Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 23:37

«Ayna»: «Rəsul Quliyevin hərəkatı sentyabrda elan ediləcək»


«Ayna» qəzeti bu günkü sayında «Rəsul Quliyevin hərəkatı sentyabrda elan ediləcək» adlı məqalə dərc edib. Qəzet yazır ki, Milli Məclisin keçmiş sədrinin təklifi əsasında yaradılması nəzərdə tutulan Beynəlxalq Demokratik Hərəkat sentyabrın sonlarında rəsmən elan ediləcək. Xəbəri isə «Ayna» qəzetinə cənab Quliyevin tərəfdaşlarından olan Aydın Quliyev verib. Onun sözlərinə görə, son seçkilərdən sonra müxalifət düşərgəsi daxilində olan böhranı aradan qaldırmaq və iqtidarla müxalifət arasındakı ziddiyyətlərin həllinə nail olmaq yaradılacaq qurumun məqsədləri sırasına daxildir.


«Yeni Azərbaycan» qəzetindəki «Xarici şirkətlər sosial sığorta haqqı ödəməkdən yayınır» adlı məqalədə bildirilir ki, Azərbaycan hökuməti xarici dövlətlərdə yaşayıb işləyən azərbaycanlıların pensiya təminatının həll edilməsi üçün həmin ölkələrin sosial müdafiə orqanlarına müraciət edib. «İndiyədək bu dövlətlərin sosial müdafiə qurumlarına müvafiq sənədlər təqdim olunsa da, azərbaycanlıların pensiya təminatını nəzərdə tutan qanunvericiilk sənədləri təsdiqlənməyib. Dövlət Sosial Müdafiə Fondunun ekspertləri hazırda azərbaycanlıların çalışdığı ölkələrin hökumət nümayəndələri ilə danışıqlar apararaq, ikitərəfli pensiya mübadiləsi sisteminin tətbiqini reallaşdırmaq istəyir», - deyə qəzet yazır.


«Yeni Müsavat» qəzetində Bakıdakı mənzillərin qiymətlərinin bahalaşması haqqında məqalə dərc olunub. Yazı müəllifi Samirə Əhmədbəyli camaat arasında «ev bazarı» kimi tanınan yerlərə baş çəkəndən sonra belə qənaətə gəlib ki, bazarlarda qiymətlər hər həftə dəyişir. Bunu ona bazarlardakı ev dəllalları (maklerlər) deyib. Məqalə müəllifi yazır ki, maklerlərin sözlərinə görə, qiymətlər daha çox yeni tikilən mənzillərdə artır və bu artım az qala hər həftə baş verir. Məsələn, ötən həftə metronun «Nərimanov» stansiyasının yanında yeni tikilmiş bir binada mənzillərin 1 kvadratmetrini 600 dollara təklif edirdilər, bu həftə isə qiymət 650 dollar olub.


«Xalq Cəbhəsi» qəzetində NATO-Azərbaycan əlaqələri haqqında yazı dərc edilib. Millət vəkili, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Qüdrət Həsənquliyev qəzetə müsahibəsində Azərbaycanın NATO-ya üzv olub-olmamasıyla bağlı mövqeyini açıq bildirmədiyindən təəssüfünü bildirib: «Azərbaycan NATO ilə əməkdaşlıq edir, amma Ukrayna və Gürcüstandan fərqli olaraq bu barədə aydın mövqeyi yoxdur. Azərbaycan NATO-ya üzvlüklə bağlı mövqeyini nə qədər tez açıqlasa, dövlətin maraqlarına bir o qədər uyğun olar», - deyə cənab Həsənquliyev bildirib.


XS
SM
MD
LG