Keçid linkləri

2024, 28 Mart, Cümə axşamı, Bakı vaxtı 22:48

Kəhrizlər içməli su problemini həll edə bilər


Ekspertlər 4 min il tarixi olan kəhrizlərin itib-batmasından narahatdır
Ekspertlər 4 min il tarixi olan kəhrizlərin itib-batmasından narahatdır

Azərbaycanın ayrı-ayrı bölgələrində mərkəzləşmiş su sistemindən, artezian quyulardan istifadə edilsə də, bu, əhalinin suya tələbatını ödəmir. Bəzi mütəxəssislər də problemin həllini vaxtilə ölkəni su ilə təmin edən kəhriz sisteminin bərpasında görürlər. Dünyanın 41 ölkəsi də öz su probleminin həlli üçün bu sistemdən istifadə edir. Naxçıvan Dövlət Universitetinin dosenti Əlövsət Quliyevin sözlərinə görə, Azərbaycanın kəhriz suları ehtiyatı digər su mənbələrindən, məsələn, Kür çayı ilə suvarılan su anbarlarının ehtiyatından daha çoxdur. Ehtiyatı 400 milyon kub metr olan kəhrizləri su qıtlığı çəkən kəndlər, rayonlar üçün həm içməli, həm də suvarma baxımından əlverişli sayan cənab Quliyev 4 min il tarixi olan kəhrizlərin itib-batmasından narahatdır: «Kəhrizlər həm alternativ, ekoloji cəhətdən təmiz su mənbəyi, həm də tarixi abidədirlər».


Ötən əsrin 30-cu illərinə qədər əksər kəhrizlər işləyib, ancaq sonradan yeni mərkəzləşmiş su sisteminin yaradılması nəticəsində onlar sıradan çıxıb. Əlövsət Quliyev deyir ki, vaxtilə Azərbaycanda 1000-dən çox kəhriz sistemi olub. İtib-batan kəhrizlər isə indi həm ekoloji cəhətdən problem yaradır, həm də şəhərsalmaya fəsadlar törədir: «Şəhərsalmada mənfi təsiri olur. Binaların altından gedən kanalizasiya xətləri qarışır, çirkli su mənbəyi yaranır. Məsələn, Naxçıvanda binalar batdı, yollar çökdü. Buna dövlət nəzarəti olmalıdır».


Naxçıvanda artıq 20-yə yaxın kəhriz bərpa olunub. Üç ildir ki, Muxtar Respublikada kəhriz sistemi üzrə dövlət idarəsi də yaradılıb. Amma kəhrizləri bərpa eləmək üçün bu peşənin mütəxəssislərinə-kankanlara ehtiyac var. Azərbaycanda kəhrizlərin bərpasıyla bağlı layihə həyata keçirmək istəyən Beynəlxalq Miqrasiya Təşkilatının Azərbaycan ofisi də kankan tapmadığından kadrları özü hazırlamağa qərar verib. Təşkilatın Naxçıvan ofisinin rəhbəri Cavid Nəsirov deyir ki, onlar Naxçıvanda 15 nəfər kankan hazırlayandan sonra Gəncəbasar bölgəsinə üz tutdular. Çünki bu bölgədə 4 kəhriz sisteminin bərpası nəzərdə tutulur: «Biz icmalarla danışırıq, harada daha çox problem varsa, orda bu layihəni icra edirik. Artıq qərb bölgəsində 4 kəhriz bərpa edəcəyik. Hələlik kadrları hazırlayırıq».


Naxçıvan Dövlət Universitetinin dosenti Əlövsət Quliyev də bu sahədə kadr hazırlığını vacib sayır. Onun fikrincə, kəhrizlərin bərpası həm qədim peşə olan kankanlığın unudulmaması, həm də yeni iş yerlərinin açılması deməkdir. «Bəs nəyə görə kəhriz texnika ilə yox, qədim üsulla qazılır» sualını da cavabsız buraxmayan cənab Quliyev deyir ki, kankan torpağın 40-50 metr dərinliyində 60-70 sm eni olan yerdə çalışır. Yeni texnologiyanın tətbiqini mümkün sayan Əlövsət Quliyevin sözlərinə görə, bunun üçün xüsusi təkmilləşdirilmiş texniki avadanlıq olmalıdır. Belə avadanlıq isə hələlik Azərbaycanda yoxdur.


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG