Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 09:21

45 dərəcə istidə iş dayandırılır


Bəzi ekspertlər hesab edir ki, temperaturla bağlı hədd aşağı salınsa, bu, çoxlu sayda boşdayanmalara səbəb ola bilər
Bəzi ekspertlər hesab edir ki, temperaturla bağlı hədd aşağı salınsa, bu, çoxlu sayda boşdayanmalara səbəb ola bilər

İsti hava şəraitində əmək fəaliyyəti ilə bağlı ölkə qanunvericiliyi nə dərəcədə ədalətlidir? Bəzi ekspertlər qanunvericiliyin reallığa uyğun olmadığını deyir və normativ aktlara düzəlişlər edilməsini təklif edirlər.


«...Elə bir dəhşətli isti var idi ki...Evə gələndə gördüm halım özümdə deyil, özümü çox pis hiss edirdim. Həmin gecə də narahat yatdım». Hacıqabul-Kürdəmir yolunun tikintisində işləyən Zakir Səttarov dörd gün əvvəl başına gələnləri danışır. Deyir ki, Kürdəmir aran rayonu olduğu üçün hərarət tez-tez 40 dərəcədən yuxarı qalxır: «Bir tərəfdən, havanın, digər tərəfdən də asfaltın istisi…Yaxşı ki, yol qırağında kanal var, gedib əl-üzümüzü yuyur, kölgə tapıb otururuq».


1999-cu ildə qəbul edilən Əmək Məcəlləsinə görə, yalnız havanın temperaturu 45 dərəcəyə çatanda iş dayandırılmalı və ya işə fasilə verilməlidir. Amma qanunun bu norması yalnız açıq şəraitli iş yerlərində çalışanlara aiddir. O şəxslərə ki, onların iş yerini süni surətdə soyutmaq mümkün deyil. Məsələn, tikintidə işləyənlər, yol təmir edənlər, kuryerlər və sair. Amma kimsə qapalı şəraitdə çalışır, otağında da kondisioner işləyirsə, havanın temperaturu lap 50 dərəcəyə çatsa belə, iş dayandırılmır.


Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov deyir ki, temperaturun 45 dərəcəyə çatması Azərbaycanda çox nadir hallarda olur və bu, anormal hadisə sayılır. Onun fikrincə, Əmək Məcəlləsinə düzəliş edilməli, temperaturla bağlı yuxarı hədd aşağı salınmalı və göstərilməlidir ki, temperatur 40 dərəcəyə çatanda iş dayandırılmalıdır: «İndiyəcən Hidrometeoroloji Proqnozlar Bürosunun məlumatında temperaturun 45 dərəcə olacağı ilə bağlı proqnoz olmayıb».


Cənab Məmmədov deyir ki, sovet dövründə bu sahədə qanunvericilik daha yumşaq idi, iş 40 dərəcə temperaturda dayandırılmalı idi, amma onun sözlərinə görə, sovet hökuməti işdə dayanmalara yol verməmək üçün qəsdən hava məlumatlarında temperaturu aşağı göstərirdi.


Sahib Məmmədovun fikrincə, hakimiyyət orqanlarının belə bir istəyi indi də hiss olunur, amma onlar hava məlumatına müdaxilə etmək əvəzinə, qanuna qeyri-real bir rəqəm daxil ediblər. Çünki Əmək Məcəlləsinə görə, istiylə bağlı işin dayanması «işçinin təqsiri üzündən baş verməyən boşdayanma» sayılır və işçiyə həmin müddət üçün əmək haqqının hamısı da olmasa, üçdə ikisi verilməlidir.


Bəzi ekspertlərsə hesab edirlər ki, Azərbaycan isti ölkə sayılır və əgər temperaturla bağlı yuxarı hədd aşağı salınsa, bu, çoxlu sayda boşdayanmalara səbəb ola bilər. Onlar Azərbaycanda yaşayan insanların da soyuq ölkələrə nisbətən istilərə dözümlü olduğunu deyirlər.


Nazirlər Kabinetinin şöbə müdiri Oqtay Haqverdiyev isə bildirir ki, Əmək Məcəlləsindəki müddəalar elmi cəhətdən əsaslandırılıb və onu dəyişməyə ehtiyac yoxdur: «Qanun qəbul edilibsə, buna əməl etmək lazımdır. Vəssalam. Əgər kimsə bununla razı deyilsə, qanunvericilik təşəbbüsü ilə çıxış edə bilər. Əlbəttə ki, əgər belə bir səlahiyyəti varsa».


Vətəndaşların Əmək Hüquqlarını Müdafiəsi Liqasının rəhbəri Sahib Məmmədov isə bildirir ki, Azərbaycanda kəskin istilər zamanı vəziyyəti daha da gərginləşdirən odur ki, yerli icra hakimiyyətləri belə fövqəladə hallara hazırlıqlı deyil, istər dövlət, istərsə də özəl müəssisələrin heç də hamısında kondisionerlər yoxdur. Bu səbəbdən də onun fikrincə, vətəndaşlar kəskin istiləri daha ağır keçirirlər.


XS
SM
MD
LG