Keçid linkləri

2016, 09 Dekabr, Cümə, Bakı vaxtı 19:54

«Hər şeyi itirməyə hazıram, təki bu boyda xaosun içində həyamı, abrımı itirməyim»


Azərbaycanın əməkdar artisti Zülfiyyə Xanbabayeva «Tanınmışlar»ın qonağıdır, 11 Avqust 2006.

Azərbaycanın əməkdar artisti Zülfiyyə Xanbabayeva «Tanınmışlar»ın qonağıdır, 11 Avqust 2006.

«Tanınmışlar»ın budəfəki qonağı cavan nəslin nümayəndələrindəndir. Planla yaşamasa da özü üçün cızdığı plandan kənara çıxmağı xoşlamır. Payızda anadan olub. Elə böyük səhnəyə də onu payız fəsli daha dəqiq desək, 1988-ci ilin «Bakı payızı» gətirib. Onun uşaq vaxtı özü üçün qoşduğu nağıl çoxdan gerçəkləşib indi artıq mikrofonu daraqdan, səhnəsi isə nənəsinin sandıqüstü örtüyündən deyil. Diplomunda bəstəkar Tofiq Quliyevin imzasının olmasını özünə böyük şərəf sayır. Beləliklə, «Tanınmışlar»ın qonağı respublikanın əməkdar artisti Zülfiyyə Xanbabayevadır.


-Havalar isti keçir, istirahət edə bilirsinizmi?


-Havalar isti keçir amma mən yeni albom üzərində çalışıram. Bilmirəm nədənsə qışda həmişə iş zamanı soyuq suyun altına girirəm, yayda isə konsertlər verirəm. Bu nədən irəli gəlir? Əslində xasiyyətimdə belə bir tərslik yoxdur. Düzdür planla yaşamasam da işimi əvvəlcədən qurmağı bacarıram. Amma dincəlməyə də vaxt tapa bilirəm. Hər zaman deyirəm ki, bizim işimiz o qədər maraqlıdır ki, mən işlədikcə dincəlirəm. Ona görə də hardasa istirahətimlə işimi bir yerə salmışam.


-Sizin deməyinizdən bu nəticəyə gəlirik ki, bu sənətin özü bir növ istirahətdir, zövq almaqdır. Amma bir də görürük ki, tutaq ki, 20 il, 30 il səhnədə olmuş bir adam böyük hökmlə deyir ki, mən öz xalqıma xidmət etmişəm. Sizcə burada hansı məqam qabaqda durur: xalqa xidmət, yoxsa işlədiyin işdən zövq almaq?


-İndi «xalqım» sözü bizdə dəbdədir. 20-30 il fəaliyyət göstərmiş, bu qədər illəri arxada qoymuş bir adamın bəlkə də ixtiyarı var belə deməyə. Dünən səhnəyə çıxıb, bu gün «xalqımdan dəstək istəyirəm, xalqım mənə dəstək olsun» demək bu bir az böyük çıxır. Neçə illərdir səhnədəyəm və hər zaman müraciət edəndə demişəm «məni istəyənlər, mənim pərəstişkarlarım, məni sevənlər». «Xalqım» sözünü deməkdən hardasa ehtiyat eləmişəm.


-Səhv etmirəmsə, siz professional yaradıcılıqla «Bakı payızı» müsabiqəsindən başlamısınız…


-Bəli. Professional, böyük səhnədə çıxışım 1988-ci ildə keçirilmiş «Bakı payızı» müsabiqəsindən başlayıb. O vaxta valideynlərim çox narazı idilər. İstəmirdilər ki, mən ümumiyyətlə səhnəyə çıxım, efirdə görsənim. Yadımdadır, İncəsənət Universitetində oxuyurduq, divardan belə bir elan asılmışdı «Bakı payızı»na dəvət edirdilər. Mən Vaqif Gərayzadəyə müraciət etdim, yeni mahnı üzərində çalışdıq. Həmin mahnı «Səni xatırlayarkən» adlanırdı.


-Bəs səhnəyə gələrkən nələri itirdiniz?


