Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 15:59

Bazardakı dondurma məhsulları standarta uyğun gəlmir


Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə həm malın satışına, həm də istehsalına nəzarət funksiyası verilə bilər

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə həm malın satışına, həm də istehsalına nəzarət funksiyası verilə bilər

Bakı sakini Müzəffər Həsənov deyir ki, heç kim öz ayranına turş deməz, hamı öz malını tərif edir. Amma əslində onun şikayəti ayrandan yox, dondurmadandır. Deyir ki, indiki dondurmanın əvvəlki dondurmalar qədər ləzzəti yoxdur. Üstəlik keyfiyyətinə də etibar etmir. Ona görə də göydə axtarıb, əlinə yerdə düşən dondurma istehsalçısı olan şirkətlərdən birinin, «SABA» şirkətinin təmsilçisi Əlövsət Quliyevlə mübahisə edirdi. Əlövsət Quliyev onların məhsulunun standartlara cavab verdiyini, müştərisə əksini iddia edirdi. Nəhayət «SABA» şirkətinin təmsilçisi söhbətin sonunu gözləmədən getdi.


İstehlakçı Araşdırmaları Mərkəzi isə bu günlərdə satışda olan bir neçə məhsulun, o cümlədən dondurmanın, xamanın, qatılaşdırılmış südün laborator analizini aparıb. Arasında «SABA» şirkətinin də olduğu beş istehsalçıdan yalnız birinin dondurması qoyulan tələblərə cavab verib. Mərkəzin əməkdaşı Faiq Məmmədov deyir ki, adətən dondurma südlü, qaymaqlı və plombir olur. Bu dondurmalar yağlılığın dərəcəsinə görə seçilirlər. Südlüdə yağlılıq 3,5, qaymaqlıda 10, plombirdə isə 15 faiz olmalıdır.


Faiq Məmmədov: «İstehsalçılar etiketdə plombirin dərəcəsini 12, 13 faiz yazırlar. Bilmirlər ki, plombirdə yağlılıq 15 faizdən aşağı olmamalıdır. Etiketdə 12 faiz yazıb, amma yağlılıq 8,8 olub». Amma bu hələ harasıdır. Araşdırma zamanı istehsalçısı bəlli olmayan dondurmanın bir üzünə südlü, bir üzünə plombir yazıldığını görüblər.


İstehlakçı Araşdırmaları Mərkəzinin əməkdaşı Faiq Məmmədovun sözlərinə görə, qatılaşdırılmış südün yoxlaması zamanı onun yağsızlaşdırılmış süd olduğu və bitki yağları qatıldığı üzə çıxıb. Əksər məhsulların üzərində həm də istehsal tarixi göstərilməyib. Bundan başqa, bazarda uyğunluq sertifikatı olmayan qida malları həddən artıq çoxdur. Məsələn, bazarda 500 manata satılan dondurmanın istehsalçısını nə qədər axtarsalar da tapa bilməyiblər. İqtisadi İnkişaf Nazirliyinin Antiinhisar Siyasəti Departamenti də yaxınlarda keçirdiyi monitorinqdən sonra bildirmişdi ki, əksər istehsal müəssisələrində məhsulun keyfiyyətinə nəzarət yoxdur. İstehsala nəzarət etməli olan Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinin baş məsləhətçisi Mənsim Babayev isə deyir ki, onlar il ərzində iki dəfə müəssisələrdə baxış keçirə bilərlər. Amma yoxlamadan sonrakı müddətdə istehsalçının standartlara əməl etməsinə İqtisadi İnkişaf Nazirliyi cavabdehlik daşıyır. Dövlət Agentliyi keyfiyyətsiz malın istehsalına qadağa qoysa da, ertəsi gün həmin müəssisənin bir başqasının adı ilə bazara mal çıxarmasının şahidi olurlar. Ona görə də bütün bu prosesə birgə nəzarət, bəlkə də eyni mərkəzdən nəzarət olmalıdır. Bu fikri bölüşən Tacirlər və İstehlakçılar Birliyinin sədri Sevgim Rəhmanova görə də, hazırda ticarətdə xaos hökm sürdüyündən kim satışa nə cür mal desən çıxara bilir.


Mütəxəssislər istehsala bir, malın satışına başqa təşkilatın nəzarət etməsinə görə ikitirəlik yaranmasın deyə hər iki funksiyanın bir əldə cəmləşməsini daha uyğun bilirlər. Verilən məlumatlara görə, bu səlahiyyətlərin Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyinə verilməsi imkanları hökumətdə də müzakirə edilir.


Günün bütün mövzuları

XS
SM
MD
LG