Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:24

«Sərbəst toplaşmaq azadlığı haqqında» qanun ekspertizadan keçirilir


Sergey Kuznetsov: «Komissiya Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı da Bakının təkliflərini gözləyir»

Sergey Kuznetsov: «Komissiya Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı da Bakının təkliflərini gözləyir»

Avropa Şurası Venesiya Komissiyasının ekspertləri Azərbaycan Respublikasında qüvvədə olan «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna mümkün düzəlişlər üzərində işləyirlər. Bakı bu ilin iyununda həmin qanunu komissiyaya təqdim etsə də, ekspertiza bir neçə ay davam edəcək. Bu haqda «Azadlıq» radiosuna Venesiya Komissiyasının üzvü Sergey Kuznetsov məlumat verib: «Mütəxəssislər ilkin şərhlərini ən yaxşı halda komissiyanın payız sessiyasında deyə biləcəklər. Bu ekspertlərdən asılıdır».


ATƏT-in Bakı ofisi də Azərbaycan hökuməti ilə «Sərbəst toplaşmaq azadlığı haqqında» qanuna dəyişiklikləri müzakirə etməyə hazırlaşır. Bakı ofisinin siyasi müşaviri Ülvi Axundlu deyir ki, təşkilat son bir ildə keçirilmiş kütləvi aksiyaların monitorinqini aparıb. Sentyabrın 19-da ATƏT 20-dək ekspertlə birgə monitorinqin nəticələrini və qanunla bağlı təklifləri müzakirəyə çıxartmaq niyyətindədir.


Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin rəhbəri Səməd Seyidov bildirir ki, hökumət bu istiqamətdə istənilən qurumla dialoqda iştiraka hazırdır. Qanuna hansı dəyişikliklərin ediləcəyini isə müzakirələrdən sonra demək olar.


Ötən ilin payızında keçirilmiş parlament seçkilərindən sonra AŞ PA sərbəst toplaşma haqda qanuna və seçki qanunvericiliyinə dəyişiklik edilməsi yönündə tövsiyələr vermişdi. Hazırda Venesiya Komissiyası Azərbaycandan Seçki Məcəlləsinə dəyişikliklərlə bağlı da Bakının təkliflərini gözləyir. Sergey Kuznetsov bildirir ki, yaxın günlərdə Bakı təklifləri komissiyaya göndərməsə, yenidən sorğu ilə Azərbaycan hökumətinə müraciət edəcəklər.


Bundan əvvəl verilən məlumatlarda bildirilirdi ki, sərbəst toplaşma haqqında qanunda müxalifət və beynəlxalq qurumları narazı salan məqam kütləvi aksiyalarla bağlı müraciət üçün qoyulmuş vaxtın bir həftəyədək uzadılması, bu məsələdə icra qurumlarına böyük səlahiyytələr verilməsidir.

Günün bütün mövzuları

XS
SM
MD
LG