-Mən deyərdim ki, mənim tapdıqlarım daha çoxdur. Mən hər şeyi itirməyə hazıram, təki bu boyda xaosun içində həyamı, abrımı itirməyim. Mən hiss edirəm ki, artıq tərbiyədən oluruq. Efir bir tərbiyədir, bir təbliğatdır. Çoxlu gənclər tanıyıram ki, özlərini hansısa müğənniyə, artistə, hansısa efirə çıxan bir insana bənzədirlər. Görürəm ki, o qutudan (televizoru nəzərdə tutur.red) yaxşı təbliğat getmir, yaxşı tərbiyə gəlmir. Ola bilər fikirləşərlər ki, Zülfiyyə Xanbabayeva bəlkə köhnə fikirlidir. Yox, bizdə sadəcə olaraq, çox üzr istəyirəm demokratiyanı həyasızlıqla səhv salıblar. Müasirlik başqa şeydir, əgər bunu müasirlik və demokratiya adlandırıb ağlına nə gəldi deyəsən, nə gəldi oxuyasan, onda qoy elə mən köhnə fikirli olum.


-Verilişimizin qonağı bir dəfə Zeynəb Xanlarova idi. O, dedi ki, indikilər sənət yox, özlərini göstərirlər. Siz geyim tərzinizə görə fərqlənirsiniz. Nədir bunu səbəbi?


-Məni qane edən bir çərçivə cızmışam özüm üçün və ondan kənara çıxmıram. Əgər bir qadın özünə estetik cəhətdən yaraşmayan açıq-saçıq geyinirsə bu onu pis görsədir. Küçəyə çıxanda bir qadın sənətindən asılı olmayaraq, sadəcə estetik cəhətdən baxımlı olmalıdır.


-Qadın hər halda tək olmamalıdır. Necə deyərlər söykənməli çiyini olmalıdır…


-Mən bircə onu deyə bilərəm ki, sevgisiz, məhəbbətsiz insanları anlaya bilmirəm.


-Uşağa münasibətiniz necədir. Hər halda qadın üçün uşaqla birgə yaşamaq maraqlıdır…


-Mən bu barədə bu vaxtacan fikirləşmirdim. İndi artıq başlamışam fikirləşməyə. Hər bir qadın istəyər ki, ana olsun. Amma görünür mən sənətə bir balaca daha çox diqqətimi yönəltdim. Buna görə də bu məsələlər arxa plana keçdi. Amma indi istəyirəm.


-Maraqlıdır ki, hansısa incəsənət adamı efirdən elan edir ki, mən kimisə tutduracağam. Doğurdanmı incəsənət adamı kimisə həbsə saldırmaq arzusunda ola bilər?


-Bu tendensiyanın qarşısını alan yoxdur deyə belə çıxışlarla rastlaşırıq. Əgər qarşısı alınmasa qorxuram ki, bundan da betər olar.


-Hər halda maddi tərəfdən probleminiz olmaz.


-Əlbəttə ki, sənətdə bəzi ideyalarımı həyata keçirməkdən ötrü bəzi maddi sıxıntılar var. Mən bu vaxta kimi sənətdə həyata keçirdiyim layihələrə xərclədiyim pulları toplasaydım, yəqin ki, indi bir ada almış olardım. Harda yaxşı maliyyə görəndə onu mən mütləq işimə sərf edirəm. Əgər sənətdə qala bilsəm, onda mənim maşınım yox, mahnılarım qala bilər.


-Zülfiyyə xanım, nə narahat edir sizi, istəyir fərdi, istəyir geniş mənada?


-Narahat edən çox şeylər var. O qədər özümə qapalı bir insanam ki, hərdən partlamaq istəyirəm. Mən öz problemlərimdən danışıb kövrələn insan deyiləm. Danışsam heç kim inanmaz ki, bu qədər alnı açıq, üzü ağ qadın hansı problemlərdən çıxıb. Ola bilər nə vaxtsa bu barədə danışım, ola bilər ki, heç zaman danışmayım… Elə zaman olur ki, insan axtarıram, oturum qarşısında hönkür-hönkür ağlayım və dərdimi danışım.


DİNLƏYİN!


XS
SM
MD
LG