Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 06:58

Mançester Universitetində tələbələr həm öyrədir, həm də öyrənir


Mançester Universitetinin magistri Aybəniz Məmmədovayla söhbət, 5 sentyabr 2006

Mançester Universitetinin magistri Aybəniz Məmmədovayla söhbət, 5 sentyabr 2006

«Azadlıq» radiosunun «14-24» verilişi budəfəki sayında Böyük Britaniyanın Mançester Universitetindən bəhs edir. 1824-cü ildə qapılarını tələbələrin üzünə açan Mançester Universiteti Mançester şəhərində yerləşir. Britaniyadakı ali məktəblərin 2005-ci il üzrə reytinq cədvəlində birinci yerdə duran Mançester Universitetində incəsənət, hüquq, tibb, pedaqogika, mühəndislik və digər ixtisaslar üzrə təhsil almaq imkanı var. Amma, bu ali məktəb daha çox aerokosmonaftika və tibb üzrə təhsil verməkdə liderliyi əlində saxlayan universitetlərdən biridir. Ötən il Mançester Universiteti üçün tarixi əhəmiyyətli bir il olub. 2005-ci ilin oktyabrında Mançester Universitetinə onunla eyni şəhərdə yerləşən Viktoriya və Mançester Texniki Universiteti də birləşdirildi. Bu tarixi hadisənin şahidi, Mançester Universitetində magistr pilləsi üzrə təhsil almış Aybəniz Məmmədova deyir ki, bu birləşmə nəticəsində universitetdə tədrisin səviyyəsi daha da yaxşılaşdı: «Birləşmə çox şey vəd etdi. Hər şeydən əvvəl kitabxanalar bir mərkəzdə birləşdirildi və nəticədə çox zəngin bir kitabxana fəaliyyətə başladı. Daha sonra texniki fakültələrin laboratoriyaları birləşdirildi. Universitetin siyasəti üçün də bu çox əhəmiyyətli hadisə oldu».

Aybəniz Məmmədova deyir ki, Mançester Universitetində tədrisin üstün cəhətləri tələbələr üçün yaradılan geniş imkanlarda və tələbə-müəllim münasibətlərində özünü göstərir: «Çox fərqlənin onların təhsil sistemləri. Texniki fakültələrdə daha çox laboratoriyalar var, onların cihazları zəngindir. Daha sonra kitabxanalar çox zəngindir, kitabxanalarda kompyuter sistemi yüksək səviyyədədir. Üçüncü üstün cəhət isə müəllim-tələbə münasibətlərindədir. Onlar dost münasibətlərindədir, bu da tələbəyə ən böyük köməkdir».


Mançester Universitetində əksər xarici dilləri öyrənmək imkanı da var. Aybəniz deyir ki, burada öyrədən də, öyrənən də elə tələbələrin özləridir: «Universitetin Tələbə Şurası var. Orada hər kəs öz marağına uyğun nəsə tapa bilər. Dil dərsləri də var ki, orda tələbələr özləri müraciət edib bildikləri dilləri başqa tələbələrə öyrədə və ya özləri istədikləri xarici dili öyrənə bilərlər».


Mançester Universitetinə azərbaycanlı tələbələr iki yolla daxil ola bilərlər. Fərdi yolla bu ali məktəbin bakalavr pilləsinə qəbul olmaq istəyən tələbələr riyaziyyat və ingilis dilindən ümumi imtahan və seçdiyi ixtisasa görə ixtisas imtahanı verməlidir. Mançester Universitetində tədris ödənişli olduğundan qəbul olan tələbələr fakültədən asılı olaraq bir il üçün 14 və ya 34 min ABŞ dolları arasında pul ödəməlidirlər.


Bu məbləğ Mançester Universitetində təhsil almaq arzusunda olanları qorxutmasın, çünki azərbaycanlı tələbələr bu ali məktəbdə pulsuz-parasız da təhsil ala bilərlər. Bunun üçünsə gərək «Soros» fondu və «Britiş Consul»un hər il həyata keçirdiyi təhsil proqramlarında qalib gələsən. Hər iki təşkilat imtahanı payız aylarında keçirir. İmtahanlar 3 mərhələdən-ərizə formasını doldurmaq, müsahibə və ingilis dili imtahanından ibarət olur.


Sosial təminatı az olan tələbələrə şad xəbər


İqtisad Universitetinə bu il daxil olmuş sosial təminatı az olan tələbələrə şad xəbərim var. Bu ilin oktyabr ayında İqtisad Universitetinə daxil olmuş az təminatlı tələbələr üçün 4 aylıq pulsuz kompüter kursları təşkil olunacaq. Kursların təşkilatçısı olan «İrəli» Gənclər Hərəkatının həmtəsisçisi Fərhad Məmmədli deyir ki, əsas məqsəd gənclərə gələcək karyeralarını qurmaqda köməkçi olmaqdır.


Fərhad Məmmədli deyir ki, kurslara yazılmaq istəyən tələbələr oktyabradək istədikləri vaxt İqtisad Universitetinin Tələbə Gənclər Təşkilatına müraciət etməklə qeydiyyatdan keçə bilərlər. Fərhad Məmmədlinin sözlərinə görə, hələ ki, təkcə İqtisad Universitetində həyata keçirilən bu layihə istənilən nəticəni verərsə digər ali məktəblərdə də belə kursların təşkili nəzərdə tutulub.


«14-24»ÜN BUDƏFƏKİ SAYINI ƏTRAFLI DİNLƏYİN


XS
SM
MD
LG