Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 05:54

Hacı Məmmədovun məhkəməsində istintaqı aparanların şahid qismində dindirilməsi təklif edilib


Sentyabrın 6-da Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hakim Əli Seyfəliyevin sədrliyi ilə Daxili İşlər Nazirliyi (DİN) Baş Cinayət-Axtarış İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfərin məhkəməsi davam etdi. Təqsirləndirilən Nailə Quliyevanın vəkili Vəli Naqdəliyev bildirdi ki, ibtidai istintaq zamanı müdafiə etdiyi şəxsə təzyiqlər olunub. Həmçinin rus dilində təhsil almasına və daim bu dildə ünsiyyətdə olmasına baxmayaraq, ondan Azərbaycan dilində ifadələr alınıb və yaxın qohumları barədə ifadə verməmək hüququnun olmasına dair ona xəbərdarlıq edilməyib. Ona görə də həmin ifadələr əsassız sayılmalıdır. Dövlət ittihamçısı isə Nailə Quliyevanın azərbaycanlı olduğunu və bu dildə mükəmməl danışdığını bildirdi. Qohumları əleyhinə ifadəyə gəlincə, Hacı Məmmədovla Nailə Quliyevanın rəsmi nikahda olmadıqları xatırladıldı. Bundan sonra, müşavirə keçirən hakimlər ifadələrin etibarsız sayılması təklifi ilə razılaşmadılar.


DİN Baş Cinayət-Axtarış İdarəsinin sabiq rəisi, təqsirləndirilən Zakir Nəsirovun vəkili Adil İsmayılov isə ibtidai istintaqı aparanların məhkəmədə şahid qismində dindirilməsini təklif etdi.


Prosesin gedişində Nailə Quliyeva özünü pis hiss etdiyini əsas gətirərək, vəkillərin suallarını cavablandırmadı. Təxminən yarım saatlıq tibbi yardımdan sonra məhkəmə salonuna qayıdan təqsirləndirilən ümumiyyətlə, ifadə verməkdən imtina etdi.


XS
SM
MD
LG