Keçid linkləri

2024, 19 Aprel, Cümə, Bakı vaxtı 20:00

«Bakı-Xəbər»: «Oktyabrda başlanan çevriliş şousu bir il də çəkmədi»


«Yeni Azərbaycan» qəzetində müəllif Elbrus Cəfərlinin «Çin və Qazaxıstan Qars-Axalkalaki-Bakı dəmiryolu layihəsinə qoşulmaq niyyətindədir» başlıqlı məqaləsində deyilir ki, ABŞ Konqresində Qars-Axalkalaki-Bakı dəmiryolu layihəsi ilə əlaqədar tərəddüdlər olsa da, bu layihənin reallaşması üçün Azərbaycan, Gürcüstan və Türkiyə hökumətlərinin iradəsi və potensialı bəs edir və layihəyə digər dövlətlər də maraq göstərir. Qəzet yazır ki, Çin bu layihəyə kifayət qədər maraq göstərir və tərəflər arasında tikinti işlərinə dair sazişin imzalanması gözlənilir. «Çin Xalq Respublikası hazırda danışıqları diqqətlə izləyir və hər üç ölkənin Nəqliyyat nazirlərinin iyul ayının sonunda Astanada keçirilmiş görüşündə müzakirə olunan məsələləri müdafiə etdiyini bəyan edib. Azərbaycanın Çindəki səfiri Yaşar Əliyev isə deyib ki, Astana görüşündə iştirak edən Çinin Nəqliyyat nazirinin müavini layihənin region üçün strateji əhəmiyyət kəsb etdiyini və təhlükəsizlik sisteminin möhkəmlənməsində xüsusi rola malik olmasını diqqətə çatdırıb».


«Bakı-Xəbər» qəzetində dərc olunan «Oktyabrda başlanan çevriliş şousu bir il də çəkmədi» adlı məqalədə göstərilir ki, ötən ilin oktyabrında hakimiyyətin yaratdığı çevriliş şousu və bi sıra yüksəkçinli məmurların həbsi ilə bağlı maraqlı vəziyyət yaranıb. Belə ki, şou elə hakimiyyətin özü tərəfindən də təkzib edilməkdədir. Qəzet yazır ki, artıq Fikrət Yusifovun üzərindən çevriliş ittihamı götürülüb, Natiq Əfəndiyevin günahı sübuta yetirilməyib, Fərhad Əliyev də çevriliş şousundan uzaqlaşdırılır: «Hakimiyyətin irəli sürdüyü ittihamlardan belə aydın olur ki, indi dövlət çevrilişində əsas günahkarlar Əli İnsanovla Akif Muradverdiyevdir, ancaq onların da üzərindən ittihamın götürüləcəyi istisna edilmir. Bununla da dövlət çevriliş ittihamının şoudan başqa bir şey olmadığı təsdiq olunur», - deyə «Bakı-Xəbər» yazır.


«525-ci qəzet» də Vüqar Orxanın «Türkiyənin Şimali İraqa qoşun yeritmək niyyəti ABŞ-ı hərəkətə gətirib» başlıqlı məqaləsi dərc edilib. Müəllif ABŞ Dövlət Departamentinin Kürd İşçi Partiyasının silahlı dəstələrini silahı yerə qoymağa və terror əməllərini dayandırmağa çağıran bəyanatına toxunub. «Amerikanın son gedişləri göstərir ik, Vaşinqton Türkiyənin Şimali İraqda əməliyyat keçirəcəyini ciddi qəbul edir», - deyə müəllif yazır.


«Şərq» qəzetində «Milli valyuta güclənir» adlı məqalə dərc olunub. İqtisadçı ekspert Zahid Məmmədov qəzetə müsahibəsində əhalidə manata inamın yarandığını bildirib. Azərbaycanda manatın denominasiyasından sonra milli valyutanın kursunun dollara nisbətdə daha güclü olduğunu deyən iqtisadçı hesab edir ki, milli valyutanın güclənməsi məsələsində Azərbaycan Rusiya modelindən istifadə edir. Cənab Məmmədov Azərbaycan manatının kursunun bundan sonra da dollara nisbətdə baha olacağını düşünür. «Amma bu, o demək deyil ki, bir qrup işbaz bundan istifadə edib qiymətləri qaldırsın. Dollar düşürsə, deməli, bazara xaricdən gətirilən malların qiyməti də ona paralel olaraq düşməlidir».


XS
SM
MD
LG