Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 15:54

«Yeni Müsavat»: «Müsavat Partiyası aksiya keçirməklə bağli meriyaya müraciət edəcək»


«Yeni Müsavat» qəzeti xəbər verir ki, Müsavat Partiyası sentyabrın 23-də yürüş-mitinq keçirməklə bağli bu gün meriyaya müraciət edəcək. Müsavat başqanının müavini Arif Hacılı müəlliflə söhbətində bildirib ki, Azərbaycan kimi avtoritar rejimin hökm sürdüyü, korrupsiyanın tüğyan etdiyi ölkədə mitinqlərə uzunmüddətli fasilə verilməsi anormal haldır: «Biz yay aylarında kütləvi aksiyaların keçirilməsi ilə bağlı müraciət etməyi məqsədəuyğun saymadıq. Düşündük ki, yayda aksiyaların təşkili üçün müəyyən problemlər yarana bilər. Amma sentyabr mitinqlərə başlamaq üçün uğurlu aydır».


«Yeni Azərbaycan» qəzetinin əməkdaşı isə, bir neçə müxalifət partiyasının kütləvi aksiyalar keçirmək qərarını şərh edərək bildirir ki, ötən illərdən fərqli olaraq bu dəfə qarşı düşərgə vahid formada aksiya keçirə bilməyəcək. Buna səbəb partiyaların bir-biri ilə rəqabət aparmalarıdır. Müəllifin fikrincə, nəzərdə tutulan mitinqlər hakimiyyətə qarşı deyil, elə müxalifətin özünə qarşı yönələcək. Yəni, müttəfiqlikdən rəqiblərə çevrilən «Azadlıq» bloku ilə Müsavat Partiyası qarşıdakı mitinqlər zamanı bir-birilərinə öz güclərini nümayiş etdirməyə çalışacaq. Tərəflər kimin daha çox sosial dayağa malik olduğunu sübut etməyə cəhd göstərəcək.


«Xalq Cəbhəsi» qəzetinin əməkdaşı Ermənistanın Xarici İşlər naziri Vardan Oskanyanın «Dağlıq Qarabağın öz müqəddəratını təyin etmə hüququ»nun prinsiplərini əks etdirən bəyanatını şərh edib. Müəlliflə söhbətində politoloq Rüstəm Məmmədov deyib ki, həm Azərbaycan, həm də Ermənistan öz mövqeyindən çıxış edir. Məsələn, rəsmi Bakı işğalçı ölkəyə Qərb dünyasının, beynəlxalq təşkilatların təzyiq göstərməsinə nail olmaq istəyir. Ermənistan isə əksinə, danışıqlar prosesində Dağlıq Qarabağ ermənilərinin «öz müqəddəratını təyin etmə hüququ»nun qəbul olunmasına və Qərbin buna dəstək verməsinə can atır. Politoloqa görə, tərəflərin belə fərqli mövqeyi həmişə son məqamda danışıqlar prosesinin pozulmasına gətirib çıxarır.


«Bakı-Xəbər» qəzetinin əməkdaşı yazır ki, Avropa Şurası Venesiya Komissiyası seçki komissiyalarının paritet əsasda formalaşdırılmasını tələb etsə də, mövcud hakimiyyət, hələ ki, buna əməl etmək niyyətində deyil. İqtidar və müxalifət düşərgələrində isə vəziyyətdən çıxış yolu kimi müxtəlif təkliflər səslənməkdədir. Məsələn, iqtidaryönlü Ana Vətən Partiyasının sədri, deputat Fəzail Ağamalı yaranmış problemin həllini bu komissiyaları yalnız bitərəflərdən formalaşdırmaqda görür. ADP lideri Rəsul Quliyev isə, bir müddət əvvəl yerli mətbuata müsahibəsində vəziyyətdən çıxış yolu kimi, seçki komissiyalarının BMT və ya Avropa Şurası tərəfindən formalaşdırılmasını təklif edib.


XS
SM
MD
LG