Keçid linkləri

2016, 07 Dekabr, çərşənbə, Bakı vaxtı 02:13

Azərbaycanlıların özlərini qərib hiss etmədiyi universitet


İndiana Universitetinin məzunu Vəfa Talışlı

İndiana Universitetinin məzunu Vəfa Talışlı

Amerikadakı İndiana Universiteti 1820-ci ildə Bluminqton şəhərində fəaliyyətə başlayıb. Hazırda universitetin 8 binası, 27 kitabxanası, müxtəlif fənlər üzrə laboratoriyaları var. İndiana Universitetində istənilən ixtisas üzrə - tibb, hüquq, ədəbiyyat, iqtisadiyyat, mühəndislik, maliyyə və başqa ixtisaslar üzrə təhsil almaq olar. Bu ali məktəbdə iki il magistr pilləsi üzrə təhsil almış Vəfa Talışlının dediyinə görə, İndiana Universitetində təhsilin üstün cəhətlərindən biri odur ki, tələbədə məlumatı təkcə yadda saxlamaq yox, onu həm də təhlil və tətbiq etmək vərdişi aşılayır.


Vəfa Talışlı deyir ki, bu ali məktəbdə istənilən tələbə ilə professorlar arasında bir dostluq münasibəti var ki, bu da təhsildə irəli getməkdə tələbəyə köməkdir: «Professorla həmişə dialoq gedir. Professor sizin ən yaxın dostunuzdur. Professorlar ilk dərsdən tələbələrə anket verirlər, burda keçiləcək dərslərlə yanaşı, dərsdən kənar professorla görüşmək üçün saatlar da göstərilir. Bu saatlarda tələbə professorla görüşüb istənilən mövzunu müzakirə edə bilər. Bu interaktivlik tələbənin potensialını açır».


İndiana Universitetində əksər xarici dilləri öyrənmək imkanı var. Hətta universitetdə Azərbaycan dilini öyrədən fakültə də var. Ümumiyyətlə, Vəfa deyir ki, bu ali məktəbdə Azərbaycana aid konfranslar, sərgilər keçirilir. Orda hətta Novruz bayramı da qeyd olunur. Elə buna görə də, İndiana Universitetində təhsil alan azərbaycanlı tələbələr özlərini qərib hesab etmirlər.


Bu ali məktəbə azərbaycanlı tələbələr iki yolla daxil ola bilərlər. Bütün təhsil xərclərini özü ödəməyə hazır olan tələbələr universitetə fərdi müraciət edə bilərlər. Bu zaman müraciət edən şəxs tələb olunan sənədləri göndərməli və ixtisasından asılı olaraq imtahan verməlidir. Bu universitetdə tədris haqqı ixtisasdan asılı olaraq dəyişir. İndiana Universitetində pulsuz-parasız təhsil almaq arzusunda olanlar isə İREX təşkilatının hər il keçirdiyi «Edmund Muskie» təhsil proqramında iştirak etməli və imtahanda uğur qazanmalıdır. İmtahan 3 mərhələdən ibarətdir - ərizə formasının doldurulması, müsahibə və ingilis dili imtahanı. Bu imtahanda uğur qazanmaq istəyənlər Bakı Dövlət Universitetində İndiana Universiteti ilə mübadilə proqramı çərçivəsində yaradılan Amerikaşünaslıq Mərkəzi ilə də əlaqə saxlaya bilərlər. Bu mərkəzdən hər zaman İndiana Universitetində təhsil almaq üçün keçirilən təqaüd proqramları barədə məlumat əldə etmək, faydalı məsləhətlər almaq olar.


Gülhanədə oxumaq istəyirsinizmi?


Türkiyənin Gülhanə Hərbi Tibb Akademiyasının Ali Tibb fakültəsində təhsil almaq istəyən abituriyentlərə də şad xəbər var. Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının bu ali məktəbə daxil olmaq üçün keçirdiyi müsabiqədə tibb ixtisası üzrə Azərbaycan bölməsində keçirilən qəbul imtahanında 500-dən çox bal toplamış, yaşı 19-dək olan oğlan abituriyentlər iştirak edə bilərlər. Komissiyanın ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnur Nağızadə deyir ki, müsabiqənin şərtləri hələ dəqiqləşdirilməyib, bircə o bəllidir ki, müsabiqə iştirakçıları ilə müsahibə keçiriləcək: «Abituriyentlərin şəxsi keyfiyyətlərini araşdırmaq baxımından müsahibə olacaq. Digər detallar hələ bəlli deyil».


Müsabiqədən uğurla keçən abituriyentlər Gülhanə Hərbi Tİbb Akademiyasının Ali Tibb fakültəsində 7 il təhsil alacaqlar və onların bütün təhsil xərcləri dövlət tərəfindən ödəniləcək. Müsabiqədə iştirak etmək istəyənlər sentyabrın 4-dək Tələbə Qəbulu Üzrə Dövlət Komissiyasına müraciət etməklə ərizə formasını doldurmalıdırlar. Müsabiqə zamanı abituriyentlər hərbi həkim komissiyasından da keçiriləcəklər.


DİNLƏYİN


XS
SM
MD
LG