Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 17:04

Yetkinlik yaşına çatmayan məhbuslar imtahan verəcək


İmtahanda iştirak edəcək uşaqlar sevincli və həyəcanlı idilər
İmtahanda iştirak edəcək uşaqlar sevincli və həyəcanlı idilər

Yeni dərs ilindən Azərbaycanda ilk dəfə olaraq məhbuslar təhsillərini davam etdirmək imkanı qazanıblar. Sentyabrın 8-də ölkə ərazisində 9 illik təhsil bazası əsasında orta ixtisas məktəblərinə imtahan keçiriləcək. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) bu il ilk dəfə olaraq yetkinlik yaşına çatmayan məhbuslara da imtahanda iştirak etmək imkanı yaradıb. Onlara dərs demiş Bakı Dövlət Universitetinin müəllimi Nabir Məmmədov bildirir ki, əvvəlcə cəzaçəkmə yerindəki uşaqların ümumi bilik səviyyəsi yoxlanıb, sonra onların arasında seçilənlərə imtahan verəcəkləri ixtisaslar üzrə dərs keçilib: «Qabiliyyətli uşaqlar var. Nəticəsini imtahandan sonra görəcəyik».


Uşaqlar iki dəfə sınaq imtahanından da keçib, bəyəndikləri ixtisasları seçiblər. Sənəd qəbulu da elə sentyabrın 7-də keçirildi. TQDK-nın nümayəndəsi ərizə formasını doldurmağı məhbuslara izah etdi. Sənədlərini verib imtahanda iştirak edəcək uşaqlardan Elşən, Sarvan, Rahid sevincli və həyəcanlı idilər. Sarvan: «Sabahkı imtahan həyatıma bir işıq sala bilər», Rahid: «Sabahkı imtahan bir sınaqdır, hansısa peşəyə yiyələnməklə azadlığa çıxanda öz həyatımızı təmin edə bilərik».


TQDK-nın abituriyentlərin hazırlığı kursunun rəhbəri Teymur Mustafayev deyir ki, test ölkə ərazisindəki bütün abituriyentlər üçün necə keçiriləcəksə, cəzaçəkmə yerində də elə keçiriləcək. Bu ilki təcrübə isə növbəti illərdə təkmilləşdiriləcək: «Biz uşaqları fevral ayından hazırlamağa başladıq. İyunun ortasına kimi proqram başa çatdı. Bu, onlarda yaxşı iz buraxacaq, islah olunmaları üçün yaxşı zəmin olacaq».


Cəzaçəkmə yerindəki digər uşaqlar da imtahan verəcək yaşıdlarına uğurlar arzuladılar. TQDK-dan verilən məlumata görə, burdakı imtahan ümumi texnologiya əsasında keçiriləcək, nəticələr bir neçə gündən sonra açıqlanacaq. Burdakı uşaqlardan qəbul olunanlar isə təhsillərini qiyabi davam etdirəcəklər. Onlar dərsliklərlə və müəllimlərlə təmin olunacaq, semestr imtahanlarını da cəzaçəkmə yerində verəcəklər.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG