Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 02:49

AZADLIQ: Artıq «Yom» dərgisinin 4 sayı çapdan çıxıb. Mədəni həyatımızda «Yom»un fakta çevrildiyini söyləmək olarmı?


NİZAMİ ZÖHRABİ: Həm ölkə içindən, həm də xaricdən reaksiyanı diqqətə alsaq, əlbəttə. Müəllif axını kəsilmir və dərgi artıq dünyanın 10-dan çox ölkəsində aramsız oxunur.


AZADLIQ: Yeni sayı 1-ci türkoloji qurultayın 80 illiyinə həsr etmisiz. Yəqin yeni faktlardan yan ötməmisiz?


NİZAMİ ZÖHRABİ: Yusuf Akçuraoğlunun «Üç tərzi-siyasət», Vəli Xuluflunun «Bir neçə söz» məqalələrini misal gətirsəm, yetər. Birinci məqalədə (1904-cü ildə yazılıb) müəllif Osmanlı Türkiyəsinin insan hüquq və azadlıqları baxımından hansı siyasətə üstünlük verməsi barədə öz düşüncələrini əks etdirib. Birinci Türkoloji Qurultaya qatılan və sonralar repressiyaya uğrayan Vəli Xuluflu isə yeni sözlər, lüğətlər, qrammatika dərslikləri barədə mülahizələrini dilə gətirir.


AZADLIQ: Nizami bəy, bəlkə müəlliflərini daha geniş tanıdasız. Hardan tapırsız onları, necə ünsiyyət qurursuz?


NİZAMİ ZÖHRABİ: İlk say öncəsində, onları biz axtarır, biz tapırdıq. İndi durum tam dəyişib. «Yom»da çap olunmaq istəyən müəlliflərin sayı o qədər artıb ki (söhbət dəyərli yazıları olan müəlliflərdən gedir), dərginin bir sayı yetmir və məqalələrin dərcini o biri saylaracan ertələmək məcburiyyətində qalırıq. Ünsiyyətimiz, əsasən, İnternet araçılığı ilə, telefonla, şəxsi bağlantılarla gerçəkləşir.


AZADLIQ: Müəlliflərinizi xarici, ancaq türkəsilli olmayanların hesabına genişləndirmək fikriniz varmı? Bütövlükdə qeyri-türk mədəniyyətlərlə müqayisələrə yer ayıracaqsızmı?


NİZAMİ ZÖHRABİ: Əlbəttə. «Yom»un müəllifi olmaqdan ötrü türkəsilli olmaq vacib deyil, sadəcə, türk dünyası mədəniyyətiylə bağlantılar, türk mədəniyyətlərinin problemləri diqqət mərkəzində olmalıdır. Yeni saylarda sürpriz müəlliflərin, həm də qeyri-türk müəlliflərin yazılarını oxuyacaqsınız. Buna əmin edirəm.


AZADLIQ: «Qohum mədəniyyətlər» mövzusunu «Yom» dərgisinin redaktoru Nizami Zöhrabiyə son sualla bitiririk. Nizami bəy, «Yom» alqış, xeyir-dua deməkdir. Türk mədəniyyətlərinə kimlər alqış oxuyur, kimlər xeyir-dua verirlər?


NİZAMİ ZÖHRABİ: Düzü, alqış deyənlər çoxdur, amma xeyir-dua verənlərin qıtlığı duyulur. Çap edilməmiş əlyazmalar elə qaldığı kimi qalır. Birgə araşdırmalar xoş diləklərdən və qarşılıqlı vədlərdən uzağa getmir. Daha doğrusu, bunun daha çox olmasını və layihələrin sürət və keyfiyyətlə gerçəkləşdirilməsini istərdik. Türk birliyi, türklərin ortaq mədəniyyəti dünyaya daha geniş və dolğun açıqlanmalı, türk xalqlarının demokratik dünya ilə bütünləşməsi sürətlənməlidir. Ortada bir türk düşmanlığına, antitürk ovqatlara yer qalmaması üçün bunu nə qədər tez etsək, bütövlükdə dünya o qədər çox qazanacaq.


XS
SM
MD
LG