Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:55

Vergilər Nazirliyi müğənniləri kateqoriyalara böləcək


Hazırda ölkə üzrə cəmi 141 nəfər sənətçi vergi qeydiyyatında durub
Hazırda ölkə üzrə cəmi 141 nəfər sənətçi vergi qeydiyyatında durub

Vergilər Nazirliyi bildirir ki, musiqi, əyləncə xidmətləri ilə məşğul olanların vergi ödəməsində ciddi problemlər var. Belə ki, onların qazancıyla ödədikləri vergi arasında ciddi fərqlər mövcuddur və buna görə də nazirlik yeni qaydalar tətbiq etmək istəyir.


Gəncədə yaşayan Zaur Nəğməkar ayda 4-5 toyda müğənnilik etdiyini bildirir. Dediyinə görə, aylıq gəliri çox olmasa da, ondan da paytaxtda çalışan populyar müğənnilər qədər vergi ödəmək tələb edilir. Hazırda isə dövlət büdcəsinə paytaxtda fəaliyyət göstərən populyar müğənnilərlə bərabər qaydada, yəni sadələşdirilmiş vergi ödəyir: «Mən toya 50 dollara gedirəm. Amma 1000, 500 dollara toya gedən müğənnilərlə bərabər vergi ödəyirəm».


Elə Vergilər Nazirliyi də musiqi və əyləncə xidməti sahəsində çalışanların bərabər qaydada vergi ödəməsini düzgün saymır. Nazirliyin Mətbuat Xidmətinin rəhbəri Fariz Səmədov hesab edir ki, müğənnilərin gəlirlərinə vergi nəzarəti yüksək səviyyədə qurulmayıb, buna görə də sənətçilər vergi bəyannamələrində qazanclarının məbləğini istədikləri həcmdə göstərirlər. Onun dediyinə görə, hazırda ölkə üzrə cəmi 141 nəfər sənətçi vergi qeydiyyatında durub. Onların da hamısının bu ilin ilk altı ayı ərzində dövlət büdcəsinə ödədikləri 18 min 800 manatdır. Bu isə orta hesabla ay ərzində hər sənətçiyə cəmi 22 manatlıq vergi deməkdir: «Vergi işçilərinin də toy şənlikləri olur. Onlar da eşidirlər ki, hansı müğənni toya neçəyə gedir».


Bəzi populyar müğənnilər yerli mediada bir toya 4-5 min dollara getdiklərini dəfələrlə söyləyiblər. Bundan başqa, onlar müxtəlif restoranlarda, şou-proqramlarda iştirak edib qazanc əldə edirlər. Fariz Səmədov bildirir ki, müğənnilərin gəlirinə nəzarət etmək mürəkkəb proses olduğundan, nazirlik həm nəzarətetmənin gücləndirilməsi mexanizmi üzərində çalışır, həm də toyda baha qiymətə oxuyanlarla ucuz oxuyanlar arasında fərq qoymaq istəyir. Tətbiq ediləcək verginin yeni qaydaları hələ kağız üzərində olsa da, cənab Səmədov deyir ki, müğənnilərin müxtəlif kateqoriyalara bölünməsi və hər kateqoriya üzrə ayrı-ayrı vergi dərəcələrinin tətbiqi nəzərdə tutulur: «Amma müğənnilər populyarlığa görə kateqoriyalara ayrılmayacaqlar. Onların gəlirləri barədə məlumat toplanacaq və bu məlumatlar üzrə də təsnifatlaşdırılma aparılacaq».


Xalq artisti Mələkxanım Əyyubova isə hesab edir ki, toy müğənnilərin yeganə qazanc yeri olduğundan onlara sərt qaydalar tətbiq etmək düz deyil. Onun fikrincə, Azərbaycanda fəaliyyət göstərən müğənnilərin kaset satışından, konsertlərdən gəlir əldə etmək imkanları yoxdur, reklama da öz ciblərindən pul xərcləyirlər: «Konsert vermək - qazanc əldə etmək yox, özünü reklam məqsədi güdür. Birdən bizi çağırılar hansısa rayona tədbirdə iştirak etməyə. Daha demirlər ki, bu müğənni hansı pulla gəlsin, hansı pula geyinib səhnəyə çıxsın. Efirə də öz cibimizdən pul verib çıxırıq».


Müğənni Aygün Kazımovanın prodüseri Sayka Məmmədova isə deyir ki, onlar qazanclarına uyğun vergi ödəməsində problem görmürlər. Bəs, bu zaman toyda oxumaq üçün məbləğ artacaqmı? Xanım Məmmədova bunun toy sahibləriylə danışıqlardan asılı olacağını düşünür.


İqtisad elmləri doktoru Əli Əlirzayev isə problemin çıxış yolunu gəlir bəyannaməsi haqqında qanunvericiliyin tətbiqində görür. Onun fikrincə, bu qanun işlədiyi təqdirdə sənətçinin yaşayış tərzi, sahib olduğu əmlakın dəyəri ilə az gəliri əks etdirən hesabatı arasında uyğunsuzluq vergi orqanlarının diqqətini cəlb edəcək və bundan sonra sənətçilər öz gəlirlərini gizlədə bilməyəcəklər.


XS
SM
MD
LG