Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 16:06

«Hazırda beynəlxalq terrorizm «reketçiliklə» məşğuldur»


«Şərq Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluyla söhbət, 8 sentyabr 2006
«Şərq Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Orucluyla söhbət, 8 sentyabr 2006

Düz 5 il əvvəl bütün dünyanı sarsıdan hadisə baş verdi. 2001-ci il sentyabrın 11-də ABŞ-da təxminən eyni vaxtda törədilən terror hadisələri zamanı minlərlə dinc vətəndaş həlak oldu. 11 sentyabr hadisələrinin üstündən ötən beş il ərzində dünyanın düzəni xeyli formada dəyişdi. ABŞ həm Əfqanıstan, həm də İraqa hücum etdi, amma İraqa müdaxiləni dünya ictimaiyyətinə anti-terror əməliyyatı kimi izah edə bilmədi. Bundan sonra müəyyən şərhlər ortaya çıxdı. Hətta 11 sentyabr hadisələrinin planının guya Vaşinqtonda çəkildiyi barədə məlumatlar səsləndi.


«Şərq Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclu «Azadlıq» radiosunun Bakı Bürosunda bu mövzuda keçirilən müzakirədə bu cür fikirləri radikal anti-amerikan yanaşmanın təzahürü kimi qiymətləndirdi: «ABŞ-ın idarəetmə sistemi son dərəcə mürəkkəbdir. Burada 10-dan artıq xüsusi xidmət orqanları var ki, bir-birləri ilə rəqabət aparırlar. Amerikada müstəqil məhkəmə sistemi var, hansı ki, axtarıb nəyisə tapa bilərdi. Amerikada siyasi mübarizə var. Respublikaçılar hakimiyyətdədir, onlar belə bir şeyi həyata keçirmiş olsaydılar, müxalifətdə olan demokratlar araşdırıb bunu tapardılar və respublikaçıları öz siyasi rəqibləri kimi Amerika siyasətindən tamamilə silərdilər».


Cənab Oruclu belə bir mülahizə irəli sürür ki, hazırda beynəlxalq terrorizm reket üsuluna keçib. O, artıq özü sponsorluq edir, o, haqq almaqla məşğuldur: «Məsələn, Kral Fəthin ölümündən sonra «əl-Qaidə» Səudiyyə Ərəbistanına qarşı bir dənə də olsun aksiya həyata keçirməyib. Güman edirəm ki yeni rəhbərlik müəyyən güzəştlərə gedib, hansısa reallıqla hesablaşıb. Əslində, Kral Fəth daha güclü lider idi, amma buna baxmayaq, Üsamə bin Ladenin terrorçuları Səudiyyə Ərəbistanında müntəzəm olaraq terror aktları həyata keçirirdi. Amma bu aksiyalar davam etmir... Yaxud, məsələn, Birləşmiş Ərəb Əmirliklərinə külli miqdarda iqtisadi zərbə vurmaq Bin Laden üçün heç bir şeydir. Dubayda iki-üç ciddi terror aktı kifayət edər ki, milyonlarla insan ora getməkdən, orada iş aparmaqdan çəkinsin. Deməli, mənim fikrimcə, artıq beynəlxalq terrorizm keçib reket üsuluna. Başlayıb dövlətləri şantaj etməyə...»


«İspaniyada seçki ərəfəsi iqtidar deyirdi ki, biz qoşunlarımızı İraqda saxlayacağıq, müxalifətsə deyirdi ki, qoşunları İraqda saxlasaq, terrora məruz qalacağıq. «Əl-Qaidə» bundan ani istifadə etdi. Seçkilərə bir az qalmış İspaniyada dəmiryol qatarında törədilən seriya terror aktı müxalifətin qələbəsinə səbəb oldu. Bu, o demək deyil ki, İspaniya müxalifəti «əl-Qaidə» ilə əlbir idi. Amma bu, o deməkdir ki, «əl-Qaidə» bütün potensial düşmən saydığı dövlətlərdə siyasi prosesləri incəlikləri ilə izləyir. Hətta bu cür metodlarla o dövlətlərdəki siyasi proseslərə təsir edə bilir».



«Şərq Qərb» Araşdırmalar Mərkəzinin rəhbəri hesab edir ki, terrorizmin kökünü kəsməyin tək yolu demokratiyadır: «Təbii, terrorizm elə bir şeydir ki, onunla kompleks mübarizə aparılmalıdır. Düşünmək lazım deyil ki, sabah ərəb dövlətlərində və yaxud da başqa dövlətlərdə demokratik inkişaf başlasa, terrorçular hamısı demokrat olacaqlar... Nə qədər ki, münaqişə var, motivasiya var, terrorizm mövcud olacaq. Amma demokratik dövlətlərdə terrorçu təşkilatlar nadir hallarda yaranır. Bütün terrorçu təşkilatlar totalitar düşüncəli cəmiyyətlərdə yaranır»



«PANORAMA»DA BU MÖVZUDA ƏTRAFLI SÖHBƏTİ DİNLƏYİN
XS
SM
MD
LG