Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 16:56

Sərbəst toplaşmaq problemi


«Sərbəst Toplaşmaq Azadlığı haqqında» qanun sərbəst toplaşmaya imkan verirmi?

«Sərbəst Toplaşmaq Azadlığı haqqında» qanun sərbəst toplaşmaya imkan verirmi?

Hakimiyyətin «Sərbəst Toplaşma Azadlığı haqqında» qanunu dəyişdirməyə qərarlı olduğunu demək çətindir. Amma görünən odur ki, bu yöndə müzakirələrə meyllidir. İlk addım olaraq qəbul olunmuş qanun artıq ekspertiza üçün Avropa Şurası Venesiya Komissiyasına göndərilib. Elə bu arada ATƏT də kütləvi aksiyaların keçirilməsi ilə bağlı hökumətlə danışıqlara hazırlaşır. Bu dəfə iyirmiyədək yerli və beynəlxalq ekspertin iştirakı ilə. Prezident Aparatında ictimai-siyasi şöbənin müdiri Əli Həsənov isə bildirir ki, hökumət danışıqlara açıqdır və buna görə də ATƏT-in təklifini müsbət cavablandırıblar. Amma bu qurumlardan hansı daha yaxşı təklif verəcəksə onu da qəbul edəcəklər: «Sağdan-soldan tənqidlər var ki, bu qanun tələblərə cavab vermir, hüquqlar məhdudlaşdırılır. İstənilən halda qanunvericiliyin təkmilləşdirilməsi dövlətin əsas məqsədlərindən biridir. Ona görə də biz hökumət olaraq ATƏT-lə, Avropa Şurası və başqa beynəlxalq qurumlarla bununla bağlı danışıqlara razıyıq».


Göründüyü kimi, hakimiyyət beynəlxalq qurumlardan təklif gözləyir. Venesiya Komissiyasının ekspertləri ilkin şərhləri oktyabrda açıqlayacaqlar. ATƏT-in Bakı ofisi isə kütləvi aksiyaların monitorinqini apararaq hesabat hazırlayıb. Həmin hesabata monitorinqin nəticələri ilə yanaşı təkliflər də əlavə olunub. Bakı ofisinin siyasi müşaviri Ülvi Axundlu: «Problemin hələ də mövcud olduğunu nəzərə alaraq 2005-ci ilin parlament seçkiləri və ondan sonra keçirilən bütün nümayiş və etiraz aksiyalarının monitorinqi aparıldı. Nəticədə bir hesabat hazırlandı. İndi həmin hesabat müzakirəyə çıxarılır. Müzakirələrə həm beynəlxalq, həm də yerli ekspertlər qatılacaq».


Beynəlxalq qurumlar həmişə Azərbaycanda kütləvi aksiyaların keçirilməsi ilə bağlı məhdudiyyətlərin çoxluğuna və icra qurumlarına böyük səlahiyyətlər verilməsinə toxunublar. Məsələn, parlament seçkiləri ərəfəsində iqtidar-müxalifət partiyaları arasında dialoq təşəbbüsü ilə çıxış edən ATƏT seçki qanunvericiliyi ilə yanaşı sərbəst toplaşma azadlığı yönündəki vəziyyəti də müzakirə mövzusuna çevirməyə cəhd göstərirdi.

«Hökumət kütləvi aksiya keçirmir ki, problemlə üzləşsin. Bu ictimai və insan haqları ilə bağlı qanundur. İctimaiyyət arasında qanun haqqında fikirlər səslənirsə, biz onu müzakirəyə çıxartmağa borcluyuq»
Eyni zamanda AŞPA-nın və ATƏT-in parlament seçkilərindən sonra hazırladıqları hesabatlarda da bu istək tövsiyə şəklində əksini tapmışdı. İndisə beynəlxalq qurumlar praktik addım atır və Bakını bu yöndə müzakirələrə dəvət edirlər. Hərçənd ki, ATƏT-in Bakı ofisindən bu təkliflər haqda açıqlama verilmədi. Amma ilkin məlumatlara görə, bu dəfə məqsəd hakimiyyətlə bu haqda konkret danışmaq və nəticəyə nail olmaqdır. Bu üzdən də danışıqlara müxalifət dəvət olunmayıb. Səbəb də danışıqların siyasi ab-havadan uzaq, yerli və beynəlxalq ekspertlərin iştirakı ilə işgüzar dialoquna nail olmaqdır. Buna həmin dialoqda nail olunacaqmı sualının cavabı isə özünü çox gözlətməyəcək. Tədbir qapalı olduğundan təşkilatçılar ertəsi gün-sentyabrın 20-də mətbuat konfransı keçirəcəklər.


Prezident Aparatının şöbə müdiri Əli Həsənov isə başqa fikirdədir: «Hökumət kütləvi aksiya keçirmir ki, problemlə üzləşsin. Bu ictimai və insan haqları ilə bağlı qanundur. İctimaiyyət arasında qanun haqqında fikirlər səslənirsə, biz onu müzakirəyə çıxartmağa borcluyuq».


Bu rəsmilərin mövqeyidir. Beynəlxalq qurumların təklifləri isə hələlik açıqlanmayıb. Amma bu qanundan ən çox şikayətli müxalifətdir. Əhrar Partiyasının sədri Vaqif Hacıbəyliyə görə, «Sərbəst Toplaşmaq Azadlığı haqqında» qanun sərbəst toplaşma azadlığını məhdudlaşdıran qanundur. Hüquqşünas Fuad Ağayevə görə isə bu qanun beynəlxalq standartlara uyğundur. Amma orda ilk baxışdan az əhəmiyyətli görünən dörd-beş normalar var ki, qanunun tətbiqi baxımından ciddi problem yaradır. Nəticədə söhbət sərbəst toplaşmanın nizamlanmasından yox, icazəli toplaşmaqdan gedir. Hüquqşünasa görə, qanunun başlıca qüsuru aksiyaların vaxtı ilə bağlı məhdudiyyətin qoyulması və icra qurumlarına böyük səlahiyyətlər verilməsi ilə bağlıdır.


Ona görə də ilk növbədə icra qurumlarına verilən səlahiyyətlər məhdudlaşdırılmalıdır. Qanuna görə mitinq keçirmək istəyən şəxslər ən azı beş gün öncədən icra qurumlarına yazılı xəbərdar etməlidir. Amma icra qurumlarına tədbirə iki gün qalmış aksiyanın yeri və ya vaxtı ilə bağlı mövqeyini açıqlamaq imkanının olması ciddi problemlərə səbəb olur.


Fuad Ağayevə görə, şikayətçi tərəfin məhkəməyə üz tutması da nəticəsiz qalır. Çünki qanuna görə, bu cür şikayətlər üç gün ərzində baxılmalıdır. Tədbirə iki gün qalmış cavab alan təşkilatın işinə məhkəmə baxana kimi iş işdən keçmiş olur. Ona görə də Fuad Ağaeyevə görə, təkcə sözügedən qanunla bağlı digər qanunlar, eyni zamanda inzibati və məhkəmə təcrübəsi də təkmilləşdirilməlidir.


Günün bütün mövzuları

XS
SM
MD
LG