Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 01:16

Bakının mərkəzində… qazmada yaşayan köçkün ailələri


Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması deyəndə, əsasən çadır şəhərciklərinin ləğvi nəzərdə tutulur. Yataqxanalardan isə danışan yoxdur…
Köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması deyəndə, əsasən çadır şəhərciklərinin ləğvi nəzərdə tutulur. Yataqxanalardan isə danışan yoxdur…

Məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması deyəndə, əsasən çadır şəhərciklərinin ləğvi nəzərdə tutulur. Avqustun 15-də Bakıya gələcək BMT-nin Qaçqınlarla İş üzrə ali komissarı da çadırların ləğvi istiqamətində vəziyyətlə tanış olmaq istəyir. Amma lap elə paytaxtın mərkəzində köçkünlərin məskunlaşdığı yataqxanalardakı vəziyyəti yüngülləşdirmək sanki arxa planda qalıb.


...Koroğlu Rəhimov küçəsindəki yarıtikilinin zirzəmisindən içəri keçmək istəyəndə, bir az kənarda dayanmış qadın dedi ki, əyil keç, başın dəyər. İçəridə 3-4 uşaq oynayır, qadınlardan biri paltar yuyur, o biri isə yemək hazırlayırdı. Onlardan biri Nazilə Misirova deyir ki, burda ancaq qadınları görmək olar. Kişilər səhərdən çıxır, işi olan iş dalınca, olmayansa elə başını götürüb bu zirzəmidən qaçır: «Burda yaşayış bax belədir, kanalizasiya, havasızlıq, üstəlik də uşaq-böyük xəstədir. Mən orada yemək bişirirəm, ayaqyolu da oradadır. Pəncərə də yoxdur».


Bu qazmada işğal olunmuş müxtəlif rayonlardan 50-yə yaxın məcburi köçkün ailəsi yaşayır. Otaqların heç birində və dəhlizdə pəncərə yoxdur. Doqquzuncu sinfə keçən Xəyalə deyir ki, ən böyük arzusu tətildə harasa getmək idi. Ancaq istəyi bu yay da baş tutmayıb: «Yenə nəmişliyin içində qaldım».


Mətanət isə deyir ki, iki uşağı və həyat yoldaşı ilə burda yaşayır: «Qızım da, oğlum da burda doğulub. Qızım ikinci sinfə gedir. Kanalizasiya xətti burdan keçir. Neçə illərdir deyirlər, sizi köçürdəcəyik, ancaq söz olaraq qalır. Uşaqlar hamısı xəstədir».


Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Sənan Hüseynov isə deyir ki, ilk olaraq çadır şəhərciklərinin, daha sonra fin qəsəbələrinin köçürülməsi nəzərdə tutulub. Yataqxanalar haqqında isə bundan sonra düşünüləcək: «Yataqxanaların isə dam örtüyünün, kommunikasiya xətlərinin yeniləşdirilməsi nəzərdə tutulur».


Cənab Hüseynov Koroğlu Rəhimov küçəsindəki qazmada yaşayanların açıq havaya köçürülməsiylə bağlı deyir ki, planda bu yoxdur: «Konkret həmin yerlə bağlı yaxın vaxtlar üçün nəsə gözlənilmir».


Qazma sakinləri isə deyirlər ki, onlar da havası, pəncərəsi olan bir yerdə yaşamaq istəyirlər: «O qədər adam gəlir, xarici, yerli təşkilatlardan...Nə olsun, yerli təşkilatlar deyirlər ki, xaricilər gələndə deyin ki, biz torpağımızı istəyirik. Torpağı istəyirik, ancaq torpağa gedənə qədər bizə axı hava lazımdır».


Qazmanın sakinləri bu cür şəraitdə bir şeyin yaxşı olduğunu deyirlər - gecələr ağcaqanad olmur. İsti də olsa ağcaqanadsız yata bilirlər...


AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG