Keçid linkləri

2024, 29 Mart, Cümə, Bakı vaxtı 11:22

«Gün səhər»: «İşə salan...»


«Gün səhər» qəzetindəki «İşə salan...» başlıqlı yazıda müəllif (Fərəf Sabirqızı) şirin vədlər verən iş elanlarının arxasında hansı gerçəkliklərin dayandığını araşdırıb.


«Həyatını dəyişmək istəyirsən? Arzularının həyata keçməsini, necə, arzulayırsanmı? Onda tələs, bizə müraciət et! Yerlər məhduddur...»


Bu, nə lotereyanın, nə də hansısa oyunun reklamıdır. Sadəcə, iş elanlarıdır. Avtobus və marşrut taksilərin pəncərələrinə, küçələrdə divarlara yapışdırılan iş elanlarının əksəriyyətində bu cür vədlər tapmaq olar. Özü də nədənsə, belə elanlarda həmişə iş təklif edən qurum mütləq «nüfuzlu xarici şirkət» olur. Bəs bu şirin vədlərin arxasında nə dayanır?


Məsələni araşdırmaq üçün əsasən elan dərc edən bəzi qəzetləri izlədikdə, bir sıra maraqlı nüanslar ortaya çıxdı. Əvvəla, bir neçə gün monitorinq apardıqdan sonra ciddi və qeyri-ciddi iş təklif edənləri aydınlaşdırmaq mümkün oldu. Əgər elanda konkret ixtisaslar, peşə sahibləri və maaşlar göstərilirsə, deməli, burada həqiqətən də hansısa işçiyə ehtiyac var. Belə nömrələrə zəng edəndə, ciddi adamlarla konkret iş barəsində söhbət aparmaq mümkün oldu. Demə, qeyri-müəyyən, konkret iş adı göstərilməyən elanlar isə tamamilə ayrı aləm imiş. Araşdırma nəticəsində bəlli oldu ki, bu cür elanların arxasında vətəndaşları aldadan iri bir şəbəkə dayanır. Bəs hansı şəbəkə dayanır? Bunu «Gün səhər» qəzetinin bugünkü sayından oxuya bilərsiniz.


«Özəl banklar kapital ehtiyatlarını artırmasa bağlanacaq». Belə bir yazı «Yeni Azərbaycan» qəzetinin bugünkü sayında dərc olunub.


Belə bir tələbi kommersiya bankları qarşısında Milli Bank qoyub. Mərkəzi bankın tələblərinə əsasən, bank bazarında fəaliyyət göstərən bütün qurumlar öz nizamnamə kapitallarını 6.4 milyon manata (AZN) çatdırmalıdır. İlin sonuna kimi kommersiya bankları MB-nın qoyduğu normativləri yerinə yetirməlidir.


Gələn ildən isə bank bazarında kapitalizasiyanın yeni normativləri müəyyənləşəcək. Mərkəzi bank bu həddin ən azı 7 milyon manata çatmasını tövsiyə edir. Hazırda banklar üçün nəzərdə tutulan kapital fondunun həcmi təxminən 3.5-5 milyon manata bərabərdir. Yəni, özəl banklar 1 il ərzində öz nizamnamə kapitalını 1-1,5 milyon manat artırmalıdır.


Milli Bankın baş direktoru Rüfət Aslanlı bildirib ki, aparılan monitorinqlər zamanı bəzi özəl bankların müəyyən edilmiş tələblərə məhəl qoymadığı təsdiq olunub. Belə ki, 5 kommersiya bankı öz kapital ehtiyatlarını artırmaq barədə MB-nın tələblərini yerinə yetirməyib. R.Aslanlı hələlik, bu bankların adlarını açıqlamağa tələsmədiyini, mərkəzi bankın kollegiyasında bankların kapitallaşması ilə əlaqədar aparılacaq müzakirələrdən sonra konkret söz deməyin mümkünlüyünü xatırladıb. Özəl banklarla bağlı daha sonla nələr yazılıb? Bununla «Yeni Azərbaycan» qəzetinin bugünkü sayında ətraflı tanış olmaq olar.


«Dağlıq Qarabağda 69 xarici şirkət çalışır». Belə bir yazı «Bakı xəbər» qəzetinin bugünkü sayında dərc edilib.

Ermənilərin işğal altında saxladığı ərazilərdə indi dünyanın müxtəlif ölkələrinə məxsus 69 şirkət fəaliyyət göstərir. Hazırda Dağlıq Qarabağda və ətraf rayonlarda iş aparan şirkətlərin 19-u dağ-filiz mədənləri, 10-u kənd təsərrüfatı, 11-i turizm, 4-ü icarə, 19-u isə ayrı-ayrı sahələr üzrə fəaliyyət göstərir.


Bu şirkətlər hansı ölkələrə məxsusdur? Onlar işğal olunmuş ərazilərdə necə fəaliyyət göstərir? Rəsmi Bakı bu məsələ ilə bağlı hansı addımları atıb? Bütün bu məsələlər barədə ətraflı yazıyla «Bakı xəbər» qəzetinin bugünkü sayında tanış ola bilərsiniz.


«Mərkəz» qəzetindəki «50 faizlə yara sağalmaz» başlıqlı yazıda maliyyə naziri Samir Şərifovun minimum əməkhaqqının yaşayış minimumuna çatdırılması ilə bağlı araşdırmalar aparıldığı barədə dediklərinə toxunulur.


Maliyyə nazirinin dediyinə görə, hökumət bu işə bir çox dövlət qurumlarını, o cümlədən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini də cəlb edib. Açıqlamadan minimum əməkhaqqının gözlənilən dəyişiklikdən sonra 25-50 faiz civarında artırılacağı da bəlli olub.


Qiymətlərin günbəgün artdığı ərəfədə qəzet belə bir artımın yetərli olmadığını qeyd edir. Bəs yaşayış minimumunun nə qədər artırılması təklif olunur? Bu və digər suallara «Mərkəz» qəzetinin bugünkü sayında cavab tapmaq olar.


XS
SM
MD
LG