Keçid linkləri

2016, 10 Dekabr, şənbə, Bakı vaxtı 01:22

«Dünən traktor sürən bu gün taksi sürür…»


Avqust başa çatan kimi Bakıda taksilər üçün xüsusi dayanacaqların yaradılmasına başlanacaq, 17 Avqust 2006

Avqust başa çatan kimi Bakıda taksilər üçün xüsusi dayanacaqların yaradılmasına başlanacaq, 17 Avqust 2006

Hər gün Bakının küçələrində yüzlərlə taksi şütüyür. İsti yay günlərində kölgəliyə çəkilib müştəri gözləyənlər də az deyil. Bu dayanacaqları hələ ki, taksi sürücüləri özləri müəyyənləşdirirlər, müştəri birinə yaxınlaşanda isə onu daha əvvəl dayanan taksiyə yönəldirlər. Ancaq həmişə belə olmur, bəzən mübahisə də yaranır.


Nəqliyyat Nazirliyində deyirlər ki, avqust başa çatan kimi Bakıda taksilər üçün xüsusi dayanacaqların yaradılmasına başlanacaq. Nəqliyyat Nazirliyi sentyabra qədər dayanacaqları istifadəyə vermək istəyir. Nazirliyin katibliyinin rəhbəri Namiq Həsənovun sözlərinə görə, bu həm şəhərdəki tıxacların aradan qalxmasına kömək edəcək, həm də vətəndaş taksi xidmətindən daha rahat istifadə edəcək: «Əsasən həm əhalinin, həm də dayanacaqların sıx olduğu yerdə taksi meydançaları quraşdırılacaq. Cəfər Cabbarlı meydanı, Bakı Soveti, Elmlər Akademiyası, Kukla Teatrının yanı bu sıraya daxildir. 100-dən artıq belə meydança müəyyənləşdirilib».


Nəqliyyat Nazirliyi hazırda taksi sürücülüyü ilə məşğul olan şəxslərə fərqlənmə nişanları verməkdədir. Namiq Həsənov deyir ki, bu günə olan məlumata görə, 5000 nəfər sürücüyə belə fərqlənmə nişanı verilib. Fərqlənmə nişanı o deməkdir ki, şəxs taksi sürücüsü kimi fəaliyyət göstərə bilər.


Taksi sürücü Elxan Əliyev isə əlavə edir ki, həmin nişan üçün ayda 18 manat vergi ödəyir. Taksi sürücüsü kimi fəaliyyət göstərmək üçün isə 5 illik lisenziya alırlar. Bunun dəyəri də 110 manat manatdır: «Düzdür, işimiz asan iş deyil. Ancaq bu yaxşıdır. Hökumətin vergisini verib işləyirsən.


Taksi sürücüləri özləri də etiraf edirlər ki, onların arasında peşəkarlıq çox vaxt aşağı olur.


70-ci illərdən taksi sürücüsü işləyən Sabir Muradov deyir ki, əvvəllər taksi sürücü kimi işə götürüləndə adamdan müəyyən keyfiyyətlər tələb olunurmuş: «Qabaqkılar çox təcrübəliydi, hər adamı götürmürdülər, qabiliyyətinə davranışına baxırdılar. Dünən rayonda traktor sürüb, bu gün taksi sürür, belə olmaz axı. Taksiyə işə götürəndə adamın əmək kitabçasına baxırdılar, sürücülük dərəcəsi əsas idi. Belə şeylər vardı».


Onun dediklərini başqa bir sürücü Elxan da təsdiqləyir: «Burda bizdə bir sürücü var, əvvəl kolxoz sədri işləyib, indi də çığır-bağır salır ki, mənim bilirsiniz nə qədər işçim olub».


Taksi sürücüləri yeni qurulacaq dayanacaqlara da müsbət yanaşırlar. «Yaxşıdır, qayda-qanun olmalıdır də. Onda yol polis də deməyəcək ki, niyə burda dayanmısan? Taksometr də olsa, yaxşı olar, müştəriylə çənə-boğz olmarıq».


Əvvəllər Bakıda taksi xidmətləri də varmış. Sürücülər deyir ki, mobil telefonlar çıxandan sonra bu xidmətə ehtiyac qalmayıb. Deyilənə görə, xidmət indi də az-çox fəaliyyət göstərir. Mən bu xidməti çox axtardım, nəhayət telefonun tapıb zəng elədim, dedilər, biz çoxdan fəaliyyətimizi dayandırmışıq. Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov isə deyir ki, dayanacaqlar işə başlayandan sonra bu xidmət haqqında da, sürücülərin geyim forması, sayğaclar haqqında da düşünüləcək.


Günün bütün mövzuları

XS
SM
MD
LG