Keçid linkləri

logo-print
2016, 06 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:12

İstanbul Universitetində təhsil


İstanbul Universitetinin məzunu Çingiz Bayramovla söhbət, 7 avqust 2006

İstanbul Universitetinin məzunu Çingiz Bayramovla söhbət, 7 avqust 2006

«14-24» bu dəfə Türkiyənin İstanbul Universitetindən bəhs edir. İstanbul Universiteti Avropada fəaliyyətə başlayan ilk 10 universitetdən biridir. İlk dəfə 1453-cü ildə qapılarını tələbələrin üzünə açan təhsil ocağı hazırda nəinki Türkiyədə, elə Avropada da öncül ali məktəblərdən biri sayılır. İstanbul Universitetində istənilən ixtisas üzrə - tibb, hüquq, ədəbiyyat, iqtisadiyyat, mühəndislik, hətta meşəçilik, baytarlıq və başqa ixtisaslar üzrə də təhsil almaq olar. Universitetin 9 binasında 17 fakültə, idman kompleksi, kompyuter, türk dili və xarici dili mərkəzləri var. Hüquq, bank işi, informatika, insan hüquqları və başqa araşdırma mərkəzləri və laboratoriyalar da tələbələr üçün açıqdır.


İstanbul Universitetində 5 il təhsil almış Çingiz Bayramov deyir ki, bu ali məktəb özü başdan başa bir araşdırma mərkəzidir: «Universitet bir araşdırma mərkəzidir. Müəllim ancaq yol göstərir, ədəbiyyat verir. Qalan hər şey tələbənin öz öhdəsinə buraxılır. Tələbə özü özünü yetişdirməlidir. Özü araşdırma aparmalıdır».


Çingiz deyir ki, İstanbul Universitetində tələbənin asudə vaxtını keçirməsi üçün də bir çox klublar fəaliyyət göstərir: «Orda ideoloji düşüncələrin mübarizə apardığı mərkəzlər var. Tələbələr sağ, sol, liberal, demokrat və başqa qollara bölünüblər. Bundan başqa diskussiyalar, gəzintilər, idman yarışları təşkil olunur».


İstanbul Universitetində tədris ödənişli deyil. Tələbələrdən yalnız qeydiyyat pulu, yəni hər semestr üçün 150-200 ABŞ dolları alınır. Bu ali məktəbdə fərdi yolla təhsil almaq istəyən azərbaycanlı tələbələr Bakıda, Türkiyə səfirliyinin nəzarəti altında imtahan verirlər. Test üsulu ilə olan imtahanda tələbənin əsasən məntiqi və riyazi biliyi yoxlanır, bundan başqa fizika, kimya, biologiya, coğrafiya və tarixə dair də suallar verilir. Magistr pilləsi üzrə imtahan isə artıq universitetin özündə götürülür və suallar sırf ixtisasla bağlı olur».


Tələbələr İstanbul Universitetində həm də dövlət xətti ilə, yəni xərc çəkmədən də oxuya bilərlər. Tələbə Qəbulu üzrə Dövlət Komissiyası hər il Türkiyənin bir neçə universitetinə, o cümlədən İstanbul Universitetinə tələbə qəbulu keçirir. Həm bakalavr, həm də magistr pilləsi üzrə test üsulu ilə keçirilən imtahandan müvəffəqiyyətlə keçən tələbələrin bütün təhsil xərclərini Türkiyə cümhuriyyəti ödəyir. Çingiz Bayramov deyir ki, İstanbul universitetində təhsil alan tələbələr həm də təqaüd ala bilərlər: «Əsas universitetə daxil olmaqdır, maddi tərəfini həll etmək problem deyil. Orda təhsil aldığın müddətdə işləyə də bilərsən. Əgər işləmək istəmirsənsə İstanbul bələdiyyəsinə təqaüd üçün müraciət edə bilərsən».


DİNLƏYİN!


XS
SM
MD
LG