr düşünür, sənət bilgilərini artırır və s. və i.a. Ən başlıcası ünlü prodüserlərlə tanış ola bilirlər. Bu isə, yeni layihələri maliyyələşdirmək, dünya ekranlarına çıxman şansı gətirir. Festivalın faydasını yeni kino əsərlərində, milli kinematoqrafın inkişafında artıq müşahidə etməkdəyik.


XS
SM
MD
LG