Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 19:44

İran prezidenti Ərdəbilin abadlaşdırılması üçün vəsait ayrılacağını deyib


Əhmədinejad Ərdəbil vilayətindəki şəhərlərin acınacaqlı durumda olduğunu etiraf edib
Əhmədinejad Ərdəbil vilayətindəki şəhərlərin acınacaqlı durumda olduğunu etiraf edib

İran prezidenti Əhmədinejadın avqustun 15-də Ərdəbilə səfəri vilayətin iqtisadi qurumlarının rəhbərlərinin regiona sərmayə qoyuluşu ilə bağlı tənqidi fikirlərinə rəvac verib. İran Azərbaycanının tarixi şəhəri olan və azərbaycanlıların kompakt halda yaşadığı Ərdəbil əhalisinin orta illik gəliri gəliri ölkə üzrə müvafiq göstəricidən 44% az olduğu bildirilir. Ərdəbil vilayətinin Sərmayə Qoyuluşlarına Nəzarət qurumunun iclasında həmin qurumun sədri Məhəmmədbaqir Beheşti İranın və xüsusən də Ərdəbil vilayətinin geniş sərmayə imkanlarına malik olduğunu deyib, lakin əlavə edib ki, burada əhalinin yoxsul olmasına səbəb yanlış investisiya siyasətidir.


İnkişaf etmiş ölkələrdə iqtisadiyyatın 70%-nin xidmət sahəsində və 30%-nin sənayedə cəmləşdiyini deyən Beheşti qeyd edib ki, İran irəliləməsi üçün öz iqtisadiyyatını həmin ölkələrin modeli üzrə inkişaf etdirməlidir. Beheştinin sözlərinə görə, İran hökuməti dövlətin mülkiyyətində olan sənaye sahələrinin 80%-ni özəlləşdirmək niyyətini dəfələrlə bəyan edib. Halbuki, hazırda özəl sektorun belə böyük həcmdə iqtisadi imkanları idarə etmək qabiliyyəti yoxdur.


İclasda iştirak edən qonşu Şərqi Azərbaycan vilayətinin Sənaye İdarəetməsi qurumunun sədri Bilal Xeyravər bildirib ki, Ərdəbil vilayətinin iqtisadi çiçəklənməsi üçün bölgənin rəqabət qabiliyyətli sahələrini üzə çıxarmaq və sərmayədarlar üçün əlverişli şərait yaratmaq lazımdır.


Ərdəbilə səfəri zamanı bölgənin iqtisadi durumu ilə tanış olan Mahmud Əhmədinejad avqustun 16-da Ərdəbildə jurnalistlərlə söhbəti zamanı Milli yardım fondundan bölgəyə 300 milyon dollar həcmində aşağıfaizli kredit ayrılacağını vəd verib. Prezidentin sözlərinə görə, vəsait əsasən mədən sənayesi, istehsalat sahələri və kənd təsərrüfatına yönələcək.


Ərdəbil vilayətindəki şəhərlərin acınacaqlı durumda olduğunu etiraf edən İran prezidenti 10 milyon dollar həcmində vəsaitin də şəhərlərin abadlaşdırılması üçün ayrılacağını deyib. Bundan əlavə, Əhmədinejad Şah İsmayıl Xətainin sələfləri Şeyx Səfi və Şeyx Heydərin Ərdəbil və Mişkinşəhərdəki türbələrinin bərpası üçün 100 milyard rial (təqribən 10 milyon dollar) ayrılacağını bildirib.


Əhmədinejad İran prezidenti seçilməzdən əvvəl Tehranın meri və ondan da öncə Ərdəbil vilayətinin valisi vəzifəsində işləyib.


XS
SM
MD
LG