Keçid linkləri

logo-print
2016, 05 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:41

«Mən el məclislərindən Milli Məclisə qədər gəlmişəm»


Xalq şairi Zəlimxan Yaqub, 17 avqust 2006

Xalq şairi Zəlimxan Yaqub, 17 avqust 2006

O, 10 il Azərbaycanın millət vəkili olub. Amma, şair olması ilə daha çox fəxr edir. Həyatının zəngin və çoxçalarlı olmasına görə tanrıya minnətdardır. Deyir ki, insan böyük arzularla yaşamalıdır. Çünki böyük arzular insanı böyük ərazilərə aparır. İnsanın içindəki həqiqətə tam arxayın olmasını ən böyük həqiqət sayır. 50 yaşında mərhum prezident Heydər Əliyev onu şöhrət ordeni ilə mükafatlandırdı, 55 yaşında isə prezident İlham Əliyev ona xalq şairi adı verib. Bütün mükafatlarını əziz tutsa da ən böyük mükafatı xalq məhəbbəti, el sevgisidir. Beləliklə, «Azadlıq» radiosunda «Tanınmışlar» verilişinin növbəti qonağı xalq şairi Zəlimxan Yaqubdur.


«Zəlimxan müəllim, son vaxtlar az-az görünürsünüz?»


«Mən taleyin, təbiətin xoşbəxtliyindən bu gün ömrümün özünə qayıdış, özünü dərk mərhələsindəyəm. Yəni əslində mən hər yerdə varam, hər yerdə görünürəm. Amma öz içimə çəkilmək, özümlə söhbətləşmək dünyanın bütün nemətlərindən yuxarıda dayanan bir şeydir. Hemenqueyin bir fikri var deyir insan bir gündə 70 il yaşaya bilər, əgər bu vaxta qədər yaşadığın ömrü dolu və mənalı yaşamısansa…»


Çox ölkələrdə səfərdə olduğunu və hər səfərdən də zəngin duyğularla qayıtdığını deyir: «Yer kürəsinin az qala yarsından çoxunu gəzmişəm və mənim xoşbəxtliyim orda olub ki, qələm adamı olduğuma görə, gəzdiyim, gördüyüm, duyduğum, sevdiyim, seçdiyim, əzizlədiyim mənzərələrin hamısı mənim şerlərimə dönüb, Azərbaycan şerinin xəritəsini genişləndirib».


Zəlimxan Yaqub əmindir ki, böyük duyğular insanı böyük ərazilərə aparır: «…Məqsədim olmamış bir parça çörək,


Mənim qazancım var, alın tərim var.


Bayronu yarışa çağıram gərək


Sinəmdə ağ qalan bir dəftərim var. - deyən Səməd Vurğun bu şeri yazanda 24 yaşı var idi. Gərək insan böyük arzularla yaşasın, idealları böyük olsun.


Mənim də bir şerim var:


Ömrümün hər günü səfər axtarış,


Gəzmirəm vaxtımı keçirmək üçün,


Gəzirəm dünyanı mən qarşı-qarış,


Vətəni qəlbimə köçürmək üçün!»


«Zəlimxan baxır Göy gölə. Milyonlar baxıb o gölə, amma Zəlimxan gözü baxanda deyir ki:


Sazı, müxəməsi, misri, dilqəmi


Tarın Çahargahı, Şurudu Göy göl.


Ləkəsiz qəlbidir Azərbaycanın


Odur ki, bu qədər durudu Göy göl.


Böyük Nizamidən yadigar qalıb


Xalqımın gözünün nurudu Göy göl.


Görürsünüzmü altıca misralıq bir şeirdə Göy gölün fəlsəfi açılır. Yəni şair gözü, şair dünyası belədir ki, o hökmən dünyanı qucaqlamalıdır, heç vaxt dar bir çərçivədə qala bilməz».


«Şair azad varlıqdır. Maraqlıdır şair Zəlimxan 10 il o parlamentə necə sığdı?»


