Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 07:10

Səfirlər işlərini daha müasir tələblərə uyğun quracaqlarını deyirlər


Azərbaycanın diplomatik korpus təmsilçilərinin ikinci müşavirəsi başa çatdı

Azərbaycanın diplomatik korpus təmsilçilərinin ikinci müşavirəsi başa çatdı

Xarici ölkələrdəki səfirlərin Bakı görüşü başlayanda bəzi diplomatlar deyirdilər ki, müzakirələrin sonunda konkret fəaliyyət planı gözləyirlər. Müzakirələr bitdi, amma nəticə yenə də deyəsən, şifahi tapşırıqlardan ibarətdir. Mütəxəssislər də ölkənin ümumi xarici siyasət doktrinasının hazırlanmalı olduğunu deyirlər. Bəs səfirlərin Bakı toplantısı hansı nəticələri verdi? Yaxın vaxtlarda ölkənin xaricdəki diplomatik nümayəndəliklərindən hansı addımları gözləmək olar?


Səfirlərin bundan sonrakı işlərində yenilik, onların deməsinə görə, əsasən Azərbaycanın mövqelərinin təbliğinin gücləndirilməsində olacaq. Bu məsələ prezidentin tövsiyələrində də əksini tapıb. Yəni ölkə başçısı erməni lobbi təşkilatları ilə mübarizədə bu taktikaya üstünlük verilməsini zəruri sayırdı. Səfirlər bundan sonra işlərini daha müasir tələblərə uyğun quracaqlarını da gizlətmirlər. Azərbaycanın Latviyadakı səfiri Tofiq Zülfüqarov deyir ki, bu məsələdə konkret detallar çalışdıqları ölkənin xüsusiyyətlərindən asılı olacaq. Yəni səfirlər işlərini quran zaman özləri daha effektiv yolları seçməlidirlər.


Cənab Zülfüqarov bildirir ki, onların peşə xüsusiyyəti görüləcək işlərdən detallı danışmağa imkan vermir. Ancaq onun sözlərinə görə, artıq daha keyfiyyətli iş üçün dövlət bütün imkanları onlara yaratmaqdadır.
Azərbaycanın İstanbuldakı konsulu İbrahim Nəbioğlu isə deyir ki, indi xarici siyasət idarəsinin qarşısında duran mühüm məsələ Qarabağ münaqişəsidir. Onlar əvvəllər olduğu kimi, bundan sonra da əsas diqqəti Dağlıq Qarabağla bağlı həqiqətlərin çatdırılmasına verəcəklər: «Bu baxımdan bizim üzərimizə belə bir vəzifə düşür ki, Türkiyədən dayaq kimi istifadə edərək, bütün dünyaya Qarabağla bağlı həqiqətləri çatdıraq, azərbaycanlı icmalarını koordinasiya edək».


Hələ bu toplantıdan əvvəl bəzi mütəxəssislər ölkənin ümumi xarici siyasət doktrinasının hazırlanmasına ehtiyac görürdülər. Ancaq bu yığıncaqda belə bir doktrinanın qəbulundan söhbət getmədi. Söhbət etdiyimiz səfirlər isə bildirirlər ki, prezidentin verdiyi tövsiyələr elə xarici siyasət doktrinası rolunu oynayacaq.


Azərbaycanın İrandakı keçmiş səfiri, millət vəkili Nəsib Nəsibzadə isə düşünür ki, prezidentin ümumi tövsiyələri xarici siyasət doktrinasının əvəzini verə bilməz: «Xarici siyasət aktiv, sistemli olmalıdır. Bunu təzədən deməklə bunlar Amerika kəşf etdilər».Cənab Nəsibzadə hesab edir ki, təkcə xarici siyasət doktrinasının hazırlanması ilə də işi başa çatmış hesab etmək olmaz. Bu doktrinadan daha səmərəli istifadə üçün Xarici İşlər Nazirliyində müasir tələblərə cavab verən strateji araşdırmalar mərkəzləri yaradılmalıdır.
Azərbaycanın hazırda 50-yə yaxın ölkədə səfirliyi fəaliyyət göstərir. Xarici İşlər Nazirliyində keçirilən toplantıda prezident İlham Əliyev qeyd edib ki, yaxın illərdə Azərbaycanın daha 20-yə qədər ölkədə səfirlikləri açılacaq.


Günün bütün mövzuları

XS
SM
MD
LG