Keçid linkləri

2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 02:57

«Aciz komanda oyunu göstərməməyə çalışacağıq»


Komandanın baş məşqçisi Şahin Diniyev etibarlı oyun vəd edir

Komandanın baş məşqçisi Şahin Diniyev etibarlı oyun vəd edir

Futbol üzrə Azərbaycan yığma komandası sentyabrın 2-də Serbiya yığması ilə başlayacağı Avropa çempionatının seçmə mərhələ oyunlarına Bakıdakı «Şəfa» stadionunda hazırlaşırdı. Komandanın baş məşqçisi Şahin Diniyev komandanın heyətini dəyişib. İndi yığmaya daha çox gənclər cəlb olunub. Elə futbol mütəxəssislərini narahat edən məqamlardan biri də heyəti yeniləşmiş komandanın heç bir oyun keçirmədən Avropa çempionatının seçmə mərhələ oyunlarına hazırlaşmasıdır.


Komandanın baş məşqçisi Şahin Diniyev isə Bakıda sonuncu məşqini keçirən yığmanın oyununu izləyə-izləyə çətin sınaqda onlara ümid etdiyini deyirdi: «Ukrayna fiaskosundan sonra heyətdə gözlənilməz dəyişikliklər oldu, riskə gedib heyəti dəyişdik. Çalışırıq səhvləri aradan qaldıraq. 5 nəfər hücuma cəlb etmişik, müdafiədə ən azı 7 nəfərimiz var. Ən güclü qrup bizimkidir, ancaq oynayacağıq. Arxada az səhvlərə yol verib, etibarlı oynamalıyıq. Aciz komanda oyunu göstərməməyə çalışacağıq».


Seçmə mərhələ oyunlarındakı qrupda Azərbaycan yığma komandasının rəqibləri Serbiya, Polşa, Portuqaliya, Belçika, Finlandiya, Qazaxıstan və Ermənistan komandaları olacaq. Futbol şərhçisi Kənan Həsənov Azərbaycan komandasının çox şey gözlədiyini deyir, ancaq komandanın güclü rəqib qarşısında davam gətirməyəcəyi qənaətindədir: «Bizim yığmamızın qrupdakı taleyi püşkatma zamanı həll olunub. Portuqaliya, Serbiya, Polşa, Finlandiya, Belçika bizim komandadan aşkar üstündür. Qalır Qazaxıstanla Ermənistan. Qazaxıstan ilk oyunda Belçikayla 0:0 oynadı. Ermənistanla oyunun taleyi hələ məlum deyil. Sonuncu olmamaq naminə mübarizə apara bilərik. Üç komanda sonuncu pilləni müəyyənləşdirəcək. Növbəti mərhələyə çıxmaq şansından danışmağa dəyməz».


Yığmanın yarımmüdafiəçisi Emin İmaməliyev isə özünün və komanda yoldaşlarının rəqiblərlə var gücüylə mübarizə aparacağını deyir: «Avropa çempionatındakı oyunların məsuliyyəti böyükdür. Arzumuz növbəti mərhələyə çıxmaqdır. Hər oyundan qabaq rəqibləri izləyirik. Bacardığımızı meydanda göstərəcəyik».


Futbol azarkeşlərinin isə Azərbaycan yığmasından gözlədiyi var: «Əlbəttə, yaxşı oyun gözləyirik. Biz də sevinmək istəyirik», «Zaur Tağızadə, Ponoromoyov kimi oyunçuları yoxdur. Bəlkə Qazaxıstanla Ermənistanı uda bilərlər», «Ukraynayla oynadıqları kim 6:0 uduzacaqlarsa, oynamasalar yaxşıdır».


«Futbol-plyus» qəzetinin şərhçisi Vəfa Şairova isə ümid edir ki, rəqiblərin bir neçəsindən xal qazanmaq olar: «Qazaxıstanla oyundan nəsə gözləmək olar. Elə Serbiyaya oyundan da mümkündür. Yeni heyət məncə özünü göstərməyə çalışacaq».


Bütövlükdə isə həm baş məşqçi, həm ekspertlər, həm də azarkeşlər qrup oyunlarının nəticələrindən nigarançılıqla danışırlar. Azərbaycan yığması qrup çərçivəsində ilk oyununu səfərdə sentyabrın 2-də Serbiya yığmasına qarşı keçirəcək. Qarşılaşma Bakı vaxtı ilə 17.15-də olacaq.

Günün bütün mövzuları

XS
SM
MD
LG