Keçid linkləri

2024, 11 May, şənbə, Bakı vaxtı 03:10

«Mərkəz»: «Azərbaycanda turistlərə bir karvansara göstərirlər, bir də kabab verirlər...»


«Yeni Azərbaycan» qəzeti yazır ki, Ermənistan Azərbaycanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) daxil olmasına mane ola bilməz. Bu barədə Xarici İşlər nazirinin müavini Mahmud Məmmədquliyev bildirib. Cənab Məmmədquliyev deyib ki, Ermənistan ÜTT katibliyi qarşısında Azərbaycanın quruma daxil olmasına mane olmayacağına dair öhdəlik götürüb. Onun bildirdiyinə görə, Azərbaycan ilin sonuna kimi təşkilata üzv ölkələrin suallarını cavablandıracaq. Nazir müavini deyib ki, indiki mərhələdə Azərbaycan üçün mühüm əhəmiyyət daşıyan bir sıra sənədlərin hazırlanmasının ilin sonuna kimi başa çatdırılması vacibdir. Həmin sənədlər tam hazır olduqdan sonra ÜTT ilə danışıqların növbəti raundunun keçirilməsi baş tutacaq.


«525-ci qəzet»ə müsahibəsində Türkiyənin keçmiş Xarici İşlər naziri Yaşar Yakış deyib ki, Minsk Qrupu emosiyaları soyutmaq, dünya ictimaiyyətinin diqqətini Qarabağ problemindən yayındırmaq funksiyasını icra edir. Cənab Yakışa görə, beynəlxalq ictimaiyyət Ermənistana lazımi təzyiq və reaksiya göstərmir: «Əgər beynəlxalq ictimaiyyət başqa ölkələrə göstərdiyi təzyiqin cüzi bir hissəsini Ermənistana göstərsə, onların öz mövqeyindən geri çəkiləcəyini düşünürəm. Ermənistanın Qərbdə, xüsusilə də ABŞ və Fransada güclü lobbisi var. Amma Azərbaycan iqtisadi baxımdan getdikcə qüdrətlənir. Bu işlər bu gün həll edilməsə də, sabah necə həll olunacağını hər kəs asanlıqla gözünün önünə gətirə bilər».


«Turan» İnformasiya Agentliyinin direktoru Mehman Əliyev «Yeni Müsavat» qəzetinə müsahibəsində deyib ki, «Monitor» jurnalının baş redaktoru Elmar Hüseynovun sabiq polis zabiti Hacı Məmmədov tərəfindən öldürülməsi versiyası inandırıcı görünə bilər. O zaman Beynəlxalq Bankın rəhbəri Cahangir Hacıyevin həyat yoldaşının oğurlanması barədə məlumatlar yayılmışdı. Belə bir məqamda jurnalistləri öldürmək və hamının diqqətini adam oğurluğu faktından yayındırmaq üçün bu plan həyata keçirilməyə başlayıb. «Azadlıq» qəzetinin baş redaktoru Qənimət Zahidi öldürmək planı da olub.


«Mərkəz» qəzeti yazır ki, Azərbaycanın turizm potensialından yetərincə istifadə olunmur. Ölkədə 20-yə yaxın təbii qoruq, 20 yasaqlıq, 7 dənizsahili istirahət zonası mövcuddur. Azərbaycan qoruqların sayına görə, hətta dünyada birinci yeri tutur. Amma indiyə kimi, ölkədə turizm sahəsinin inkişaf etdirilməsi məqsədilə bir neçə sənəd qəbul olunsa da, hələlik turizm potensialından yetərincə istifadə etmək mümkün deyil. Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayevin təbirincə deyilsə, Azərbaycanda turistlərə bir karvansara göstərirlər, bir də kabab verirlər. Vəssəlam-şüttəmam. Nəticədə də hər il milyonlarla vəsait əldən çıxır.


«Şərq» qəzeti yazır ki, temperatur 45 dərəcəyə çatanda idarə və müəssisələrdə işin dayandırılması ilə bağlı norma dəyişdirilməlidir. Qəzetə müsahibə verən Və­tən­daş­la­rın Əmək Hü­quq­la­rını Müdafiə Li­qa­sı­nın səd­ri Sa­hib Məm­mə­do­v deyir ki, qanuna görə, tem­pe­ra­tur 45 də­rə­cə­ni keç­dik­də sü­ni şə­kil­də sə­rin­ləş­di­ril­mə­si müm­kün ol­ma­yan yer­lər­də, açıq ha­va şə­rai­tin­də ya işə fa­si­lə­lər ve­ril­mə­li­dir, ya da da­yan­dı­rıl­ma­lı­dır. Cənab Məm­mə­do­vun söz­lə­ri­nə gö­rə, Azər­bay­can əra­zi­sin­də tem­pe­ra­tur nor­ma­sı­nın 45 də­rə­cə mü­əy­yən­ləş­di­ril­mə­si düz­gün de­yil. So­vet döv­rün­də bu gös­tə­ri­ci­nin 40 də­rə­cə mü­əy­yən­ləş­di­ril­di­yi­ni xa­tır­la­dan hü­quq mü­da­fiə­çi­si həm­çi­nin de­yib ki, Azər­bay­can əra­zi­sin­də tem­pe­ra­tur gös­tə­ri­ci­si­nin müs­bət 45 də­rə­cə­ni öt­mə­si mü­şa­hi­də olun­ma­yıb.


XS
SM
MD
LG