Keçid linkləri

2016, 08 Dekabr, Cümə axşamı, Bakı vaxtı 14:20

«Bakı-Xəbər»: «Əvvəl enerji, sonra demokratiya»


«Yeni Azərbaycan» qəzetinin əməkdaşı yazır ki, Ermənistan-Azərbaycan münaqişəsinin sülh yolu ilə həlli çərçivəsində hər iki ölkənin Xarici İşlər nazirlərinin Sloveniyada gözlənilən görüşü baş tutmadı. Azərbaycan Xarici İşlər Nazirliyi görüşün baş tutmamasına səbəb kimi Minsk Qrupunun rusiyalı və fransalı həmsədrlərinin iştirak etməməsini göstərib. Digər həmkarlarından fərqli oolaraq, Sloveniyada keçirilən «Xəzər perspektivləri-2008» konfransına qatılan Minsk Qrupunun amerikalı həmsədri Metyu Brayzə münaqişənin həlli ilə bağlı bəzi açıqlamalar verib. O, yenə də qeyd edib ki, Ermənistan və Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı kompromisə getməlidir. Amma həmişəki kimi, diplomat bu dəfə də tərəflərə hansı kompromis variantları təklif etdiklərini açıqlamayıb. Yəni, cəmiyyət bu dəfə də beynəlxalq aləmin Dağlıq Qarabağ münaqişəsini tənzimləmək adına hansı addımların atılmasının vacibliyi yönündə Ermənistana və yaxud Azərbaycana etdiyi təkliflərdən xəbərsiz qalacaq.


«525-ci qəzet» in əməkdaşı isə yazır ki, Minsk Qrupu həmsədrləri Azərbaycan və Ermənistan tərəflərinə yeni prinsiplər təqdim edib ki, onları «Yol xəritəsi» adlandırmaq olar. Qrupun amerikalı həmsədri Mətyu Brayzə hesab edir ki, bunlar ən yaxşı təkliflərdir. Onun sözlərinə görə, həmsədrlər prezidentlərdən və cəmiyyətlərdən təklif gözləyir. Amerikalı diplomatın fikrincə, tərəflər konstruktiv mövqe nümayiş etdirir. O, bunu bu yaxınlarda Azərbaycan və Ermənistana səfəri zamanı gördüyünü söyləyib. Bu arada ATƏT sədri Karl de Quxt da Cənubi Qafqaz ölkələrindəki münaqişələrlə bağlı fikirlər söyləyib. O, deyib ki, təmsilçisi olduğu Belçika hökuməti ATƏT-dəki sədrliyi dövründə Azərbaycan və Ermənistan arasındakı Dağlıq Qarabağ, Moldovadakı Pridnestrovye və Gürcüstandakı Cənubi Osetiya münaqişələrinin tənzimlənməsi üçün əlindən gələni edir.


«Hollandiyada bəlkə də 100 minə yaxın müvəqqəti yaşamaq hüququ almış azərbaycanlı yaşayır. Onların isə yalnız 30 minə yaxını soydaşlarımız hesab edilə bilər. Qalanları isə ermənilərdir». Bunu 16 ildir ölkədən kənarda, hazırda Hollandiyada yaşayan siyasi mühacir, «Azərbaycanın Dostları» Cəmiyyətinin rəhbəri Elman Mustafazadə «Ayna» qəzetinə verdiyi müsahibədə deyib. Onun sözlərinə görə, bu gün Hollandiyaya gələn ermənistanlıların 99 faizi xanımını azərbaycanlı kimi qələmə verir, Azərbaycandan gəldiklərini söyləyirlər. Beləliklə, onlar qeydiyyata məhz azərbaycanlı kimi düşürlər. «Bu, Azərbaycan üçün həddən artıq təhlükəli məsələdir», - deyən Elman Mustafazadə qeyd edir ki, belə ermənistanlılar 15-20 ildən sonra Azərbaycandan təzminat tələb edə bilərlər.


«Bakı-Xəbər» qəzetindəki «Əvvəl enerji, sonra demokratiya» başlıqlı məqalədə bildirilir ki, ABŞ administrasiyasının Azərbaycan, Qazaxıstan kimi bir sıra postsovet ölkələrilə, burada diktatura xarakterli rejimlərin mövcudluğuna baxmayaraq, sıx əməkdaşlıq etməsi bəzi siyasi dairələr və dünyanın aparıcı media orqanları tərəfindən kifayət qədər sərt tənqidlə qarşılanır. İndi bəzi hüquq müdafiə təşkilatları və media orqanları Azərbaycan və Qazaxıstan rəhbərlərinin Ağ Ev tərəfindən Vaşinqtona dəvət edilməsini yolverilməz hal saydıqlarını açıq şəkildə bəyan edirlər. Ancaq mütəxəssislər belə hesab edirlər ki, istər İlham Əliyevin, istərsə də Nursultan Nazarbayevin ABŞ-a dəvət olunmasına sırf tənqidi məqamlardan yanaşmaq düzgün deyil. Burada mühüm geosiyasi məqamlar, Qərbin enerji istəkləri və s. bu qəbildən olan məsələlər də nəzərə alınmalıdır.


XS
SM
MD
LG