Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 20:48

«Mərkəz»: «400 qanunsuz aptek...»


«Yeni Azərbaycan» qəzetində bildirilir ki, şadlıq evləri, restoranlar və istirahət mərkəzlərinin vergidən kütləvi şəkildə yayınması Vergilər Nazirliyini bu obyektlər üçün yeni vergi mexanizmi tətbiq etməyə vadar edib. Nazirlik bundan sonra həmin obyektlərdə vergi intizamının möhkəmləndirilməsi üçün yeni qaydalar hazırlayıb və hökumətə təqdim edib. Tədbirlər planına uyğun olaraq şadlıq evləri və əyləncə mərkəzlərinin vergiyə cəlb edilməsində təsnifləşdirmənin aparılması nəzərdə tutulur. Yəni, bu obyektlər kateqoriyalara bölünəcək və buna uyğun olaraq vahid vergi tutulacaq. Vergilər nazirinin mətbuat katibi Fariz Səmədovun bildirdiyinə görə, yeni təkliflərin Milli Məclisin payız sessiyasında müzakirəyə çıxarılması istisna olunmur. Əgər bu təkliflər qəbul olunsa, ilin sonundan etibarən şadlıq evlərinin vergiyə cəlb olunması mexanizmləri sərtləşdiriləcək.


«Bakı-Xəbər» qəzetindəki «Bakı Şimal Alyansının şərtlərini yerinə yetirməkdən qaçır...» başlıqlı məqalədə müəllif yazır ki, NATO-nun Cənubi Qafqaz ölkələri üzrə həyata keçirdiyi Fərdi Əməkdaşlıq Proqramı çərçivəsində təşkilata inteqrasiya baxımından Azərbaycan digər region dövlətlərilə müqayisədə nəzərəçarpacaq dərəcədə geridə qalır. Xarici İşlər Nazirliyi Mətbuat və İnformasiya Siyasəti İdarəsinin rəhbəri Tahir Tağızadə Azərbaycanın Şimal Alyansına inteqrasiya prosesində Gürcüstan və Ermənistan kimi dövlətlərə uduzmasının səbəbini belə açıqlayır: «Azərbaycan dəfələrlə bildirib ki, onun üçün əsas bəyanatlar yox, inteqrasiya məsələsinin əsas prioritetlərinin həyata keçirilməsi istiqamətində konkret addımlar atmaqdır». Müəllif yazır ki,


NATO-nun şərtlərində demokratik cəmiyyət qurulması istiqamətində bir sıra tələblər irəli sürülür. Bütün bunları reallaşdıran Gürcüstan, artıq Şimal Alyansına üzvlük proqramını həyata keçirməyə başlayıb. Maraqlıdır ki, NATO-ya inteqrasiya üçün Azərbaycan tərəfi nəinki irəli sürülən şərtləri Fərdi Əməkdaşlıq Proqramı çərçivəsində reallaşdırır, əksinə, Ermənistandan fərqli olaraq, bu proqramda göstərilən tələbləri geniş cəmiyyətdən gizli saxlamağa çalışır.


«Mərkəz» qəzetindəki «400 qanunsuz aptek...» başlıqlı məqalədə bildirilir ki, ötən gün Səhiyyə Nazirliyinin İnnovasiya və Təhcizat Mərkəzinin əməkdaşlarının keçirdikləri reyd zamanı Yasamal rayonu ərazisində qanunsuz fəaliyyət göstərən 5 aptek bağlanıb. Məqalədə qeyd edilir ki, bir müddət əvvəl Səhiyyə Nazirliyi zirzəmilərdə və keçidlərdəki apteklərdə yoxlama apardığı, tələblərə cavab verməyən apteklərin bağlandığı barədə məlumat vermişdi. Amma deyəsən, apteklər bir ucdan bağlansa da, az keçməmiş fəaliyyətlərini bərpa edirlər.


Müəllif iddia edir ki, apardığı araşdırma da yoxlamaların nəticəsiz qaldığını təsdiqləyir. Məsələn, metronun «Neftçilər» stansiyası yaxınlığında 3, «Əzizbəyov» və «28 may» stansiyalarında 1, «20 yanvar»ın keçidində və metronun ətrafındakı zirzəmilərdə isə 4 qanunsuz aptek bu gün də fəaliyyətini davam etdirir. Halbuki yoxlama zamanı bu apteklərdə satılan dərman preparatlarının insan səhhəti üçün zərərli olduğu təsdiqlənmişdi. Səhiyyə Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı Səmayə Məmmədova İnnovasiya və Təhcizat Mərkəzinin metro və keçidlərdə yenidən yoxlamalara başlayacağını deyib.


«Bir türk olaraq Türkiyə-Ermənistan sərhədlərinin açılmasına qarşıyam». Azərbaycanda səfərdə olan Doğu Karadəniz Kültür və Sənət Dərnəyinin rəhbəri Gülşah Alpaydın «Xalq Cəbhəsi» qəzetinin əməkdaşı ilə söhbətində belə deyib. Türkiyəli qonaq Ermənistanla hansısa bir əlaqənin qurulmasını istəmədiyini bildirib. Gülşad Alpaydına görə, əgər Türkiyənin Avropa Birliyinə daxil olmasına, dünya ölkələri tərəfindən tanınmasına yardımçı olacaqsa, onda Ermənistanla sərhədlər açılsın. Amma bu addımın da hansısa perspektiv vəd edəcəyi inandırıcı görünmür. Cənab Alpaydının dediyinə görə, rəsmi Ankara tərəfindən qondarma bir soyqırımın tanınacağı da mümkün deyil. Ümumiyyətlə, Türkiyənin tələbləri yerinə yetiriləcəyi təqdirdə, Ermənistanla sərhədlər nə vaxtsa açıla bilər, ancaq «erməni soyqırımı»nın qəbul ediləcəyi absurd bir məsələdir. Çünki soyqırımı türklər deyil, ermənilər törədib.


XS
SM
MD
LG