«Bakı-Xəbər» qəzetindəki «Moskvadan Azərbaycana iqtisadi zərbə...» başlıqlı məqalədə müəllif yazır ki, Cənubi Qafqaz və Orta Asiyada gedən enerji rəqabətində Rusiya öz mövqelərini gücləndirmək məqsədilə bir sıra konkret addımlar atmaq qərarına gəlib. Söhbət Moskvanın Qazaxıstan və Türkmənistan neftinin dəmiryolu ilə Qara dəniz sahilinə Rusiya ərazisindən həyata keçirilən daşınmasına görə tarif qiymətlərini iki dəfə azaltmasından gedir. Qeyd olunur ki, Rusiya ərazisindən keçən dəmiryolu Azərbaycandan keçməklə, Gürcüstan limanlarına neft məhsulları aparan dəmiryol marşrutunun əsas rəqibi hesab olunur. Rusiya Nəqliyyat Nazirliyinin apardığı hesablamalara görə, tariflərin aşağı salınması, ilkin olaraq neft daşınmasını 2,5 milyon tona qədər artıracaq. Bununla yanaşı, Moskva dəmiryolu ilə neft daşınmasında bu cür şərait yaratmaqla, Avropanı Qafqaz vasitəsilə Asiyaya biləşdirən TRASEKA nəqliyyat dəhlizi layihəsilə rəqabətə girdiyini də etiraf edir.
«525-ci qəzet»in əməkdaşının həmsöhbəti özünün dediyi kimi, 3 ilə yaxındır ki, çek hərraclarında iştirak etməyə çalışan, ixtisasca iqtisadçı Şahin Əlizadə öz təcrübəsinə arxalanıb, Azərbaycanın özəlləşdirmə prosesindəki nüansları açıqlayır. İqtisadçını narahat edən başlıca məsələ qanunvericilikdə nəzərdə tutulmadığı halda, istər əvvəllər, istərsə də son zamanlar keçirilən hərraclar zamanı vətəndaşlara qarşı bir sıra məhdudiyyətlərin tətbiq edilməsidir. Cənab Əlizadə iddia edir ki, çek hərraclarında qanun pozuntularına yol verilir. Sadəcə, vətəndaşların əksəriyyəti hərraclardakı qaydalarla yaxından tanış deyil. Ona görə də, proses zamanı qanun pozuntuları olduqda vətəndaşlar nə etməli olduqlarını bilmirlər. Eyni zamanda, vətəndaşların əksəriyyətinin hərrac zamanı qanun pozuntuları olduqda hara müraciət edəcəkləri ilə bağlı məlumatı yoxdur. Onların böyük əksəriyyəti başa düşmür ki, hansısa bir nöqsan aşkarlandıqda Çek Hərracı Komissiyasına müraciət etməlidirlər. Digər tərəfdən, vətəndaşların əksəriyyətinin məhkəmələrə müraciət etmək, vəkil tutmaq imkanı da var.
Azərbaycan qanunvericiliyinə görə, kommersiya müəssisələrinin qeydiyyatı ilə bağlı müraciətlərə 5, qeyri-kommersiya təşkilatlarının qeydiyyatı ilə bağlı müraciətlərə isə, 40 iş günü müddətində cavab verilməlidir. Qeyri-kommersiya təşkilatının qeydiyyat müddəti daha 30 iş günü uzadıla bilər. Ölkədə qeydiyyatla bağlı müraciətlərin müddəti qısaldılmalıdırmı, hüquqi şəxslərin qeydiyyatına ayrılan müddətin azaldılmasının zamanı çatmayıbmı? «Xalq Cəbhəsi» qəzetinin əməkdaşı bu suallara cavab tapmağa çalışıb. Müəlliflə söhbətində hüquqşünas Hücrəddin Hacıbalayev deyib ki, istənilən halda hüquqi şəxs kimi qeydiyyatdan keçmə ilə bağlı vaxtın azaldılması məqsədəuyğundur. Media Hüquqları İnstitutunun direktoru Rəşid Hacılı isə deyir ki, qeydiyyatdan keçmək üçün təqdim olunmuş sənədlərin baxılması müddəti nə qədər az olsa, bir o qədər yaxşıdır: «Bu, biznes qurumlarının, eyni zamanda, hüquqi şəxs kimi qeydiyyata düşmək istəyənlərin işini xeyli asanlaşdırar. Bu müddət nə qədər uzundursa, bu, bir o qədər də vaxt, pul, enerji və s. itkisi deməkdir. Amma Azərbaycanda hüquqi şəxslərin sənədlərinə baxılmasına və qeydiyyatdan keçirilməsinə ayrılmış müddət normal deyil»,- deyə cənab Hacılı vurğulayıb.
«Mərkəz» qəzeti yazır ki, SSRİ dağılandan sonra şagirdlər məktəbli formasına «əlvida» desələr də, deyəsən, bu ildən əksər məktəblər köhnə ənənəni bərpa etmək niyyətinə düşüb. Valideynlər bir məktəbdə oxuyan uşaqların eyni geyimdə olması üçün orijinal üsullar da fikirləşib tapıblar. Məsələn, Suraxanı rayonunun əksər məktəblərində oxuyan uşaqların valideynləri qərara alıblar ki, övladlarına eyni mağazadan, eyni məktəbli paltarı alsınlar. Bu məqsədlə sinif uşaqlarının valideynləri bir araya gəlib, ticarət mərkəzlərinə, mağazalara yollanıblar. Bakıdakı 160 saylı məktəbin direktoru Faina Ələkbərova isə deyir ki, forma məsələsində Təhsil Hazirliyi onlara dəstək vermədiyindən, bütün şagirdləri məktəbə bir geyimdə gəlməyə məcbur edə bilmirlər. Nazir Misir Mərdanov isə belə hesab edir ki, bu məsələdə qərarı valideynlər və məktəb verməlidir.