Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:26

Qobustan həbsxanasında etiraz aksiyasının başlandığı bildirilir


Məhbuslar ombudsman və hüquq müdafiə fəalları ilə görüşməyi tələb edirlər

Məhbuslar ombudsman və hüquq müdafiə fəalları ilə görüşməyi tələb edirlər

Qobustan həbsxanasında saxlanan Kamandar Aslanovun ölümündən sonra həyatları üçün təhlükə hiss etdiklərini bildirən ömürlük həbs cəzasına məhkum olunmuş 30 məhbus üç günlük etiraz aksiyasına başladıqlarını bildiriblər. Həmin məhbusların yaxınlarının «Azadlıq» radiosuna verdikləri məlumata görə, onlar üç gün ərzində ombudsman və hüquq müdafiə fəalları ilə görüşməyi tələb edirlər. Məhbuslar onları həbsxanadakı vəziyyətlə tanış etmək istədiklərini bildirirlər.


Amma Qobustan həbsxanasının rəisi Sədaqət Ağayev və Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsi bu həbsxanada etiraz aksiyası keçirildiyini inkar edir. Ədliyyə Nazirliyi Məhkəmə Qərarları İcrası Baş İdarəsinin əməkdaşı onu da əlavə edir ki, həqiqətən də altı məhbus ombudsman və hüquq müdafiəçilərinin təkrar həbsxanaya gəlməsini istəyirlər: «Rəis deyir ki, aksiya yoxdur. Amma ombudsman və QHT-lərin gəlməsini istəyirlər. Ombudsman özü isə bu günlərdə Qobustan həbsxanasında olub. Biz ondan nəsə tələb edə bilmərik».


Ombudsman Aparatının sektor müdiri Fəzail Həsənov isə bildirir ki, avqustun 17-də insan hüquqlar üzrə müvəkkil Elmira Süleymanova Qobustan qapalı həbsxanasında məhbus Kamandar Aslanovun işini araşdırarkən digər məhbuslarla da ayrı-ayrılıqda görüşüb. Amma məhbuslar istəsələr ombudsman istirahətdə olsa belə, onlarla təkrar görüşə hazırdır.


Hüquq Müdafiə Təşkilatları Monitorinq Qrupunun üzvü Novella Cəfəroğlu da Ədliyyə Nazirliyinin işçiləri ilə birgə aksiya iştirakçıları ilə görüşmək istədiklərini deyir.


Hüquq-mühafizə orqanları ömürlük həbs cəzasına məhkum olunmuş Kamandar Aslanovun intihar etdiyini bildirirlər. Amma bu məhbuslar onun döyülərək öldürüldüyünü iddia edirlər. Bu hadisə ilə bağlı Cinayət Məcəlləsinin özünü öldürmə həddinə çatdırmanı nəzərdə tutan maddəsilə cinayət işi qaldırılıb. Respublika Prokurorluğundan bildirirlər ki, ekspertizanın nəticəsini gözləyirlər.


İyulun əvvəllərində isə 16 məhbus onlara verilmiş ömürlük həbs cəzasının 15 il həbs müddəti ilə əvəzlənməsi tələbilə aclıq aksiyasına başlamışdılar.


Günün bütün mövzuları

XS
SM
MD
LG