Keçid linkləri

2024, 25 Aprel, Cümə axşamı, Bakı vaxtı 12:01

Polis-jurnalist dostluğu heç nədən sığortalanmayıb


Bir çox qəzet redaktorları Daxili İşlər naziri ilə görüşü müsbət dəyərləndirir
Bir çox qəzet redaktorları Daxili İşlər naziri ilə görüşü müsbət dəyərləndirir

Son vaxtlar bəzi qəzetlərin Daxili İşlər Nazirliyi (DİN) və onun rəhbəri Ramil Usubova qarşı ciddi ittihamlar irəli sürməsi, eləcə də DİN və Ramil Usubovun bəzi qəzetləri, onların redaktorlarını məhkəməyə verməsi polis-jurnalist münasibətlərinin gərginləşdiyini deməyə əsas verir. Nəhayət ki, ötən həftənin şənbə günü - avqustun 18-də Daxili İşlər naziri ilə Mətbuat Şurası (MŞ) İdarə Heyəti, həmçinin bəzi aparıcı KİV rəhbərlərinin görüşərək yaranmış vəziyyəti müzakirə etdilər. Görüşdə iştirak edən media rəhbərləri mənsubları nazirin bu təşəbbüsünü müsbət dəyərləndirdilər. MŞ-nin sədri, eləcə də bir çox redaktorlar nazirin görüşdə qaldırılan problemlərin həllinə çalışacağını, hətta bəzi məsələləri dövlət başçısına çatdıracağına söz verməsini müsbət dəyərləndirir və bunun nəticəsi olacağına inanırlar. Ancaq həmin müzakirələrin polislə jurnalistləri dostlaşdıra biləcəyinə gəlincə fərqli fikirlər səslənir. Görüşdə iştirak etmiş «Yeni Müsavat» qəzetinin baş redaktoru Rauf Arifoğlu bildirir ki, nazirin jurnalistləri polislə dostluğa çağırması müsbət haldır. Çünki indiyə qədər jurnalistlərlə «başqa dildə» danışılırdı.


Amma bu cür görüşlərin yaranmış gərginliyi aradan qaldıracağına inanmayanlar da var. «Bakı xəbər» qəzetinin baş redaktoru Aydın Quliyev hesab edir ki, yaranmış gərginlik mətbuatla polisin problemi kimi yox, mətbuatla ümumilikdə hakimiyyətin problemi kimi qəbul olunmalıdır: «Bu cür görüşlərlə problem həll etmək olmaz. Nə qədər ki, bütövlükdə mətbuatla hakimiyyətin problemi həll olunmayıb, DİN və ya digər dövlət orqanları ilə belə problemlər yaranacaq». Aydın Quliyev əlavə edir ki, müəyyən qədər müsbət nəticə əldə edilməsi tərəflərin öz sözlərinə nə qədər əməl etmələrindən asılıdır.


Media mənsublarının bəziləri hesab edir ki, jurnalistlərlə dostlaşmaq üçün polis öz üzərinə düşəni edib. Yəni ən yüksək səviyyədə mətbuata əl uzadılıb. İndi növbə jurnalistlərindi. «Azərbaycan» qəzetinin baş redaktoru Bəxtiyar Sadıqov deyir ki, Ramil Usubovun mətbuata dostluq təklif eləməsi öz bəhrəsini verəcək: «Mən dəfələrlə şahidi olmuşam ki, Ramil Usubov nə vaxt media rəhbərləri ona müraciət edibsə o dərhal həmin istəyi yerinə yetirib. Ona görə də hesab edirəm ki, bu görüş Azərbaycan mətbuatında gedən bir sıra mənfi proseslərin aradan qaldırılmasında, ədalətin bərqərar olmasında mühüm rol oynayacaq».


Bəxtiyar Sadıqov əlavə edir ki, DİN rəhbərinin jurnalistləri insafa çağırması media mənsublarının son dərəcə ədalətsiz olmalarının göstəricisidir. Cənab Sadıqovun fikrincə, jurnalistika ölkədə sabitliyin təminatçısı olan polisin fəaliyyətinə kölgə salmaq kimi «bəsit hisslərdən» təmizlənməlidir.


Göründüyü kimi polislə jurnalistlərin dostlaşmasını istəyənlər az deyil. Ancaq, məsələyə tamam başqa cür yanaşanlar da var. Bəzi mütəxəssislər hesab edirlər ki, belə görüşlər və anlaşmalar bütün qəzetlər üçün eyni dərəcədə müsbət dəyişiklik yarada bilməz. Çünki qəzetlərin bir qismi müstəqil olsa da bəziləri müxtəlif qüvvələrlə bağlıdır və onlar həmin qüvvələrin maraqlarından geri çəkilə bilməzlər. Beləliklə, polis-jurnalist dostluğu heç nədən sığortalanmayıb.


AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG