Keçid linkləri

2016, 11 Dekabr, bazar, Bakı vaxtı 16:03

Hər il Rusiya muzeylərindən 50, 100 ədəd əsər oğurlanır


Ermitajda oğurluqda təqsirli bilinən 2 nəfər həbs olunub

Ermitajda oğurluqda təqsirli bilinən 2 nəfər həbs olunub

Dünyanın ən zəngin kolleksiyalarından birinə sahib olan Ermitajda, keçən həftə oğurluq aşkarlandı. İndi isə Moskvanın Ədəbiyyat və Mədəniyyət Muzeyində analoji hal qeydə alınıb. Hər iki oğurluqda isə, muzey işçiləri təqsirli bilinir.


Rusiya muzeylərində aparılan növbəti yoxlama zamanı, Sankt-Peterburq və Moskva muzeylərindən 6,3 milyon dollar dəyərində, təqribən beş yüz əsərin oğurlandığı müəyyən olunub.


Artıq Ermitajda oğurluqda təqsirli bilinən 2 nəfər həbs olunub. Bunlar, muzey fondunun vəfat edən işçilərindən birinin həyat yoldaşı, oğlu və əntiq əşya alverçisidir.


Ermitajın direktoru Mixail Piotrovskiy baş verən oğurluq hadisəsini muzey ictimaiyyətinə arxadan vurulan zərbə kimi qiymətləndirib. O, muzey işçilərinin müqəddəs olduqları haqda fikirlərin də artıq keçmişdə qaldığını deyib: «İndi yaşadığımız cəmiyyət mənəvi dəyərləri itirib, yalnız pul mühüm rol oynayır» deyən cənab Piotrovski, baş verənlərdə muzey işçilərinin əmək haqlarının aşağı olmasının, eyni zamanda təhlükəsizlik sisteminin zəif olduğunu deyib.


Lakin, Rus Mədəni Abidələrinin Qorunması Xidmətinin direktoru, Boris Boyarskov deyib ki, hər il Rusiya muzeylərindən 50, 100 ədəd əsər oğurlanır və bunların əksəriyyəti isə daxildən gəlir. «Ermitajdakı maddi və mədəni irsə münasibətdə, uzun illərdir problem mövcuddur. Hətta 1993-cü ildə Mədəniyyət Nazirliyi ilə birgə keçirtdiyimiz inventarlaşdırma zamanı bu kimi çatışmazlıqlar var idi. Bizim sonrakı təhlillərimiz də Ermitajda aparılan qeydiyyatların çox qarışıq olduğunu üzə çıxartdı».


Sovet dönəmindən sonra Rusiya muzeylərində aparılan siyahıyaalma zamanı 50 milyon əsərin, yalnız dörddə bir hissəsi yoxlanıb və cüzi bir hissəsi isə elektron kataloqda qeydiyyatdan keçib.


Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin nəzdində fəaliyyət göstərən Muzey İşi Sektorunun direktoru, Azadə Hüseynova isə deyir ki, Ermitajdan fərqli olaraq, bizdə inventarlaşma ildə iki dəfə və əyani şəkildə keçirilir. «Bu o deməkdir ki, əgər hər hansı bir əşyadan söhbət gedirsə, bu əşyaya baxılmalı, onun mühafizə vəziyyəti dəqiqləşdirilməli və yazılı surətdə onun vəziyyəti izah olunmalıdır».


Nazirlikdən «Azadlıq» radiosuna verilən məlumata görə, son 13 ildə tabelikdə olan 170 muzeyin heç birində oğurluq faktı qeydə alınmayıb. Nazirliyin fikrincə, Azərbaycan muzey işçiləri artıq öz etimadlarını doğruldub və onlara ölkənin mədəni tarixinin mühafizəsini etibar etmək olar.


Günün bütün mövzuları

XS
SM
MD
LG