«Çox gözəl sualdı. Mərhum ədəbiyyatçı alim Yaşar Qarayevin bir fikri var, deyir ki, Zəlimxan Yaqub harada olsa ora poeziyanın ərazisidir. Prezident Aparatında da, parlamentdə də, ağac kölgəsində də, bulaq başında da, dağ zirvəsində də… Yəni, 10 il mən parlamentdə oturdum, parlamentə Azərbaycanını xəlqiliyini gətirdim. O rəsmi yerə bir qeyri rəsmi gözəllik gətirdim, havasını dəyişdim. Yəni mən parlamenti özümə sığışdırdım, özümü də parlamentə sığışdırdım».


«Rəsmi yerlərdə olursunuz, mükafatlar alırsınız, amma buna görə bəzən şairi qınayırlar, «saray şairi» deyirlər…»


«Ən böyük həqiqət ondan ibarətdir ki, sən içərindəki həqiqətə tam arxayın olasan. Səməd Vurğunu 30-cu illərdə möhkəm tənqid edirlər. Bir nəfər də durub deyir ki, Səməd Vurğun şairdirmi siz bunun haqqında bu qədər danışırsınız. Bu gün onların heç birinin adı yoxdur, amma Səməd Vurğun o tanrı dərgahına ucalıb və orada yaşayır. Həqiqi mənada öz içinə sədaqətli olan adam üçün saray da, dam da, daxma da, şəhər də, kənd də onun içərisindədir, ondan qorxmaq lazım deyil…»


«Biz dövlətə məhəbbət sözü gələndə onu vətənə məhəbbət sözü ilə eyniləşdirməliyik. Dövlət mənim millətimi formalaşdıran, onu qoruyub saxlayan vasitədir».


«Nədir ən böyük qazancınız?»


«Zəlimxanın bu yaşında ən böyük qazancı, ən böyük mükafatı, ən böyük sağlamlığı ondan ibarətdir ki, mən xalqın içində ərimişəm, xalqı içimdə əritmişəm, xalqın dilində danışmışam, xalqı öz dilimdə danışdırmışam. Xalqın sazını çalıb aşiq olmuşam, sözünü deyib dərviş olmuşam, təklifini verib millətə vəkil olmuşam. Bu mənada ən böyük mükafat adi xalq sevgisidir, el məhəbbətidir:


Yox mənimlə getməyəcək bu dünya


Öz yerində axşam, səhər qalacaq.


Ağlayan da tapılacaq, gülən də,


Yenə sevinc, yenə kədər qalacaq.


Kim yedisə çörəyi tək, duzu tək


Əriyəcək o, dağların buzu tək…


Çox adamlar mələyəcək quzu tək


Çox adamın yurdu mələr qalacaq.


Dərd daşıdım, qəm yüklədim şələmə


Şeir yazdım, səsim düşdü aləmə


Ay Zəlimxan, yaxşı sarıl qələmə


Qalsa yenə bu nəğmələr qalacaq.


Mən xoşbəxtəm ki, xalq şairi deyildim, televiziyanın titrlərində, kitablarda hər yerdə xalq şairi adı gedirdi. Xalq bu adı mənə çoxdan verib, sadəcə olaraq, möhtərəm prezidentimiz onu rəsmiləşdirdi».


«Mən heç vaxt pul qazanmaq haqqında fikirləşməmişəm və mənim heç vaxt pulum olmayıb. Bakıda yaşadığım 40 ilin 15 ilini müxtəlif yerlərdə kirayə qalmışam. Yaşadığım çətinlikləri özümə dərd eləməmişəm, özümə dərc eləmişəm…»


«…Bəzən bizdə yemək-içmək söhbəti çox vaxt görürsən primitiv bir səviyyədə qarşılanır. Əslinə qalanda ən gözəl ünsiyyət, problemlərin həlli, ən intim duyğulara enmək, kövrəlmək, ağlamaq səviyyəsində billurlaşmaq, təmizlənmək, durulmaq hamısı həmin o məclislərdə olur. Yəni məclis özü bir akademiyadı, tərbiyə mərkəzidir. Tale gör mənə necə böyük xoşbəxtlik qismət edib: mən el məclislərindən Milli Məclisə qədər gəlmişəm».


DİNLƏYİN!


XS
SM
MD
LG